Belə görünür ki, ölkə futbolunda ehtiraslar yenidən gərginləşib. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var.
Çoxlu inqilab və qiyam cəhdlərinə şahidlik etmiş adam kimi şəxsən mənim üçün bütün bu proseslərdə yeni heç nə yoxdu. Özü də bizim futbolda hamının gördüyü, bəzən də gizli saxlanılan, təsadüfən üzə çıxan qiyam cəhdləri olub. Son nəticədə AFFA-nın mərhum prezidenti Fuad Musayevin vəzifədən getməsi ilə nəticələnən, uzun çəkən, təşkilatçıların zəhmətkeş kütlələrin xidmətindən də yararlandığı, Füzuli meydanının tarixdə ilk və sonuncu dəfə futbol mövzusunda pankartlar gördüyü etiraz aksiyalarını kim xatırlamır ki?!
O prosesin bəzi iştirakçıları indi haqq dünyasındadı, ruhlarını incitmək istəmirəm. Və ya 2005-in payızında nüvəsində “İnter”in, Anatoli Konkovla Alı Alıyevin dayandığı, “Abşeron” otelində klubların bir araya gəldiyi, mərhum Ramiz Mirzəyevin dönəmində yaşanan qiyamı xatırlamaq olar. O qiyamlara baxanda klubların indi Klublar Komitəsinin iclası adı altında ölkənin futbol rəhbərliyinə “meydan oxumaq” cəhdi mədəni inqilaba bənzəyir. Doğrudan da, düşünən kəsim üçün maraqlıdı: bu ölkənin futbolunda nə baş verir ki, klublar yenidən üsyan bayrağı açıb, həm də bu dəfə məkan kimi Bakı Olimpiya Stadionu seçilib. İclas-görüşün formatından, şəkillərdən belə görünür ki, texnologiyanın ən son yeniliklərindən də istifadə olunub.
Sirr deyil ki, indi ölkə futboluna rəhbərliyin perspektivi ilə bağlı qeyri-müəyyənlik var. AFFA prezidenti Rövnəq Abdullayevin martda keçirilməsi gözlənilən hesabat-seçki konfransında postunu qoruyacağı hələ dəqiqləşməyib deyə, onun yerinə göz dikənlər var. Digər tərəfdən, PFL prezidenti Elxan Səmədov da hazırda ölkə xaricində müalicə alır və birbaşa rəhbərliklə məşğul ola bilmir. Belədə mərkəzdənqaçma meyillərinin güclənməsi təbiidi.
Hə, klublar bəzi məsələlərdən narazıdı. Bildiyimə görə, ilk növbədə qış fasiləsindən sonrakı ilk iki turda qeydə alınan hakim səhvlərindən. Nədənsə klublar hər kəsə və hamıya münasibətdə yaşanan hakim səhvlərində qərəz izləri axtarır, Barış Şimşəyi məcbur edirlər ki, hər qərara izahat versin. Türkiyə hakimlik məktəbinin “şinelindən çıxan” Barış bəy üçün belə təzyiq gözlənilməz olmasa da, heç bir rəsmi qərar olmadan klublara oyun vaxtı hakimlər arasında gedən danışıqlara oyundan sonra qulaq asmağa icazə verilməsi nə deməkdi? Doğrudanmı, Şimşək ilin-günün bu çağında klublara futbol qaydalarını izah etməlidi? Klubların adi səhvləri “nəticəyə təsir edən səhv” kimi qələmə verib futbol rəhbərliyinin üzərinə hücum çəkməsinin arxasında hansı gizli niyyət dayanıb? İndidən futbol hakimiyyəti uğrunda mübarizə başlayıb?
İclasda ən çox müzakirə olunan məsələlərdən biri də legioner limitinin dəyişdirilməsi ehtimalıdı. Hər imkanda keyfiyyətli yerli futbolçu tapmağın çətinliyini aləmə car çəkən, fəryad edən klublar indiki “7+4” limitindən narazıdı, “8+3” variantına keçilməsini istəyir. İclasa qatılan rəsmilər hər nə qədər gizlətməyə çalışsalar da, müzakirə zamanı bu yöndə fikirlər haçalanıb. Bu iki varintın tərəfdarları arasında səslər bölünüb. Şəxsən mənim üçün belə məsələnin müzakirəyə çıxarılması belə absurddu. Əlbəttə, klub maraqları baxımından “8+3” asan yoldu. Dünyanın hər tərəfindən sınıq-salxaq legionerləri gətirib yığırsan heyətə, olur komanda, avrokubokların ilk mərhələsində də burnunun üstünə bir şapalaq çəkib vətənə göndərirlər. Əcnəbilərin sayını artırmağı təklif edən klublara bir sualım olacaq: yaxşı, bəs onda sizim adakemiyalar nə üçün çalışır və kimi yetişdirir? Rəqabətədavamlı futbolçu yetişdirə bilmirsizsə, o boyda personalı niyə saxlayırsız? Hələ bu məsələnin daha ağrılı tərəfi var. Sirr deyilsə, ölkənin əsas və U-21 yığmaları hansı futbolçulardan formalaşacaq? Əlbəttə, aydındı, istəyirsiz ki, yığmalar uğursuzluğa düçar olsun, siz də futbol ictimaiyyətinin bütün başqa nümayəndələrinə qoşulub, yığmanın çalışdırıcısının cəmdəyinə döşəyəsiz. Yığmanın çalışdırıcısını tənqid etmək çox asandı axı!
Nə gizlədim, bu görüş-iclasda müzakirə olunun məsələlərin mövzusu, ümumiyyətlə, söhbətin axarı qətiyyən xoşuma gəlmədi. Açıq-aydın görünür ki, bəzi klublar AFFA və PFL rəhbərliyi ilə ultimatum tonunda danışır. Proseslər yeni futbol inqilabı səviyyəsinə yüksəlməsə də, ölkə futbolunun gələcəyi baxımından yaxşı heç nə vəd etmir. Xüsusən də “Qarabağ”dan başqa bu gün Avropaya təqdim etməyə heç bir brendi olmayan ölkənin futbolunun!
HUŞƏNG