Bu mövsüm futbol üzrə Region Liqasında mübarizə gec start götürdü. Buna səbəb turnirə qatılmaq istəyən komandaların çoxluğu, eləcə də AFFA-nın komandaları vaxtında forma ilə təmin edə bilməməsi idi.
40 klub arasında yeni yarananlar da vardı. Onlardan biri də "Hypers"di. Debütantın yaradıcılarında biri və baş məşqçisi yığmamızın və "Qarabağ"ın sabiq üzvü Vüqar Nadirovdu.
Hazırda Paytaxt və Şimal zonasında çıxış edən komanda B qrupunda 5 turdan sonra 2-ci pillədə qərarlaşıb. Vüqar Nadirovla komandasının çıxışı, qarşıya qoyulan hədəf və başqa məsələlər ətrafında söhbətləşdik.
- Vüqar, "Hypers"i yaratdın, hazırda komandan Region Liqasında çıxış edir. Fikirlərin maraqlıdı...
- Komandanı çətinliklə formalaşdırdıq. Çünki vaxt məhdudiyyətimiz vardı. Üç gün ərzində "Hypers"i təşkil etdik. Bu işdə mənə ən çox dəstəyi tanışım, dostum Ayaz Abdullayev göstərdi. O, həm də uzaq qohumumdu. Ayaz müəllim klubumuzun prezidenti olsa da, futbolçu kimi də çıxış etmək istəyirdi. Sonda qərara aldıq ki, elə rəhbər kimi qalması daha yaxşıdı. Klubun adını da o seçib. Təvəzokarlıqdan uzaq, yekəxanalıq kimi başa düşülməsin, amma səviyyəmiz Region Liqasından üstündü. Maksimum sürətlə peşəkarlaşmağa çalışırıq. Komandanın qida təminatından tutmuş tibbi müayinəyə qədər hər şeyi yüksək səviyyədə görməyə çalışırıq. Oyunlardan sonra futbolçuların bərpa olması üçün zəruri qida rasionuna uyğun yeməklərlə təmin edirik. Qonaq komandanı qarşılamaqda, hakimlərə və AFFA rəsmlərinə münasibətdə səhvə yol verməməyə çalışırıq. Hətta azarkeşlərimizə də qayğı ilə yanaşır, onları buterbror, şirin içkilər ilə təmin edirik. Hələlik qrupumuzdakı komandalar arasında ən çox azarkeş toplayan bizik və "Şimal"dı. Bundan sonra da oyunlarımıza daha çox tamaşaçının gəlməsinə çalışacağıq. Qısası, karyeramda nələr görüb-götürmüşəmsə, hamısını "Hypers"də tətbiq etməyə çalışıram. İstəyirəm ki, işlərimiz yaxşı getsin, qısa zamanda uğurlar əldə edək. Bacardığım qədər bundan sonra da peşəkarlaşma yolunda əlimdən gələni edəcəm.
- 5 turdan sonra komandan 12 xalla qrupda 2-ci pillədə qərarlaşıb. Bunu uğur saymaq olarmı?
- Yeni yaranan klubuq, ümumi götürəndə çıxışımız və nəticəmiz qənaətbəxşdi. Amma hələlik komanda istədiyim səviyyədə deyil, görüləcək çox iş var. O zaman işimdən və komandamdan razı qalacam ki, daha ağır, çətin mərhələdə uğurları sıralayaq. Hələ ki plan üzrə gedirik.
- Bu mövsüm qarşıya qoyulan məqsəd nədi?
- İlk məqsədimiz qrupdan çıxmaq, ikinci məqsədimiz çempion olmaqdı.
- Yeni yaranan komanda üçün əlçatmaz hədəf deyil?
- Mən belə düşünmürəm. Ümumiyyətlə, böyük zirvələri fəth etmək üçün yeni-köhnə klub anlayışı yoxdu. Əsas qarşıya məqsəd qoyub ona doğru irəliləmək, mübarizə aparmaqdı.
- Heyətdə təcrübəli oyunçular var, yoxsa gənclərdi?
- Heyət əsasən Region Liqasında təcrübəsi olan futbolçulardan qurulub. Yadınıza gəlirsə, yaxın keçmişdə Sumqayıtın "Uğur" komandası var idi. Onlar iki il ardıcıl çempion olsalar da, nəyə görəsə komandanı 1-ci liqaya buraxmamışdılar. Sonra klub fəaliyyətini dayandırdı. Hazırda həmin dağılmış komandanın əksər futbolçuları "Hypers"də yer alır və bacardıqca özlərini yaxşı tərəfdən göstərməyə çalışırlar. Yerdə qalanlar isə yeniyetmə oyunçulardı, onları futbolumuza qazandırmaq istəyirəm.
- Heyətə qatmaq istədiyiz, “gözaltı etdiyiz” oyunçular varmı?
- Bəli, var. Səmimi deyim ki, imkanımız başqa komandalarla müqayisədə nə qədər yaxşı olsa da, 1-ci və 2-ci liqadan futbolçu cəlb etməyə gücümüz çatmaz. Ona görə də çalışırıq ki, elə Region Liqasından, Bakıdan və ətraf rayonlardan oyunçu tapaq. Məsələn, bizimlə eyni qrupda yer alan "Dirçəliş"də bir futbolçu var, oyun tərzi, mübarizəsi xoşuma gəlir. Əcnəbi olsa da, 4 ildi ölkəmizdə yaşayır və təhsil alır. Söhbət Pessoko soyadlı kamerunludan gedir. Onunla danışığımız olub, özü də komandamda çıxış etmək istəyir. 26 yaşı var, vaxtilə Kamerun və Tayland çempionatlarında çıxış edib. Onu toplanışa dəvət edib bacarıqlarına yaxından bələd olmaq istəyirəm. Bundan sonra heyətə qatıb-qatmamaqla bağlı qərar verəcəm.
- Qrupda "Şimal" kimi güclü rəqib var. Xaçmaz təmsilçisi çempionata yaxşı başlayıb, maksimum nəticəylə qrup lideridi. Necə düşünürsən, qrupda "Hypers"ə başağrı olacaq əsas komanda "Şimal"dımı?
- Həqiqətən də "Şimal" yaxşı çıxış edir. Onlar da bizim kimi yeni yaranıb, çempionatda debüt etsələr də, Tural Cəlilov yaxşı kollektiv formalaşdırıb. Tural qardaşımız oynayan-məşqçi olduğundan meydanda yetirmələrini daha yaxşı idarə edir, oyun fəlsəfəsini aşılaya bilir. Digər komandalara hörmətsizlik kimi çıxmasın, amma qrupda ən ağır oyunumuzu məhz xaçmazlılara qarşı keçirəcəyik. O matça həm ehtiyatla, həm də xüsusi motivasiya ilə hazırlaşırıq. İlk oyun Bakıda, “ASK Arena”da keçiriləcək. Meydan sahibi kimi bundan maksimun istifadə etməliyik.
- Bir qədər sabiq komandan "Qarabağ" haqqında danışaq. Ağdam təmsilçisi bu il həm Avropa Liqasının qrupundan çıxdı, həm də qış çempionu oldu.
- Əvvəla "Qarabağ"ı və o klubu sevənləri təbrik edirəm. "Köhlən atlar"ın qrupdan çıxmasına çox sevindim. Bu uğur başda Qurban müəllim olmaqla klub rəhbərliyinin illərdi sərf etdiyi gərgin əməyinin nəticəsidi. Qış çempionluğuna gəlincə, “Qarabağ”ın asanlıqla 1-ci olub fasiləyə yollanacağı gözlənilən idi.
- Asanlıqla? Axı "Qarabağ" mövsümə heç də uğurlu başlamadı, çoxlarının gözləmədiyi halda "Zirə", "Səbail", "Araz-Naxçıvan" kimi komandalara uduzdu. Halbuki ötən mövsüm cəmi iki yenilgi almışdı.
- Səmimi etiraf edək ki, bu gün "Qarabağ"a yetərincə müqavimət göstərən elita klubu yoxdu. Söhbət hansısa oyunda "köhlən atlar"I məğlub etməkdən və ya 1 xal qoparmaqdan getmir. Əsas 36 turluq marafon boyunca "Qarabağ"ı büdrətməkdən, rəqabət aparmaqdan gedir. Mən bunu görmək istəyirəm. Yəni "Qarabağ"ın çempionatın ilk yarısında 3 məğlubiyyət alması faciə deyil.
- Bəs elitanın digər təmsilçilərinin çıxışı haqda nə deyərdin?
- "Zirə" mövsümə yaxşı başlasa da, son oyunlarda uğursuz çıxış etdi. Bilmirəm gücləri tükəndi, yoxsa həvəsdən düşdülər. Amma Rəşad Sadıqov savadlı, bacarıqlı, prinsipal gənc mütəxəssislərimizdəndi. İnanıram ki, qış fasiləsindən sonra komandanı toparlayıb avrokuboklara vəsiqə qazanacaq. "Sabah" ötən mövsüm vitse-çempion oldu, Konfrans Liqasına da pis qoşulmadı. Amma "Partizan"la səfərdəki cavab oyunundakı nəticə komandanı sanki mənəvi olaraq sındırıb. Premyer-liqanın 2-ci yarısının əvvəlində bir neçə turda da uğursuz çıxış etsə, Masazır təmsilçisinin qitəmiqyaslı yarışlardan kənarda qalmaq ehtimalı çoxdu. "Neftçi"dəki dəyişiklikləri başa düşmək olmur. Komanda ilyarımda iki baş məşqçi yola saldı, indi yeni mütəxəssis gətirib. Bu qədər islahatlar "ağ-qaralar"ın qeyri-sabit çıxışına səbəb olur. Hazırkı "Neftçi"də yer alan əksər legionerləri yerli futbolçularımızdan üstün saymıram. Düşünürəm ki, komanda güclənməlidi. "Sumqayıt" mövsümə arzulanan kimi başlamadı. Amma turlar bir-birini əvəz etdikcə "kimyaçılar" xarakter göstərərək qış fasiləsinə 4-cü pillənin sahibi kimi yollandılar. "Sumqayıt"ın sıçrayışında baş məşqçi Samir Abasovun əvəzsiz rolu var. Həmin sözləri "Araz-Naxçıvan" haqda da söyləmək olar. Komanda debütant olsa da, yaxşı döyüşür. Bu klubda da baş məşqçi Azər Bağırovun dəst-xəttini xüsusi vurğulamaq lazımdı.
- Yığmanın yeni baş məşqçisi yerli, yoxsa əcnəbi olmalıdı?
- Hazırkı vəziyyətdə yerli baş məşqçi şans verilməlidi. Onsuz da son illərdə əcnəbi mütəxəssislərin yığma ilə nəticələrinə baxanda görürsən ki, bunu istənilən yerli məşqçiylə də qazanmaq olar. Həmçinin futbolçularımıza yanaşma, ünsiyyət, qayğı və s. kimi amilləri nəzərə alsaq, azərbaycanlı məşqçilər gəlmələrlə müqayisədə daha yaxşıdı. Düşünürəm ki, gənc mütəxəssilərlə davam etsək, millimiz üçün faydalı olar.
- Hansı gənc mütəxəssisi “sükan arxasına” gətirmək olar?
- Hesab edirəm ki, uğurlu olacaq gənc məşqçilərimiz var. Bir ara Samir Abasov, Rəşad Sadıqov, Ayxan Abasov, Azər Bağırovun adı milliylə yanaşı çəkilirdi. Amma inanmıram ki, onlar klubdakı işi atsınlar. Çünki hazırda adı çəkilənlərin hər biri daha çox öz klublarıyla uğur qazanmağa fokuslanıb. İşsiz qalan mütəxəssislər də az deyil. Mənə görə millinin “sükanı arxasına” keçməyə əsas namizəd Tərlan Əhmədovdu. O, yetərincə savadlı, bacarıqlı, futbolumuzu və futbolçularımızı yaxından tanıyan, uzun illər yığmanın kapitanı olmuş şəxsdi. Məşqçi kimi də harda çalışıbsa, nəticə verib.
ABDULLA İSMAYILOĞLU