“İnter”in aparıcı yarımmüdafiəçilərindən olan Hakan Çalhanoğlu İtaliyanın “Corriere della Serra” nəşrinə müsahibə verib.
Ötən yay “Milan”ı “İnter”ə dəyişdikdən sonra İtaliyada ən çox müzakirə edilən oyunçulardan birinə çevrilən Hakan bu mövsüm oyunu ilə diqqəti çəkir. 28 yaşlı futbolçu həm A seiyasında, həm də ÇL-də vacib qollar vurmağı bacarır. Türkiyə yığmasının üzvü “İnter”in durumundan, İtaliyadakı həyatından və başqa məqamlardan danışıb.
- DÇ fasiləsi başa çatdı və yanvarın əvvəllərində A seriyası qaldığı yerdən davam edəcək. Özünü necə hiss edirsən? Oyunlara hazırsan?
- Özümü yetərincə yaxşı və gümrah hiss edirəm. Tətildə formada qalmaq üçün üzərimdə çox çalışdım. Açığı, ''İnter'' üçün daha vacib oyunçuya çevrilmək istəyirəm. Çünki burda ilk gündən hər kəs mənə yardım etdi və bunun sayəsində özümü evdəki kimi hiss etməyə başladım. ''İnter''in mənə olan etimadını titul və ya çempionluq qazanaraq ödəmək istəyirəm.
- Lider ''Napoli''dən 11 xal geri qalırsız. Səncə, ''kambək'' etməyə gücünüz çatacaq?
- Təbii ki, buna hamımız inanırıq. Mundialdan əvvəl yaxşı forma yığmışdıq. Həmin oyunlardakı kimi davam edə bilsək və yersiz xallar itirməsək, hər şey mümkündü.
- Yeri gəlmişkən, yanvarın 4-də “San Siro”da məhz elə ''Napoli'' ilə qarşılaşacaqsız.
- Mövsümün vacib oyunlarından biri olacaq. Bizə səviyyəmizi görməyə imkan verən, mövsümün qalan hissəsi üçün olan hədəfi müəyyənləşdirməyə yardım edəcək bir qarşılaşma olacaq. Qələbə bizə hava-su kimi lazımdı. Çəkinməməliyik. Öz meydanımızda oynayırıq və azarkeş dəstəyinə malik olacağıq. Favorit bizik. Artıq indidən o matça inanılmaz köklənmişik. Oyuna hazırlıq prosesi çox yaxşı şəkildə davam edir. Nəyə qadir olduğumuzu göstərmək istəyirik.
- Brozoviçin zədələnməsindən sonra yarımmüdafiənin mərkəzində faktiki onu çox uğurla əvəzlədin. Amma Brozoviç artıq qayıdıb. Bu o deməkdi ki, sən əvvəlki kimi pleymeyker roluna qayıdacaqsan…
- Ağıllı futbolçular meydanda onlara verilən yeni tapşırıqlara uyğunlaşmağı bacarırlar. Əslində bu mövqe mənim üçün yad deyildi. Yığmada dəfələrlə o mövqedə oynamışam. Hucumameyilli və ya müdafiəyəmeyilli oynamağından asılı olmayaraq, əsas odu ki, içində arzu, istək olsun. Yaxşı mənada gözlərin alovlanmalıdı. Mərkəzdə ikili mübarizələr zamanı yalnız bu keyfiyyətlərin sayəsində qalib gəlmək mümkündü.
- Ümumiyyətlə, bir futbolçu kimi dəyişdiyini, daha təcrübəli olduğunu düşünürsənmi?
- Əlbəttə. Əvvəlki illərdə klassik 10 nömrə idim. Daha estetik futbolçu idim. İndi sahib olduğum özəlliklər, sona qədər döyüşmək, topu rəqibdən almaq bacarığı bir neçə il əvvəl məndə bu dərəcədə deyildi. Mövqeyim dəyişəndən sonra daha aqressiv, çox qaçan, fədakarlıq edən, komandası üçün meydanda can qoyan futbolçuya çevrilmişəm.
- Qollarının, eləcə də məhsuldar ötürmələrinin sayından razısan?
- Düzünü desəm, heç vaxt qollarımı və məhsuldar ötürmələrimi saymamışam. Bilirəm ki, çoxları belə şeylərə diqqət yetirir. Amma mənim üçün əsas məşqlərdə üzərimdə yaxşı çalışmaqdı. Çünki bilirəm ki, yaxşı çalışsam, qalan şeylərin hamısı öz-özünə düzələcək.
- Həmişə ''Harley-Davidson'' fanatı olmusan?
- Bəli. Amma ''İnter''ə ayaq basdığım ilk gündən etibarən Pyero (idman direktoru Pyero Auzilionu nəzərdə tutur – red.) mənə yaxınlaşaraq ''səni motosikl üzərində görmək istəmirəm'' dedi. Öz ''Harley-Davidson'' markalı motosiklimə aşiqəm. Amma təəssüf ki, sürmək imkanım yoxdu. Uzun müddətdi qarajda qalıb.
- Milanda bir günün necə keçir?
- Boş vaxtım olmur. İki balaca övladım var. Səhər onlardan birini məktəbə aparıram. Ordan da məşqə gedirəm. Məşqdən sonra uşağı məktəbdən götürüb evə qayıdıram. Axşamlar məni tez-tez oyadırlar. Onları yatızdırandan sonra rahatlaşıram.
- Belə həyata uyğunlaşmısan?
- Ailə mənim üçün hər şeydən öndədi. Ona görə də vaxtımı ailəmlə keçirmək xoşuma gəlir. Həyat yoldaşım Sinəmlə divanda uzanıb ''Netfliks''də hər hansı bir film və ya seriala baxmağı xoşlayırıq. Eyni zamanda musiqili əsərlərə də marağımız var. Daha çox səyahət etmək, özümüz üçün yeni məkanlar kəşf etmək, Milanın əsrarəngiz gözəlliyini görmək istəyərdik. Hələ ki vaxt azlığı üzündən bunu edə bilmirik. Amma İtaliyanı sevirəm. Bura çox bağlanmışam. Düzünü desəm, karyeramı bitirəndən sonra da Milanda yaşamaq barədə ciddi şəkildə düşünürəm.
- ''İnter''lə müqavilənin müddəti 2024-cü ildə başa çatır. Auzilio yeni müqavilənin detallarını razılaşdırmaq üçün sənə zəng vurubmu?
- Xeyr, yeni müqavilə ilə bağlı klubdan heç kim mənimlə əlaqə saxlamayıb. Amma onun zəngini gözlədiyimi etiraf etməliyəm.
- Bəs Şkrinyar? O, ''İnter''də qalacaqmı?
- Buna ümid edirəm. Çünki əla oyunçudu. O da, müqaviləsi bitmək üzrə olan qapıçımız Samir Handanoviç də bizim üçün önəmli oyunçulardı. Bu məsələni klubla öz aralarında həll etməlidilər. Amma inanıram ki, ''İnter'' onu əldən verməyəcək.
- Futbolu seçməsəydin, hansı peşənin qulpundan yapışardın?
- Musiqiyə həmişə çox böyük marağım olub. Amma futbolçu olmasaydım, çox güman, polis olardım. Polislər çətin durumların öhdəsindən gəlməyi bacarırlar və başqalarına yardım edirlər. Hamısı işinin öhdəsindən yaxşı gəlir. Heç başqa iş barədə düşünməyə imkan olmadı. Futbol sanki öz-özünə həyatıma girdi. Çünki qısa müddət ərzində bu işdə istedadımın olduğunu fərq etdim. Sonrakı dönəmdə istedadın üzərinə çox çalışma və fədakarlıqlar da əlavə etdim.
- Simone İnzaqi ilə münasibətlərin necədi?
- Əla. Məni ''İnter''də ən çox görmək istəyənlərdən biri o idi. Bu transferdə rolu heç də az olmadı. İlk gündən mənə güvəndiyini, özəlliklərimdən faydalanmaq istədiyini göstərdi. Brozoviçin boşluğunu gözəl şəkildə doldurmağım da xoşuna gəldi. Buna görə məni ayrıca təriflədi. Onunla birlikdə artıq iki titul qazanmışıq. Yalnız skudetto çatışmır.
- Dünya çempionatını izləyirdin? Lautaro Martinesli Argentinanın çempionluğu barədə nə düşünürsən?
- Yalnız finalı izlədim. Mükəmməl oyun oldu. Turnirin gedişində hiss olunurdu ki, mundialda mənim ölkəm Türkiyə, eləcə də İtaliya çatışmır. Lautaroya gəlincə, onun uğuruna sevindim. Münasibətlərimiz çox yaxşıdı. Bilirəm ki, DÇ ərəfəsində gərgin idi və turnirə xüsusi hazırlaşırdı. Tətilini başa vurub Appianoya qayıdışını səbirsizliklə gözləyirik. Bu hadisəni mütləq qeyd etmək lazımdı.
- Lukakunun Qətər macərası uğurlu keçmədi. Yanvarda artıq o da sizinlə birlikdə olacaq.
- Buna ümid edirəm. Lukaku ilə birlikdə tam fərqli, güclü komandaya çevrilirik. Amma istənilən halda bizdə irəlidə əla oyunçular var. İlk növbədə Cekoya minnətdar olmalıyıq. Lukakunun olmadığı dönəmdə və ən çətin məqamlarda məhz o səhnəyə çıxdı, qolları ilə ''İnter''ə həyat verdi. İndi 4-cü pillədəyiksə, bunda ən çox Cekonun əməyi var. O da, Korrea da vacib oyunçudu. Kim həmin an hazırdısa, o da oynayacaq. Mövsümün əsas məqamı başlayır. Ona görə də yumruq kimi birləşməliyik.
- Çempionlar Liqasında 1/8 finalda rəqib ''Portu'' olacaq…
- ÇL-də qələbə ən böyük arzularımdan biridi. Səbəbini bilmirəm, amma bu il ÇL ilə bağlı çox pozitiv düşüncələrim var. Çox çətin qrupdan çıxdıq. ''Bavariya''ya ilk turda məğlubiyyət bizi ''sındırmadı''. ''Portu'' güclü, təcrübəli və hörmətə layiq komandadı. Amma ''Barselona''ya qarşı oyunlardakı kimi oynasaq, onları keçə bilərik.
- Yeri gəlmişkən, yanvarın 18-də sizi Ər-Riyadda baş tutacaq superkubokda ''Milan''a qarşı prinsipial oyun gözləyir.
- Titul uğrunda matçlar həmişə xüsusi ab-havada keçir. Biz belə görüşlərdə daha istəkli oluruq. Sözsüz, ora yalnız qələbə üçün yollanacağıq.
- ''Milan'' sənin sabiq klubundu. Özü də sən ordan ayrılan kimi onlar çempionluq həsrətinə son qoydular. Bununla bağlı üzüntün və ya peşmanlığın varmı?
- ''Milan''a böyük hörmətim var. Orda Pioli, Maldini və Massaro ilə yaxşı münasibətlərim var. Centlmen kimi üzərimə düşəni edərək onları çempionluq münasibəti ilə təbrik etdim. Amma ''Milan'' mənim üçün artıq keçilmiş mərhələdi. İndi bütün diqqətimi ''İnter''ə yönəltmişəm.
- İkinci ulduza birinci kim çatacaq: ''İnter'', yoxsa ''Milan''?
- Allah bilir (gülür).