AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Neftçi" klubunun İntizam Komitəsinin qərarlarından verdiyi şikayətlərə baxıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Tribunalın qərarına əsasən, paytaxt təmsilçisinin bir şikayəti təmin edilməyib, digəri isə araşdırma üçün təxirə salınıb.
Belə ki, Misli premyer-liqasında 23-cü turun “Neftçi” - “Turan Tovuz” oyununda “ağ-qaralar"ın azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə “Neftçi”nin 8000 manat cərimə edilməsi barədə AFFA İntizam Komitəsinin qərarı öz qüvvəsində saxlanılıb.
Bundan başqa, sözügedən matçda "ağ-qaralar"ın azarkeşləri tərəfindən təhqiredici pankart açıldığına görə “Neftçi”nin 15000 manat cərimə edilməsi barədə AFFA İntizam Komitəsinin 11 mart 2026-cı il tarixli qərarından verilmiş şikayətə baxılması əlavə sübutların toplanılması və tədqiq edilməsi zəruriliyi baxımdan təxirə salınıb.