Azərbaycan və dünya 2023-cü illə vidalaşdı.
Təbii ki, bu il futbolumuzda da ən müxtəlif hadisələrlə yadda qaldı. Bəs ölkənin əsas futbol qurumu olan AFFA-da ilin yekunlarıyla bağlı nə düşünürlər? Suallarımıza cavab tapmaq üçün srağagün AFFA-nın yolunu tutduq.
"Football-plus.az" olaraq, baş katib Sərxan Hacıyevlə müsahibədə müxtəlif mövzulara toxunduq.
“Premyer-liqa klublarının stadionları yaxşı vəziyyətdədi”
– Sərxan müəllim, ölkənin futbol təsərrüfatının təməlləri nə dərəcədə möhkəmdi? Təbii ki, yeni liqaların yaradılmasını və klubların sayının artırılmasını nəzərdə tutmuruq. Əlbəttə, bu gələcək üçün düşünülmüş addımdı. Lakin bu gün “Kəpəz” və “Araz-Naxçıvan” kimi elita klubları ev oyunlarını doğma meydanda keçirmir, aşağı dəstələrdə də infrastruktur baxımından ciddi problemlər nəzərə çarpır.
– Bildiyiniz kimi, “Kəpəz”in stadionu var idi. Əlverişsiz və köhnə olduğundan sökülür, müasir standartlara cavab verin yeni idman qurğusu inşa edilir. Arena 2025-ci ildə təhvil veriləcək. Bundan sonra komanda ev oyunlarını Gəncədə, “doğma divarlar” arasında keçirə biləcək. Bu amilin klubun inkişafını daha da sürətləndirəcəyinə inanırıq. Ümumiyyətlə, “Kəpəz”in yetərincə yaxşı səviyyədə məşq meydançaları var. Hansı ki, AFFA-nın təşəbbüsü və FİFA-nın layihəsi çərçivəsində tikilib. Həmçinin, AFFA və FİFA-nın dəstəyi ilə bu klub üçün akademiya da inşa edilib. İnanırıq ki, həmin akademiya qarşıdakı vaxtlarda Azərbaycanın aparıcı bazalarından biri olacaq. “Araz-Naxçıvan”a gəlincə, komanda idman prinsiplərinin qorunması nəticəsində premyer-liqaya yüksəldi. Bəli, onların da əsas çatışmazlığı stadionla bağlıdı. Hazırda Naxçıvandakı arenanın yenidən qurulması yönündə işlər görülür. Ümid edirəm ki, bu klub da ev oyunlarını doğma meydanda keçirməyə başladıqda daha sürətlə inkişaf edəcək. Ümumi vəziyyətə gəlincə, deməzdim ki, ciddi problem var. Premyer-liqa klublarının stadionları yaxşı vəziyyətdədi. Müasir standartlara cavab verir və kollektivlər rahatlıqla avrokubok matçlarını öz arenalarında keçirə bilir. Aşağı dəstələrdə isə durum fərqlidi. Lakin klubların zamanla peşəkarlaşması nəticəsində regionlarda daha yaxşı infrastrukturun qurulduğunu görəcəyik. Klublaırn sayının birdən-birə atrdığını da nəzərə almaq lazımdı. Yeni liqa yaradılanda müəyyən çatışmazlıqların olacağını etiraf etmişdik ki, bunlardan biri də infrastruktur idi.
– Ciddi çatışmazlıqlar sırasında azarkeşlərin ölkə çempionatına və yığmaya maraq göstərməməsi də var. Təəssüf ki, oyunları stadiondan izləyən futbolsevərlərin sayı hədsiz azdı. Bununla yanaşı, bəzi klublar sponsor tapmaqda çətinlik çəkir...
– Bu amilin nəinki AFFA-nı, klubları da çox narahat etdiyinə əminəm. Rəqəmlər dəyişkəndi. Bir çox hallarda regionlarda keçirilən oyunlara daha çox azarkeşin gəldiyini görürük. Belədə izdiham yaşanır. Hətta bəzi 2-ci liqa komandalarının görüşləri azarkeş sayına görə Bakıda keçirilən matçları üstələyir. Bunda çempionatın nə dərəcədə güclü olub-olmamasının da müəyyən payı var. Düşünürük ki, rəqabət artdıqca bu problem aradan qalxa bilər. Məsələn, premyer-liqaya baxsaq, maraqlı turnir cədvəli yaranıb. 2-ci sırada olan “Zirə” ilə 8-ci pillədə qərarlaşan “Sabah” arasında cəmi 7 xal fərq var. Bu, rəqabətin ciddi və böyük olmasının göstəricisidi. Belə məqamlar çempionatdakı mübarizənin yetərincə gərgin irəlilədiyini sübut edir. Və azarkeşlərin sayı, demək olar ki, sponsorluq mövzusuyla bağlı məsələdi. Yəni tərəfdarların sayının çox olması nəticəsində sponsorların klublara marağı arta bilər. İnanırıq ki, gələcəkdə bunun şahidi olacağıq.
– Sərxan bəy, məsələn, “Kəpəz” azarkeş sayına görə bir çox hallarda ciddi rəqibləri üstələyir. Gəncədə futbola böyük marağın olduğu bəllidi. Lakin klub hələ də sponsor tapa bilməyib. Odu ki, vurğuladığınız tendensiyanı “Kəpəz”də görmürük. Sizcə, səbəb nədi?
– Düz deyirsiz. “Kəpəz” ev oyunlarını Gəncədə keçirdiyi dönəmdə hətta 15 minə yaxın azarkeş gəldiyini görmüşük. Ola bilər ki, sponsorun gəlməsinə təsir edən başqa amillər də var. Məsələn, iqtisadi məsələlərin də rolunu nəzərə almalıyıq. Buna baxmayaraq, hər klub müəyyən şirkətlərlə işbirliyi edə bilmək üçün çalışmalı və maksimum gücünü ortaya qoymalıdı. Açıq deyim ki, sponsorlarla işi düzgün qurmaq və daha çox səy göstərmək vacib nüansdı.
“Hətta bəzi mütəxəssislər deyir ki, mənə Azərbaycandan təklif gəlib”
– Bir qədər də əsas millimizdən danışmaq. AÇ-2024-ün seçmə mərhələsində qazandılan nəticələrdən xəbərdarsız. Həm də 2023-cü ilin sonunda müstəqillik dövrünün nadir hallarından biri yaşanır: yığma baş məşqçisizdi. Xatırladaq ki, sabiq çalışdırıcı Canni de Byaziylə müqavilənin müddəti 2022-ci ilin oktyabrında artırılmışdı. Artıq etiraf edirsiz ki, bu, səhv addım idi? Ümumiyyətlə, durumu necə şərh etmək olar?
– Əsas millimizin sözügedən turnir çərçivəsində qeyri-sabit çıxışlarını izlədik. Bilindiyi kimi, oyunlar martda başladı. İlk matçlarda Avstriya ilə İsveçə böyük hesabla məğlub olduq. Sonradan müəyyən sabitlik oldu. Həmçinin evdə İsveçə qarşı yetərincə keyfiyyətli oyun sərgiləyib böyükhesablı qələbə qazandıq. Axırda Belçikaya məğlub olduq. De Byaziyə gəlincə, İcraiyyə Komitəsinin sonuncu iclasında onun fikirləri dinlənildi. Ümumi nəticələri nəzərə alaraq, baş məşqçiylə vidalaşdıq. Müqavilənin müddətinin uzadılması məsələsi haqda nəsə demək isə çətindi. Çünki, gah sabit, gah da qeyri-sabit oyunlar izlədik.
– İndiki durumda milliylə bağlı ən aktual sual bəllidi. Demək olar ki, bütün idman ictimaiyyəti üçün yeni baş məşqçinin yerli, yoxsa əcnəbi olacağı maraqlıdı. Sizin qarşınıza birində üç yerli, digərində isə üç əcnəbi namizəddən ibarət iki siyahı qoyulsa, öncə hansına baxarsız?
– Bu məsələylə bağlı artıq bir neçə dəfə fikirlərimi bildirmişəm. Hazırda bu suala konkret cavab vermək məqsədəuyğun deyil. Bilirsiz ki, İşçi Qrup yaradılıb. İclaslarda müzakirə edilən mövzu yeni məşqçinin milli və ya əcnəbi olması yox, meyarların müəyyənləşdirilməsidi. Mətbuatda müəyyən adların çəkildiyini və AFFA-nın bu məşqçilərlə əlaqə saxladığını oxuyuruq. Hətta bəzi mütəxəssislər deyir ki, mənə Azərbaycandan təklif gəlib. Vurğulamaq istərdim ki, AFFA heç kimlə rəsmi şəkildə əlaqə saxlamayıb. Ümumiyyətlə, hazırda İşçi Qrupu hansısa adlar üzərində çalışmır. Yeni baş məşqçinin qarşısına konkret məqsədlər qoyulacaq. Əsas müzakirə mövzularından biri də budu ki, İşçi Qrup daha çox belə məsələləri ön planda tutur.
– Düzdü, ölkəmizdə xeyli bacarıqlı və təcrübəli mütəxəssis var. Lakin, məhz milli üçün yerli baş məşqçi axtarsaq, ağla birinci Qurban Qurbanov gəlir. “Qarabağ”ın çalışdırıcısı AFFA-dakı mühit haqda bəzi sözlər işlədib. Belə çıxır ki, mütəxəssis ən azı “Qarabağ”dakı kimi şərait istəyir. Qurban bəy millimizin baş məşqçisi olsa, ona istədiyi mühiti yarada biləcəksiz?
– Qurban Qurbanovla çox yaxşı münasibətlərimiz var. Qeyd etdiyiniz kimi, yerli məşqçi deyəndə ilk ağla gələn odu. Bu, danılmaz və layiqli faktdı. O, öz işiylə ölkə ərazisində bir nömrəli məşqçi olduğunu sübut edib. Qurban Qurbanovun fikirlərindən də xəbərdarıq. Lakin dediyim kimi, nə AFFA, nə də İşçi Qrup tərəfindən konkret ad müzakirə olunmur.
– Əsas millimizin uğursuz nəticələrini uşaq futbolunun təməlinin düzgün atılmamasıyla əlaqələndirən mütəxəssislər çoxdu. Əslində haqlı iraddı. Lakin son illərdə bu yöndə ciddi addımların atıldığını görürük. Məsələn, xeyli sayda dövlət və özəl futbol məktəbləri var. Sanki yenə də nəsə çatışmır.
– İstənilən halda vaxta ehtiyac var. Uşaq futbolunda yaş həddi 12-13-dü. Həmçinin bu problem kompleks məsələdi. Məsuliyyət, sadəcə, AFFA-nın üzərində deyil. Klublar da bu yöndə vacib addımlar atmalıdı. Lazımi səviyyədə akademiyaların sayı arıtırılmalıdı. Biz futbolçuların məşqdən qayıdıb yatdığı, istirahət etdiyi yerləri nəzərdə tutmuruq. Məsələyə daha geniş miqyasda yanaşmalıyıq. Avropanın inkişaf etmiş və inkişaf etməkdə olan klublarının bu yöndə təcrübəsindən faydalanmaq vacibdi. Məsələn, adını çəkmək istəmədiyim bəzi klublarda bu tendensiyası hiss edirik. Hətta bəziləri bu məsələylə bağlı beynəlxalq səviyyədə danışıqlara başlayıb. Belədə artıq yaxşı nəticələr görməyə başlamışıq. Düşünürəm ki, bir çox klub bu yöndə düşünülmüş, gələcəyə hesablanmış addım atsa, yaxın zamanda uşaq futboluyla bağlı müsbət hadisələrin şahidi olacağıq. Həmçinin burda məşqçilərin işini də qeyd etməliyik. Məsələn, qısa müddət öncə AFFA tərəfindən vacib addım atıldı. 2022/23 mövsümündə ölkə çempionu olan “Qəbələ”nin U-19 və “Sabah”ın U-17 komandalarının baş məşqçiləri Zaur Hacıyevlə Saşa Yunisoğlu bir həftə İstanbulda oldu. Məqsədimiz onların “Fənərbaxça”nın akademiyasında iş prinsipləri ilə tanışlığını təmin etmək və məşq prosesini yaxından izləmələri idi. Həminin məşçilər türkiyəli həmkarları ilə fikir mübadilələri apardılar, nəzəri və praktiki təcrübələrini artırdılar. Ola bilər ki, gələcəkdə bu addım layihəyə çevrilsin. Belədə daha çox məşqçinin peşəkarlığının artırlması yönündə müsbət dəyişiklər görəcəyik. Məncə, klublar da bu mövzuda müvafiq addım atmaqda maraqlı olmalıdı.
“Birmənalı şəkildə deyə bilərəm ki, heç buna yaxın ideya da yoxdu”
– Futzal millimiz də bu il uğursuz nəticələrlə yadda qaldı - DÇ-2024-ün elit mərhələsində 4 xalla qrup sonuncusu olub mübarizəni dayandırdı.
– Əlbəttə, komandamız daha yaxşı nəticə göstərə bilərdi. Əslində mən uğursuzluğun baş məşqçiylə əlaqələndirmirəm. Vitali Borisov keçmiş təcrübəli futzalçıdı. Heyət yenilənir, yəni milli keçid mərhələsindədi. Fikir versək, görərik ki, sırf Azərbaycanda təcrübə keçmiş yerli futzalçılara üstünlük verilir. Həmçinin bir müddət öncə U-19 yığması yaradıldı. Burda məqsəd yerli gənc oyunçuları əsas milliyə qazandırmaqdı. Ümumiyyətlə, düşünürəm ki, Vitali Borisovun zəngin futzalçı karyerasındakı uğurlar məşqçi karyerasında da əksini tapacaq.
– Futzal demişkən, yüksək liqada komanda sayı azdı. Həmçinin bəzi mütəxəssislər maliyyə çatışmazlığından şikayətlənir. AFFA futbola yatırım etdiyi kimi, futzala da etməyi düşünürmü?
– Bəli, aktual problemlərdən biri də bu məsələdi. Təəssüf ki, futzalımızda maddi sıxıntılar var və çempionatımız arzuolunan səviyyədə deyil. Düzü, hazırda bu haqda nəsə demək çətindi. Ola bilər ki, gələcəkdə futzala ayrıca maliyyə ayrılsın. Lakin federasiya kimi bu gün üçün belə planımız yoxdu. Böyük futbolda olduğu kimi, burda da komandalar hansısa yollarla sponsor tapıb yaşamağa çalışmalıdı.
– Avropa Liqasının 2018/19 mövsümünün final oyunu, həmçinin AÇ-2020-nin final mərhələsinin bir neçə oyunu Bakı Olimpiya Stadionunda keçirildi. Açığı, bu tendensiyanın davam edəcəyini gözləyirdik.
– Hələ ki UEFA və ya FİFA turnirlərinin ölkəmizdə keçirilməsini müzakirə etmirik.
– Gələn ilin martında AFFA-da prezident seçkisi keçiriləcək. Çox güman, Rövnəq Abdullayevdən başqa namizədlər də olacaq. Siz namizədliyinizi irəli sürəcəksiz?
– Xeyr, bu məsələ müzakirə olunmur. Birmənalı şəkildə deyə bilərəm ki, heç buna yaxın ideya da yoxdu. Proseduru izah edim. Yaxın günlərdə, çox güman ki, yanvarda AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək. Burda Hesabat-seçki konfransının vaxtının təyin edilməsi istiqamətində müzakirə aparılacaq və yekun qərar veriləcək. Ehtimal olunur ki, AFFA-nın konfransı martın ilk günlərində keçirilsin. Nizamnaməyə görə, təyin olunan vaxtdan 15 gün öncə prezidentliyə namizədlər bəlli olmalıdı. Bundan sonra üzvlər tərəfindən prezidentin kim olması yönündə səsvermə olacaq.
– Sərxan müəllim, Şaxta Baba real personaj olsaydı, ondan 2024-də AFFA və ölkə futbolu üçün nə arzulayardız?
– İlk növbədə əsas millimizdən başlayaraq bütün komandalarımıza beynəlxalq oyunlarda maksimum sayda qələbə arzulayardım. Həmçinin bir neçə gün öncə bütöv Azərbaycan üçün böyük hadisə oldu. Uzun müddətdən sonra işğaldan azad olunan ərazilərdə rəsmi futbol oyunu keçirildi. “Qarabağ” və MOİK ölkə kubokunun 1/8 finalında Xankəndidə qarşılaşdı. Hər bir azərbaycanlının sevincinin həddi-hüdudu yox idi. İstəyirəm ki, məhz həmin duyğuları növbəti illərdə də könül məmnunluğuyla yaşayaq.
KƏNAN, GÜNAY