“Böyük beşlik”də bu mövsüm “Nitsa”, “Jirona”, “Bayer-04” kimi yaxşı mənada təəccübləndirməyi bacaran klublar var.
Xüsusilə Xabi Alonsonun çalışdırdığı leverkuzenlilərin performansı heyrət doğurur. Çünki bu kollektiv həm də avrokuboklarda uğurlu çıxış edir. “Bayer-04” 2023/24-də keçirdiyi 17 rəsmi oyundan 16 qələbə, 1 heç-heçə ilə ayrılıb! Yeganə bərabərlik “Bavariya” ilə səfər oyununda qeydə alınıb. Bu 16 qələbədən ikisi Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la oyunlarda əldə olunub. Komandanın aparıcı dayaq yarımmüdafiəçilərindən olan Ezekiel Palasios bundesliqanın rəsmi saytına müsahibə verib. “River Pleyt”in yetirməsi olan və 2019-dan “Bayer-04”ün şərəfini qoruyan 25 yaşlı futbolçu Argentina yığmasının heyətinə həm Amerika Kubokunu, həm də dünya çempionluğunu qazanıb. İndi də o, “Bayer-04” ilə titul qazanmaq niyyətindədi.
- “Bayer-04” topa sahib olmağa əsaslanan yeni oyun tərzinə necə sahib oldu?
- Yeni gələn futbolçular həm oyun tərzimizi, həm də məşq prosesinin axarını dəyişdi. Baş məşqçimizin bu oyun tərzini bizə aşılamaq üçün vaxtı var idi. Məşqlərdə o, bizdən topa yalnız bir və ya uzaqbaşı iki toxunuş etməyimizi istəyirdi. Bir şeyi bütün həftəboyu məşq edirsənsə, oyun vaxtı bu, mütləq özünü göstərəcək. Sadəcə, hər futbolçu məşqçinin ondan tələb etdiyini yerinə yetirir. Yəni hər birimizin bu uğurda rolu var.
- Sizin mövqeyinizdə oynayan təcrübəli Qranit Cakanın oyun tərzinə artıq uyğunlaşmısızmı?
- Yanında dünya səviyyəli futbolçu çıxış edirsə, sən də özünü inamlı hiss edirsən. Çünki bilirsən ki, ona ötürmə verdinsə, topu itirməyəcək və daha da yaxşı şəkildə onu başqa komanda yoldaşına çatdıracaq. Onunla ilk məşqlərdən etibarən dil tapa bildik. Mən irəli çıxanda məni “sığortalayır”. O irəli gedəndə isə mən arxada qalıram. Məşqçimiz mərkəzdə bizim duetimizə böyük önəm verir. Çünki hücumların əvvəli bizdən başlayır. Caka ilə necə anlaşdığımı anlamaq üçün bircə oyunumuza baxmaq kifayətdi.
- Necə düşünürsüz, indi karyeranızın zirvə nöqtəsindəsiz?
- Belə olub-olmadığını bilmirəm. Amma fiziki və psixoloji cəhətdən həqiqətən özümü əla hiss edirəm. Özünəinamım hər məşqdə, hər oyunda daha da artır. Ən əsası sabit oynayıram. Klubdakı gözəl ab-havanın da rolu var. Özümü burda çox xoşbəxt hiss edirəm və meydanda keçirdiyim hər andan zövq alıram. Konsentrasiyanı itirmirəm və diqqətimi yalnız kluba yönəltmişəm.
- Ümumiyyətlə, Argentinadan Leverkuzenə gələndən sonra futbolçu kimi nə dərəcədə güclənmisiz?
- Təbii ki, burda daha yaxşı oyunçuya çevrildim. Cənubi Amerika və Avropa futbolu arasında böyük fərqlər var. Həm uyğunlaşma, həm də çoxsaylı zədələr üzündən burdakı ilk 1,5 il ərzində çətinliklərim oldu. Sabitlik yaxalaya bilmirdim. Bu da məni narahat edirdi. Çünki “River Pleyt”də əsas heyət üzvü idim və hər həftə oynayırdım. Bura gələndən sonra vəziyyət dəyişdi. Oynadığım matçlarda 50-60-cı dəqiqədən sonra fiziki cəhətdən çatdırmadığımı hiss edirdim. Məşqçi dəyişikliyindən sonra vəziyyət yaxşılığa doğru dəyişdi. Fiziki cəhətdən güclənməyə başladığımı hiss etdim. Sabitlik yaxaladım. Top məndə olanda daha cəld qərarlar verməyə başladım. Mən məşqçisini dinləməyə və onun məsləhətlərindən faydalanmağa hazır olan futbolçulardanam. Hər gün yeni şeylər öyrənirəm.
- Xabi Alonso taktikaya həqiqətənmi deyildiyi qədər önəm verir?
- Bəli. Həm də tələbkar məşqçidi və hər dəfə daha çoxunu istəyir. Məşqdə hansısa futbolçunun yaxşı köklənmədiyini və ya fikrinin başqa yerdə olduğunu görən kimi dərhal həmin oyunçuya enerji verir, onu məşqdə başverənlərə kökləməyə çalışır. Karyerasını yenicə başladığını nəzərə alsaq, onun inanılmaz potensialı var. Bu klubda hər kəs başa düşür ki, Alonsonu məşqçi kimi çox böyük gələcək gözləyir.
- Bundesliqada çempionluq uğrunda mübarizə aparmaq necə hissdi?
- “River Pleyt”də çoxlu titul qazanandan sonra bura gəldim. Təbii ki, burda da titul kolleksiyamı zənginləşdirmək istəyirəm. Hələ ki işlər qaydasındadı və düzgün yoldayıq. Amma yolumuz çox uzundu. Hələ də iştirak etdiyimiz turnirlərin heç birində uduzmamışıq. Amma indidən xəyallar qurub mövsümün sonunu düşünməməliyik. Yalnız pillə-pillə irəliləməliyik. Məşqçimiz də belə düşünür və bizi hər növbəti oyuna kökləməyə çalışır. Konsentrasiyanı itirməyimizi istəmir.
- Topa daha çox sahib olmaqla həm də gücünüzə daha çox qənaət etmiş olursuz. Elə deyilmi?
- Bəli. Top bizdə olanda bir qədər nəfəs dərməyə imkan olur. Ona görə də hər oyunda topa sahib olmağa çalışırıq. Bəzən bu, bizdə alınmır. Belə məqamlarda əziyyət çəkirik. Həm də unutmayaq ki, bundesliqada çox güclü bir rəqibimiz var. Digər tərəfdən əks-hücum futbolu oynamaq üçün də resurslarımız var. Çünki irəlidə çox sürətli və cəld futbolçulara malikik. Onlar hər an rəqibi əks-hücumda yaxalaya bilirlər. Amma açıq danışsaq, top bizdə olduqda özümüzü daha rahat hiss edirik.
- Üçgündənbir oynamaq məcburiyyətindəsiz. Bu qrafikə uyğunlaşmısız?
- Mən artıq buna öyrəşmişəm. Hər matçda oynamaq, məşqçi üçün əlçatan futbolçu olmaq istəyirəm. Boşluq həftəsi olanda, adətən, məşqlər çox intensiv keçir. Belə həftələrdə daha çox taktiki məşqlər keçirik. Çox oynayan futbolçular bu cür həftələrdə daha sakit məşq edə bilir. Amma digər tərəfdən indi rahatlaşmaq yeri deyil. Bizim üçün hər şey qaydasındadı. Hər futbolçumuz meydanda öz rolunu gözəl anlayır. Məşqçimiz dəfələrlə göstərib ki, heç kimin əsas heyətdə yeri təmin olunmayıb. Komandada sağlam rəqabət var. Bir anlıq rahatlaşsan və ya hazırlıq səviyyən aşağı düşsə, dərhal ehtiyatda qalacaqsan! Hər futbolçu elə etməlidi ki, məşqçi üçün heyəti müəyyənləşdirmək, seçim etmək çətin olsun.
- Almaniyadakı həyata tam uyğunlaşdığınızı söyləyə bilərik?
- Bəli. Amma köklərimin Argentinadan olması həmişə özünü büruzə verir. Evdə sanki Argentinadakı kimi yaşayıram. Saat 21.00-da şam edirəm. Axşamlar mate içirəm və siesta təşkil edirəm. Ailəmlə görüntülü danışıram. Burda özümü sevimli qonaq kimi hiss edirəm. Alman xalqından və klubumdan özümə qarşı böyük sevgi hiss edirəm. Argentina mənim evimdi və ora həmişə böyük məmnuniyyətlə qayıdıram. Özümü Almaniyada çox yaxşı hiss edirəm. Burda həyat sakit və təhlükəsizdi. Amma yenə də Argentinanı heç nəyə dəyişmərəm.
- Küçədə gəzişərkən futbolsevərlər sizə tez-tez yaxınlaşır?
- Bəli. Xüsusilə də burda - Leverkuzendə bu, çox aktualdı. Amma mən gəzişməyi, küçədə olmağı çox da sevənlərdən deyiləm. Burda insanlar sənə daha hörmətlə yanaşır. Nəticələri sakit qəbul edirlər. Bu baxımdan Cənubi Amerika çox fərqlidi. Orda, məsələn, hardasa oturub kofe içərkən, birdən-birə fanatlar sənə yaxınlaşaraq “bu həftə mütləq qalib gəlməliyik, bu, çox vacibdi” deyirlər. Mövsümün bu hissəsində fanatlar həmişə ümidlə yaşayır. Onlar sevimli komandalarının mövsümün sonunda nəsə qazana biləcəklərinə ümid edirlər. Amma dediyim kimi biz indidən uzağı düşünməməliyik. İndiyə qədər olduğu kimi, bundan sonra da pillə-pillə, təlaşlanmadan, sakit şəkildə irəliləməliyik.
- Ümumiyyətlə, bir klub kimi “Bayer-04”ü necə xarakterizə edərdiz?
- “Bayer-04” sanki böyük bir ailədi. İnsanlar stadiona ailəlikcə gəlirlər. Onlar bizi böyük maraqla izləyirlər. Bu üzdən hər matçda stadionumuz dolu olur. Bunun bizə böyük köməyi dəyir. Bilirik ki, hər an bu insanların dəstəyinə arxalana bilərik. Burda sakit ab-hava var. Bu, hər mənada müsbət məqamdı. Bundan başqa, “Bayer-04” Almaniyada top-klublardan biridi. Burda futbolçunun özünü yaxşı hiss etməsi, oyunlara yüksək səviyyədə hazırlaşması üçün hər cür şərait var. Futbolçuya, sadəcə, meydana çıxıb öz işini görmək qalır. Mən burdakı hər andan, hər məşqdən, hər oyundan zövq alıram. Az öncə də qeyd etdiyim kimi, ilk gəldiyim dönəmdə belə deyildi. Amma indi Leverkuzendə hər şey xoşuma gəlir.
- Komandada bu qədər ispandilli insanların olması yaxşı haldı?
- Əlbəttə. İspan dilində danışanları gördükdə özümü daha da inamlı və xoşbəxt hiss edirəm. Burda prezidentin və klubdakı digər şəxslərin ispanca danışa bilməsi mənim kimi Cənubi Amerikadan gələn futbolçu üçün sanki əlavə bonusdu. Çünki özümü evdəki kimi hiss edirəm. Ümumiyyətlə, “Bayer-04”də həmişə Cənubi Amerikadan olan futbolçuların sayı çox olub. Klub belə futbolçularla işləməyi bacarır.
- Məsələn, Pyero İnkapye ilə görüşəndə heç alman dilində danışırsızmı?
- Şənbə günləri, adətən, birlikdə şam edirik. Çox vaxt mən onu evimə dəvət edirəm. Onun barbeküsü var. Amma bundan istifadə etmir. İndi təqvim sıxdı və görüşmək üçün imkanımız o qədər də çox olmur. Amma şənbə günü görüşürüksə, mütləq oyunlara da baxırıq. Xeyr, ispan və ya alman dilində danışmağa cəhd etmirik. Başqa dildə nəsə soruşmağa çalışıramsa, bunu, adətən, ingilis dilində edirəm (gülür).
- Bir futbolçunu bundesliqaya gəlməyə hansı sözlərlə razı salardız?
- İlk növbədə ona stadionlardakı atmosferdən danışardım. Şəxsən mən oynadığım hər stadionda inanılmaz atmosferlə qarşılaşmışam. Fanatlar əvvəldən sona qədər mahnılar oxuyur. Digər məqam oyunların çox gərgin keçməsidi. Düzdü, “Bavariya”nı ayrı tutmaq lazımdı. Onlar bir addım öndədi. Onları saymasaq, digər komandalar arasında səviyyə fərqi o qədər də böyük deyil. Bu, xüsusilə son illərdə açıq-aydın görünür. Hər komanda digərini məğlub etməyə qadirdi.
- Bəs bir futbolçunu “Bayer-04”ə gəlməyə hansı sözlərlə razı salardız?
- Ona həmişə yaxşı və pozitiv futbol oynamağa, topu özündə saxlamağa çalışan bir komandadan bəhs edərdim. Öz oyun tərzimizdən əl çəkmək niyyətində deyilik. Top həmişə “gəzməlidi”. Üstəlik hər qarşılaşmada meydana qələbə üçün çıxırıq. Hamı bir hədəfə köklənib və böyük ambisiyalarımız var. Klubun titullara ehtiyacı var və bilirik ki, düzgün yoldayıq. Bu yolla da irəliləməkdə davam etmək istəyirik.
ƏLİ RAUFOĞLU