DÇ-2026-nın 1/16 final mərhələsində Portuqaliya ilə İspaniyanın dueli maraqlı və gərgin mübarizəyə səhnə oldu. Tərəflər 90-cı dəqiqəyə qolsuz daxil oldular və hər şey əlavə vaxta doğru gedirdi. Amma ikinci hissədə meydana çıxan Mikel Merino əsas vaxta əlavə olunan 1-ci dəqiqədə fərqlənməklə İspaniyanı növbəti mərhələyə daşıdı. Matçın yaddaqalan anlarından biri son saniyələrə təsadüf etdi. Portuqaliyanın sonuncu hücumu zamanı Bernardo Silvanın yaxın məsafədən baş zərbəsi təhlükəli alınsa da, top qapının üstündən keçdi. Həmin an Rodrinin Bernardoya acıq verməsi diqqət çəkdi. Təcrübəli portuqaliyalı futbolçu də Rodriyə sərt şəkildə etirazını bildirdi. Halbuki onlar uzun müddətdi, ''Mançester Siti''də birlikdə top qovurlar. Qarşılaşmanın ardından matçın ən yaxşı oyunçusu seçilən Rodri mükafatı alarkən ilk növbədə Bernardo Silvadan üzr istədi və qolun müəllifi Mikel Merinonun bu ada daha çox layiq olduğunu dedi: ''İlk növbədə Bernardo Silvadan üzr istəyirəm. Birlikdə oynadığım bir futbolçuya qarşı heç də doğru bir hərəkətə yol vermədim. Onun son anlarda qaçırdığı epizoddan sonra təbii olaraq sevindim. Amma sonradan səhvə yol verdiyimi anladım. Ondan üzr istədim və burda da fürsət düşmüşkən bunu təkrarlamaq istəyirəm. Merino oyuna əla daxil oldu. Matçın oyunçusu seçilməyə məhz o layiqdi. Mən mükafatı ona verərdim. Ümumiyyətlə, bu gün İspaniyanın hər bir futbolçusu inanılmaz mübarizə apardı''.