“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.
2016-cı ilin mayında Bakıda əsl futbol bayramı yaşanırdı. Azərbaycanın paytaxtında U-17 yığmaları arasında Avropa çempionatının final mərhələsi keçirilirdi. Mötəbər turnirin ev sahibi kimi bizim də U-17 komandamız final mərhələsinin iştirakçıları arasında idi. Yekunda 4 xal toplayan yığmamız qrupdan çıxa bilməsə də oyunu ilə gələcəyə ümid yaratdı. Təbriz Həsənovun çalışdırdığı komandanın üzvlərindən olan Pilağa Mehdiyevlə yazılarımızın birində həmsöhbət olmuşduq. Bu dəfəki müsahibimiz isə İbrahim Qədirzadədi.
- İbrahim bəy, futbola gəlişiniz necə oldu? Nə üçün məhz futbolu seçdiz?
- Mənim uşağlığım Lənkəranda keçib. Bütün kənd uşaqları kimi mənim də futbola böyük marağım vardı. “Xəzər Lənkəran”ın çıxışlarını izləyirdik, “ağ-yaşıllar”a azarkeşlik edirdik. Orda çıxış etmək, “Xəzər Lənkəran”ın formasını geyinmək də ən böyük arzularımızdan biri idi. Amma bilmirdik ki, ora necə düşə bilərik. Bizim qonşu kənddə Vaqif müəllim vardı, həftədə 2-3 dəfə onun yanında gedib məşq edirdik, öz aramızda bölüşüb futbol oynayardıq. Orta təhsilimi isə Lənkəran şəhərindəki 4 saylı orta məktəbdə alırdım. Bir gün həmin məktəbə “Zirvə” klubundan məşqçilər Xəyal və Röyal Abbasovlar gəldi. Dedilər ki, kim futbol məşqlərinə gəlmək istəyirsə, qeydiyyata düşsün. Mən də “Zirvə” klubuna yazıldım. Bir müddət sonra ordakı məşqçilər də “Xəzər Lənkəran”a keçdilər, orda çalışmağa başladılar. Elə mən də onlarla birlikdə “Xəzər Lənkəran”a keçdim. Ondan sonra da “Xəzər Lənkəran”lı günlərimiz başladı. Amma qeyd edim ki, bir müddət güləşlə də məşğul olmuşam. Lakin gördüm ki, güləşə o qədər də həvəsim yoxdu, uzun müddət davam etmədim. Mənə futbol daha çox cəlbedici gəlirdi. Beş aydan çox güləşlə məşğul oldum. Sonra düşündüm ki, futbola getsəm, mənim üçün daha maraqlı olar.

- Məlum məsələdi ki, “Xəzər Lənkəran” sizin karyeranızda önəmli yer tutur. Bu komandanı necə xatırlayırsız?
- “Xəzər Lənkəran”ın yeri mənim həm karyeramda, həm də həyatımda önəmlidi. Mən bu oranın akademiyasına qəbul olundum və akademiyadan əsas komandaya qədər böyük bir yol keçdim. Bu gün də o anları xoş xatirələrlə xatırlayıram. Sözsüz ki, hər bir işdə xoş günlər də olur, çətinliklər də. Futbolçu həyatı belədi. İndi “Xəzər Lənkəran”ın özü olmasa da, xoş xatirələri qəlbimizdə qalıb. Sevinirəm ki, mən bu hissi yaşamışam, “Xəzər Lənkəran”da forma geymişəm. Ümid edirəm ki, klub fəaliyyətini bərpa edəcək və mən həmin o xoş günləri davam edəcəyəm, sevimli formanı yenidən əyinimə geyib, meydana çıxacam.
- Necə düşünürsüz, Lənkəranda yenidən belə klub olsa, orda uşaq futbolu inkişaf edərmi, yeni istedadlar üzə çıxarmı?
- Təkcə Lənkəranda deyil, bizim cənub zonasında – Masallıda, Cəlilabadda, Astarada istedadlı uşaqlar çoxdu. Təbii ki, Lənkəranda yenidən peşəkar klub olsa, onun akademiyası yaradılsa, bu, uşaq futbolunun inkişafını sürətləndirər. Bizim zonanın istedadlı uşaqları “Xəzər Lənkəran”ın akademiyasına cəlb olunurdu və burda futbolun sirlərini öyrənirdilər. Yenidən belə bir şey olsa, yeni istedadlar mütləq üzə çıxacaq. İndiki halda uşaqlar itib-batır. Özüm də görürəm, Lənkəranda hətta həvəskar klub yarananda belə uşaqlar ora can atır. Neçə-neçə istedadlı uşaq batıb getdi. Çünki Bakıya gedənlərin yaşamağa yeri olmur, şərait qurmaq çətindi. Beləcə onlar da məcbur qalıb futboldan uzaqlaşırlar. Lənkəranda belə bir şərait olsa, uşaqlar evlərinin içində futbolla məşğul olmaq, püxtələşmək imkanı qazanarlar.
- U-17 yığma komandaları arasında Bakıda keçirilən Avropa çempionatınım final mərhələsində Azərbaycanı təmsil edən millimizin üzvüydüz. O günlər yadında necə qalıb?
- Bəli, mən də həmin komandanın üzvü idim. O turnirə hazırlaşana qədər uzun bir yol keçdik, demək olar ki, 15 yaşımızdan Avropa çempionatının final mərhələsinə hazırlaşırdıq. Fikrimiz-zikrimiz orda Azərbaycanı uğurla təmsil etmək idi. Müxtəlif turnirlərə gedirdik, təlim-məşq toplanışlarına gedirdik. Yaxşı hazırlaşmışdıq. İlk oyunda Portuqaliyaya böyük hesabla məğlub olduq. Digər iki oyunda isə yaxşı çıxış etdik. Kaş ki, ilk görüşümüz Portuqaliya ilə olmazdı. İndiyə qədər xoş xatirələrlə o günləri xatırlayıram. Portuqaliya ilə qarşılaşmamız böyük azarkeş kütləsinin qarşısında keçirilirdi. Xeyli həyəcanlı idik. Məsuliyyət hissi də bizdə həyəcan yaradırdı. Futbol adına çox gözəl günlər keçirirdik. Qrupda 4 xal toplaya bildik. Təəssüf ki, həmin 4 xal bizim qrupdan çıxmağımız üçün yetərli olmadı. Halbuki, Belçikaya qalib gəlsəydik, qrupdan da çıxa bilərdik. Həmin komandanın üzvləri ilə indi də görüşürük, danışırıq. Təsəvvür etməyə çalışırıq ki, Belçikanı məğlub etsəydik, bizim üçün hər şey daha yaxşı ola bilərdi. Ümumən isə Avropa çempionatında unudulmaz hisslər keçirmişik.

- Səncə, o komandanın üzvləri nə üçün özünə parlaq karyera qura bilmədi? Razılaşarsan ki, sizə böyük ümidlər vardı...
- Biz millidə oynamağımıza baxmayaraq, öz klublarımızda əvəzedici komandalarda çıxış edirdik. Portuqaliyada, Belçikada isə durum fərqli idi. Onlar “Portu”nun heyətində Çempionlar Liqasının oyunlarına çıxırdılar. Bizdə U-17, U-19 liqalarının vəziyyəti necədi, siz də bilirsiz. Biz isə ən yaxşı halda əvəzedici komandada oynayırdıq. Ondan sonra lazım idi ki, bizim millinin üzvləri premyer-liqa klublarında əsas heyətdə oynasınlar, səviyyələrini artırsınlar. Siz də bilirsiz ki, bizim əvəzedicilərin çempionatında oynamaqla parlamaq mümkünsüzdü. Onda da komanda sayı indikindən də az idi. Gənclərə yer tapılmırdı. Düşünürəm ki, bizim oynamaq şansımız olsaydı, həm “artırardı”, həm də diqqət cəlb edirdik. Bizi U-17, U-19 komandalarının çempionatında kim görəcəkdi? Avropa çempionatından sonra biz əsas heyətlərdə oynasaydıq, hər şey fərqli olardı. Həmin komandadan futbolçu atanlar da oldu. İçi mən qarışıq 5-6 nəfər oynamağa davam edirik. Premyer-liqada oynayanlar da var, divizionda da. Fərid Nəbiyev Çexiyada çıxış etdi, yenidən qayıtdı. Həmin heyətdə xeyli potensiallı futbolçu var idi ki, onlara şans yaratmaq lazım idi. O şans da gənc futbolçulara verilmədi. Razıyam ki, bizə böyük ümidlər var idi. Qrupda qalmağımız, elitada komanda sayının azlığı bizim yolumuzu kəsdi. Müəyyən mənada ümidləri doğrulda bilmədik.

- Elə bu sualın davamı kimi soruşum. Nə üçün bizim futbolçular legioner kimi uğur qazana bilmirlər?
- Bu mövzu daim müzakirə olunur. Fikir olaraq danışılır. Özüm də bir il Gürcüstanda oynamışam. Xaricdəki futbolçularla ayaqlaşa bilməməyimiz uğur qazanmağımıza, orda uzun müddət qalmağımıza imkan vermir. Oynadığımız yerlərdə əcnəbilərdən geri qalırıq, o da bizim önümüzü kəsiri. Uşaqlıqdan nələrisə düz öyrənmirik. İstər topun qəbuludu, istərsə də ötürmə verərkən meydanı görmək bacarığı uşaqlıqdan öyrədiləməlidi. 16-17 yaşında futbolçuya bunu öyrədirsənsə, həmin adam necə xaricdə oynaya bilər? Uzun müddətli legioner karyerası qura bilməməyimizin əsas səbəbləri də bunlardı.
- Keçmişə baxanda nəyisə başqa cür etmək istərdinmi?
- Həyatda nəyisə dəyişdirmək mümkün olsaydı, “Xəzər Lənkəran”ın dağılmasını istəməzdim. Kaş ki, “Xəzər Lənkəran” dağılmasaydı. Mənim karyeram tamam başqa cür olardı. “Xəzər Lənkəran” mövcudluğunu qorusaydı, mənim də karyeram fərqli olardı. Böyüdükcə daha təcrübəli olursan, səhvlərdən nəticə çıxarırsan. Həmin səhvi xatırlayarsan, düşünürsən ki, indi olsaydı, başqa cür davranardım. Amma təəssüf ki, zamanı geri qaytarmaq mümkün deyil...
İLKİN SULTANLI
Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb