Son günlər ölkənin futbol gündəmini zəbt edən mövzulardan biri də Andrey Lunyovun meneceri Anton Smirnovun qeyri-adi açıqlamalarıdı.
Xatırladaq ki, menecer qolkiperin yeni müqavilə üçün “Qarabağ”dan əvvəlki maaşının (200 min dollar – red.) üçqat artığını tələb etməsiylə bağlı bilginin mətbuata sızdırılmasından narazıdı. Görünür, menecer gizli saxlanılmalı olan detalların üzə çıxmasından hiddətlənib:
“Qarabağ” belə davranışını davam etdirsə və bu mövsüm klubun uğurunda ciddi əməyi olan futbolçusu ilə danışıqlar prosesinin nüanslarını açıqlayaraq, mətbuat vasitəsilə təzyiq göstərsə, onun karyerasını başqa klubda davam etdirmək variantlarını ciddi şəkildə nəzərdən keçirəcəyik”.
“Qarabağ” da məsələylə bağlı mövqeyini açıqlayıb. Bilidirilib ki, nə rəqəmlər reallığı əks etdirir, nə də mətbuata məlumat ötürülüb. Qurban Qurbanov isə Lunyovla bağlı ciddi problem olmadığını dilə gətirib.
Belədə bir neçə sualla üzləşirik. Rəqəmlər doğru deyilsə, Smirnov məlumatı dezinformasiya kimi qiymətləndirməli olduğu halda, niyə klubu müqavilənin detallarını açıqlamaqda suçlayır? Rəqəmlər gerçəkdisə, menecerin müəyyən fikirləriylə razılaşmaq mümkündü. Onun səhvi isə bu üzdən “Qarabağ”ı təhdid etmək, Lunyovun mümkün gedişiylə qorxutmaqdı.
“Bayer-04”ün ehtiyat oyunçular skamyasını isidən qolkiper bu gün hansısa klubdan ciddi təklif alırsa, Rusiya millisinin heyətinə çağrılırsa, burda “Qarabağ”ın rolu böyükdü ki, bunu da heç kim dana bilməz. Ümumiyyətlə, təhdid diliylə danışmaq, hissləri cilovlaya bilməmək qeyri-peşəkarlıq əlamətidi. Odu ki, Lunyov menecerini dəyişsə, yaxşıdı!
“Qarabağ”dan da bəhs edək. Mətbuata müqavilə şərtlərinin gizli qalmalı olan detallarını sızdırmaq, əlbəttə, etik cəhətdən düzgün deyil. Belədə Ağdam təmsilçisini qınamağa dəyər. Belə hadisə yaşanmayıbsa və Smirnov, sadəcə, blef edirsə, onda daha fərqli davranmaq lazımdı. Hər halda, “köhlən atlar”ın Lunyovu əvəzləyəcək qapıçı tapması çətin olmayacaq. “Abbasqulu bəyin nazıyla çox oynamağa” dəyməz!
KƏNAN BAHADIR