''Fənərbaxça'' ilə bağlı önəmli transfer xəbəri var. Bir müddət öncə İstanbul nəhənginin Meyson Qrinvudun keçidi üçün ''Marsel'' ilə danışıqlar apardığı haqda xəbərlər yayılarkən klub bunu rəsmən təkzib etmişdi. Amma görünür, bu, sadəcə gözdən pərdə asmaq üçün atılmış bir addım idi. Çünki Türkiyə mətbuatının iddiasına görə 35 milyon avroluq təklifi geri çevrildikdən sonra ''Fənər''in ikinci təklifi ''Marsel'' tərəfindən qəbul edilib. ''Sarı-lacivərdlilər'' 45 milyon avro ödəyəcəklər. Bu məbləğ 7 hissəyə bölünərək ödəniləcək. Anlaşmada müxtəlif bonuslar da mövcuddu. Yəni bonuslarla birlikdə bu transfer ''Fənər''ə rekord məbləğə - 50 milyon avroya başa gələcək! Tibbi müayinədən keçdikdən sonra 24 yaşlı vinger ilə ''4+1'' illik müqavilə imzalanacaq. Qrinvudun öz maaşı isə 11 milyon avroya bərabər olacaq. İddialara inansaq, ''Roma'' ingiltərəli ulduza 5,5 milyon avro maaş təklif edirdi. Yəni Qrinvud Türkiyədə bundan iki dəfə artıq qazanacaq. Həftəsonuna qədər həm transferin açıqlanacağı, həm də Qrinvudun Avstriya toplanışına yollanaraq komandanın düşərgəsinə qoşulacağı gözlənilir. Xatırladaq ki, ''Mançester Yunayted''in yetirməsi olan və ulduzu məhz bu klubda parıldayan Qrinvud zorakılıqda günahlandırılması və şəxsi həyatında yaşadığı problemlər üzündən 2023-də İngiltərəni tərk etməli olmuşdu. Bir mövsüm ''Xetafe''də icarədə oynadıqdan sonra o, 2024-də 26 milyon avroya ''Marsel''ə transfer olundu. Solaxay futbolçunun əsil mövqeyi sol vinger olsa da, o, mərkəz hücumçusu və oyun qurucusu kimi də oynaya bilir. Bu futbolçuya Səudiyyə Ərəbistanı nəhəngləri də ciddi maraq göstərirdi. Amma o, karyerasını Avropada davam etdirmək istədiyini bildirdi. Qrinvud geridə qoyduğumuz mövsümdə ''Marsel''in heyətində 45 rəsmi oyunda iştirak edərək aktivinə 26 qol, 11 məhsuldar ötürmə yazıb.