Bu transfer dönəmində heyətini Leonardo Bonuççi və Rade Kruniç kimi futbolçularla gücləndirən Türkiyə çempionatının lideri ''Fənərbaxça'' digər tərəfdən bəzi oyunçularla vidalaşmaqda davam edir.
“Football-plus.az” xəbər verir ki, Samet Akaydının ''Panatinaikos''a keçidi rəsmən açıqlanıb. Bu futbolçu ikinci dövrəni Fatih Terimin komandasında keçirəcək. Samet 200 min avro qarşılığında Afina təmsilçisinə mövsümün sonuna qədər icarəyə verilib. Onun Yunanıstanda yarım mövsümlük qazancı 450 min avro olacaq. Yunanıstan nəhəngi yayda onu daimi əsasda transfer edə bilmək hüququnu da ələ keçirib. Bunun üçün ''Panatinaikos'' 4 milyon avro ödəməli olacaq. Xatırladaq ki, 29 yaşlı mərkəz müdafiəçisi ''Fənər''ə ötən mövsümün qış fasiləsində 3,7 milyon avroya ''Adana Dəmirspor''dan transfer edilmişdi. Onun İstanbul nəhəngindəki karyerasının uğurlu alındığını söyləmək çətindi. Samet bu mövsüm cəmi 11 rəsmi oyuna çıxa bildi. Türkiyə yığmasına cəlb olunmasına baxmayaraq Akaydın xüsusilə ''Trabzonspor''a qarşı ev oyununda (2:3) yol verdiyi səhvlərdən sonra gözdən düşmüşdü. O, həmin matçda ''Fənər'' fanatları tərəfindən fitə basılmış və göz yaşları içində əvəzlənmişdi. ''Fənər''lə vidalaşan digər futbolçu isə Umut Nayırdı. Təcrübəli forvard mövsümün sonuna qədər superliqanın digər təmsilçisi təmsilçisi ''Pendikspor''a icarəyə verilib. Ötən mövsüm ''Ümraniyəspor''un heyətində superliqada 17 qol vurmaqla diqqət çəkən 30 yaşlı futbolçu cari mövsümün əvvəlində ''Fənər''ə gəlmişdi. Amma Ceko və Batşuayi kimi forvardların kölgəsində qalan Nayır komandada 3-cü hücumçu statusundan qurtula bilmədi. Çox nadir hallarda şans qazanan Umut meydanda olduğu oyunlarda da heç nə ilə yadda qalmadı. O, 6-sı superliqa, 7-si avrokuboklar olmaqla 13 rəsmi oyunda ümumilikdə 189 dəqiqə meydanda oldu və qol hesabını aça bilmədi.
ƏLİ