Sabah Konfrans Liqasında ölkəmizi təmsil edəcək “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib.
O jurnalistlərin suallarını cavablandırıb. sizi ilk olaraq 44 yaşlı çalışdırıcının fikirləri ilə tanış edirik.
- Bizi "Torpedo"ya qarşı olduqca önəmli oyun gözləyir. Qısa müddətdə hazırlığımızı tamamlayıb, istəyirik ki, sabah oyunda ən azı əlverişli nəticə əldə edib, səfər oyununa üstün yollanaq. Başa düşürük, qarşımızdakı rəqib təcrübəlidi. 3-4 ildi avrokuboklarda çıxış edirlər. Bilirik ki, istər azarkeşlərin, istər futbolçuların, rəhbərliyin kökləndikləri yarışlardan biri də avrokuboklardı. Bizim üçün də çox vacib oyun olacaq. Hazırlaşmaq üçün az vaxt oldu. Seleksiyanı tamamlaya bilmədik. Buna baxmayaraq, komandamız təcrübəlidi və xarakterlidi. Sabah sadaladığım keyfiyyətlərə çox ehtiyacımız olacaq. İnamlı oynamaq istəyirik. Qarşımızda təcrübəli və çox yaxşı komanda var.
- Kleyton sıradan çıxıb. Onun durumu nə yerdədi? Son illərdə "Zirə"də zədə kabusu var.
- Zədə futbolun ayrılmaz hissəsidi. Digər komandalarda da, dünya futbolunda da bu hadisələri görürük. Sadəcə bizdə tez-tez və uzunmüddətli zədələr olur. Qismətimizdə belədi. Çalışırıq ki, buna uyğunlaşaq. Çox çətindi. Hansısa həmlə etməyə vaxt çox az olur. Maykonu böyük ümidlərlə transfer etmişdik. Onunla söhbət etmişdim ki, bütün oyunlarda forma şansı olmayacaq. Bizdə Aydın kimi təcrübəli də var. Hər ikisinin şans alacağını bildirmişdim. Maykonun zədələnməsi bizi üzür. Amma Aydın kimi qapıçımız var.
- Komandada gürcü oyunçular var. Onlarla "Torpedo" haqda düşünmüsüz? Həmyerlilərinə qarşı oynamaq necə motivasiya verir?
- Demək olar ki, ciddi məsələləri müzakirə etməmişik. Şəhər, stadion, azarkeşlər barədə müzakirələr etmişik. Torpedonun oyununda köməkçi məşqçilərim iştirak edib. Rəqibi də tanıyırıq. Omoniya ilə də qarşılaşmışdılar. Bu il də bir çox oyunlarını izləmişik. Çempionatları davam edir. Volkov və Papunaşvili haqqında danışmağa ehtiyac yoxdu. Bunu qeyri-etik hesab edirəm. Onlar da gürcüdülər, yerli komandalarıdı. Onları xüsusi motivasiya etmirəm. Özüm onları adi oyun kimi hazırlayıram. Həmişə olduğu Volkov, həmişəki kimi Papunaşvilidi.
- İlk dəfədi avrokuboklara bu cür çətin dövrdə hazırlaşdız?
- Altıncı ildi ki “Zirə"dəyəm. Avrokuboklarda 4-cü dəfə çıxış edəcəyik. Ən çətin dövr oldu. Finalda məğlub olduqdan sonra, sona iki tur qalanda avrokuboklara getmədiyimiz bəlli olanda, rəhbərliklə görüşümüz oldu. Komandada dəyişikliklər etmək, uzunmüddətli plan cızmaq istədik. Bir çox oyunçularla yollarımızı ayırdıq. Bu məsələ qalxdıqdan sonra məcbur olduq ki, olduğumuz nöqtədən davam edək. Rəhbərliklə görüşümüz oldu ki, tələsik seleksiya etməyək. Bundan sonra 5-6 transfer edək. Sabahkı oyuna qədər də çata bilərdik. Cəmi 1-2 oyunçu gətirə bilərdik. Bu məqamları futbolçularla danışmışıq. Rəqibin çıxış etdiyi liqanın da reqlamenti fərqlidi. 16 günlük fasiləyə gediblər. Onlar öz aralarında superkubok oynayırlar. İdeal hazırlıq keçiblər.
- Qısa müddətdə hazırlıq sabahkı matçda oyunçuların oyuna yanaşmasında problem yaradacaq?
- Futbolçular avrokuboklara düşmədiyi üçün məyus idilər. Avrokuboklarda iştirak etməkləri onlar üçün motivasiya olmalıdı. Düşünmürəm ki, onlarda hansısa mənfi hisslər olsun. Hər şey zamanında olanda daha gözəl olur. Elə futbolçular var ki, toplanışa artıq çəki ilə gəlmişdilər. Bilirəm ki, avrokubok haqqında düşünməmişdilər.
- Rusiya klubundan qayıdan Yeqor Boqomolski sizə faydalı ola bilər? Ona əsas heyətdə şans verəcəksiz?
- Əsas heyətlə bağlı nəsə deyə bilməyəcəm. Amma Rusiyadan yaxşı qayıdıb. Fiziki cəhətdən qüvvətli çempionatda idi. Onun üçün faydalı olduğu görünür. Rəsmi matçlarda necə görünəcəyini sabah biləcəyik. Bugünkü forması əsas heyətdə oynamağa imkan verir.
- Dünya çempionatında su fasilələri verilir. Bu haqda fikriniz necədi? Avrokuboklarda tətbiq oluna bilər?
- Faydası olar. Bir neçə mövsüm öncə üç dəyişiklikdən 5 dəyişikliyə keçməsi də sonradan bəyənildi. Oyunların intensiviliyini nəzərə alsaq, arada 2 dəqiqəlik fasilə müyyən səviyyədə faydalı ola bilər. Şəxsən mənə xoşdu. Futbolçuları düşünərək atılan addımdı. Olsa, yaxşı olardı. Onsuz da yayda bu fasilələr var idi. Dünya çempionatında daha uzundu. Davamlı şəkildə olub-olmayacağını növbəti günlərdə biləcəyik.
İSRAYIL XEYRULLAYEV