Azərbaycanda atalarının yolunu davam etdirən bir çox futbolçular var. Şahin Diniyevin iki oğlu – Kərim və Coşqun atalarının yolunu uğurla davam etdirənlərdəndi. Layihəmiz çərçivəsində Şahin Diniyevin müsahibəsiylə sizi tanış etmişdik. Bu dəfəki qonağımız da futbolçu atasıdı. Rüfət Quliyevin adı azarkeşlərə yaxşı tanışdı. Onun oğlu Kamran Quliyev hazırda yaxşı mənada hamını təəccübləndirən “Şamaxı”nın ən yaxşılarındandı. Bu yaxınlarda oğul Quliyevlə söhbətləşmişdik. İndi sıra atada, yəni Rüfət Quliyevdədi.
- Rüfət bəy, veteran futbolçularla söhbətləşəndə tez-tez “bizim vaxtımızda belə deyildi, olsaydı daha irəli gedərdik” deyirlər. Sizcə, Azərbaycan futbolunda son illərdə nə dəyişib? Sizin futbol oynadığınız dövrlə indiki zaman arasında hansı fərqlər var?
- Müəyyən mənada bu söhbət doğrudu. Amma onu da nəzərə almaq lazımdı ki, ölkəmiz də hazırda inkişaf edir, zaman bir yerdə dayanmır. Buna da paralel olaraq futbolumuz da inkişaf edir. Ölkəmizdə futbol infrastrukturu xeyli artıb, stadionlar tikilib. Neçə-neçə xarici mütəxəssis, legioner futbolçu Azərbaycana dəvət olunur. Elə stadionların tikilməsi futbolumuzun inkişafına böyük xidmətdi. Gərək stadionlar olsun ki, futbolçular orda məşq etsin, keyfiyyətli futbol oynasınlar. Buna da şükr etmək lazımdı. Paralel olaraq da futbolumuz yavaş-yavaş inkişaf edir. Bizim oynadığımız dövrdə belə stadionlar yox idi. İndi uşaqlarımız belə stadionlarda oynayırlar, futbola ilk addımlarını atırlar. Bununla bizim dövrü müqayisə etsək, görərik ki, şərait o vaxt çox pis idi. Mən o vaxt SSRİ yığmasında da oynamışam. 1972-ci il təvvüllüdlülərin U-16, U-17, U-18 komandalarında çıxış etmişəm. İki il SSRİ yığmasının üzvü olmuşam, bir çox mötəbər turnirlərdə, Avropa çempionatında oynamışam. “Qranatkin turniri”nin mükafatçısı da olmuşam. Mən müəyyən mənada yaxşı şərait görmüşəm. Təlim-məşq toplanışlarında iştirak etmişəm. Yığma komanda ən yaxşı yerlərdə məşq edirdi. Amma biz Azərbaycanda o baxımdan çətinlik çəkirdik. Çünki meydançalarımızın vəziyyəti yaxşı deyildi. İnventarımız, toplarımız və formalarımız yox idi. İndi Allaha şükür, hər bir komandanın özünün məşq meydançaları, bərpa zalları, trenajorları var. Hələ mən SPA mərkəzlərini, tibb məntəqələrini demirəm. Görürük ki, şərait yaxşılaşıb. Ayrı-ayrı uşaq komandaları var, onların hər biri ilə məşqçi məşğul olur. O vaxtlar bütün bunlar çətin idi. Bu mənada indi demək olar ki, inkişafa doğru irəliləyirik.
- Bəzən hansısa peşə sahibləri övladlarının onların yolunu davam etdirməsinə razı olmurlar. Deyirlər ki, istəmirəm mənim çəkdiyim əziyyətləri övladım çəksin. Övladınız Kamran Quliyev futbolçu olmaq istəyəndə bu hissləri keçirdizmi?
- Kamran gözünü dünyaya açandan topla yatıb-durub. İlk addımlarını da topla atıb. Ona görə də onda perespektivi, potensialı görürdüm. Özünün də həvəsi futbola var idi. Bizim yığma komandaların bütün aşağı yaş qruplarında oynayıb. Öz həmyaşıdları arasında UEFA-nın “Top-20” futbolçusu sırasına düşüb. Hətta xaricə də çıxıb, orda da oynayıb. Az yaşı olmasına baxmayaraq, Sloveniyada və Litvada top qovub. Hazırda “Sabah”ın futbolçusudu, amma icarə əsasında “Şamaxı”da çıxış edir. Yəni ki, oğlum uşaq vaxtında bu yolu tutub, öz istəyi ilə futbolu seçib. Mən də öz növbəmdə onun arxasında dayanmışam, dəstək olmuşam. Öz bilik və təcrübəmi həmişə onunla paylaşmışam. Düşünürəm ki, onun futbolu seçməsi təkcə özünə yox, Azərbaycan futboluna fayda verib. Mən təkcə Kamrana deyil, onunla həmyaşıd olan istənilən gənc futbolçumuza dəstək verməyə hazır olmuşam. Özüm də həm Azərbaycanda oynamışam, xaricdə də çıxış etmişəm. Asiyanın Çempionlar Liqasında iki dəfə medal qazanmışam. Milli komandanın heyətində gənc yaşda, Finlandiya ilə Bakıdakı oyunda debüt etmişəm. Təcrübə futbolda böyük rol oynayır. Ümumilikdə 600-ə yaxın rəsmi oyun keçirmişəm. Bu boyda təcrübəmi kimləsə paylaşmalıyam. Təəssüflər olsun ki, mənə hələ şans verilmir. Nəticələrə də əhəmiyyət verən yoxdu. Baxmayaraq ki, UEFA səviyyəli A kateqoriyam da var. Sözümün canı odu ki, mən də bütün bu bilik və bacarığımı öz oğlumla paylaşıram, ona dəstək oluram. Şərait yaradılsa, şans verilsə digərlərinə də dəstək verməyə hazıram.
- Ümumiyyətlə, futbolçu atası olmaq necə hissdi? Tribunalardan oğlunuzun oyununa baxanda daha çox həyəcan keçirirsiz, yoxsa qürurlanırsız?
- Futbolçu atası olmaq çox yaxşı hissdi. Kamranın oyununu tribunadan da, televiziya ekranından da böyük həvəslə izləyirəm. Sonra birlikdə oyunlara baxırıq, müzakirələr aparırıq. Mən özüm futbolçu olmuşam, futbolu sevirəm. Bilirəm ki, Kamran da futbolla yaşayır. Hər şey Allahın qismətidi. İnanıram ki, inşallah, oğlum da uğurun davamını gətirəcək.
- Belə bir deyim var: “incəsənət qurban tələb edir”. Elə idmanda da belədi. Futbolçu olmaq istəyənlər təhsili qurban verirlərmi?
- Təhsil öz yerində, idman öz yerində. İstəyəndə, hər ikisində uğur qazanmaq olar. Mən özüm iki ali təhsil almışam. Məşqçilik kursunu da uğurla bitirmişəm. Sadəcə, təhsilə vaxt ayırmaq lazımdı. Düzdü, futbol çox vaxt aparır. Amma nə qədər bu həyatda yaşayırsansa, daha çox öyrənməyə çalışmalısan. Çünki aldığın təhsil, savad sənin həyatın üçün də çox önəmlidi.
- Sonuncu sualım uşaq futbolunun problemləridi. Siz bu sahəyə yetərincə tanış biri kimi hansı problemləri qeyd edə bilərsiz?
- Ən vacib problemlərdən biri bölgələrdə uşaq futbolunu inkişaf etdirməkdi. Bakıda az-çox bunu edirlər, futbol mütəxəssisləri uşaqlara ilk addımlarını uğurla atmağa dəstək olurlar. Amma bölgələrdə belə deyil. Hərdən elə hallarla qarşılaşırsan ki, adam deməyə də utanır. Yəni ki, futbolçu olmayanlar, futboldan başı çıxmayanlar uşaqlara nəsə öyrətməyə çalışırlar. Daha bir problem gənc perespektivli uşaqları xaricə çıxara bilməməyimizdi. Onlara xarici klublara göndərməliyik ki, görüb-götürsünlər. Hamısı qayıdıb millimizə kömək edəcəklər. Milli komandanın nəticəsi ölkə futbolunun güzgüsüdü. Yığmalar nəticə vermirsə, futbolumuza inam-etimad da az olacaq. Nəticələr yaxşılaşdıqca bizim gənclərə daha çox etimad göstəriləcək, onların xarici klublara yolu da açılacaq.
İLKİN SULTANLI

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.


