Ölkə kubokunun yarımfinalının cavab qarşılaşmasında “Sabah” “Qarabağ”ı qəbul etdi (2:1). Oyunun sonlarında verilməyən mümkün penalti epizodundan sonra futbolçularla baş hakim Rəvan Həmzəzadə arasında qalmaqal yaşandı.
“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç olaya ən çılğın reaksiya göstərənlərdən biri idi. Sosial şəbəkələrdə yayılan videodan aydın olur ki, monteneqrolu futbolçu Həmzəzadəyə meydanda üç dəfə “səni öldürərəm” deyib. Üstəlik futbolçu ilə münaqişə stadionun dəhlizində də davam edib. Sadəcə, ordan çəkilən videodan hakimin futbolçunu, yoxsa futbolçunun hakimi haqq-hesab çəkməyə çağırdığı aydın görünmür.
Hələ ki AFFA İntizam Komitəsinin cəzaları açıqlanmayıb. Yəqin ki, 31 yaşlı yarımmüdafiəçi və “Qarabağ” da cəzalanacaq.
MÜZƏFFƏR QULUZADƏ