Daha 5 il MY-də oynayacaq

4.05.2026 23:14 52
Dünya futbolu
Bir neçə ay əvvəl Kobbi Maynunun “Mançester Yunayted”dən ayrıla biləcəyi haqda xəbərlər dolaşırdı. Onun Ruben Amorimin dövründə o qədər də şans qazanmadığı əsas gətirildi.

Lakin sabiq baş məşqçinin istefaya göndərilməsi vəziyyəti dəyişib. Amorimin yerinə təyin olunan Maykl Kerrik Kobbiyə əsas heyətdə özünü göstərmək şansı verir. O isə klubundan aldığı yeni təklifi qəbul edib. Gənc futbolçu MY ilə müqaviləsini yeniləyib.

İngiltərə klubunun rəsmi saytının məlumatına görə, 21 yaşlı yarımmüdafiəçi ilə imzalanan yeni müqavilə 2031-ci il iyunun 30-na qədər qüvvədə olacaq. Yerli mənbələr bir neçə gün əvvəl yeni müqaviləyə əsasən Maynunun maaşının azı 7 dəfə - həftədə 20 min funt sterlinqdən 150 minə qədər artırılacağını xəbər vermişdi.

Qeyd edək ki, Kobbi “Yunayted”in yetirməsidi. İngiltərəli futbolçu bu mövsüm premyer-liqada 24 oyuna çıxıb və 2 məhsuldar ötürmə verib.