Hər zədənin müalicəsi MY-yə 366 min avroya başa gəlib!
Beynəlxalq sığorta brokeri “Howden Group” futbolda zədələr mövzusunda böyük tədqiqat aparıb. Belə ki, şirkətin əməkdaşları Avropanın aparıcı liqalarında 2021/22 mövsümünün yekunlarını gözdən keçirib. Maraqlı detal: ekspertlər təkcə zədələrin sayını yox, onların müalicə qiymətini də araşdırıblar. Biz bu yazıda əsasən ilk 5 pillədə yer alan komandaların göstəricilərinə əsaslanmışıq.
“Çelsi” hamıdan çox əziyyət çəkib, “Vulverhempton”un problemi yoxdu
İngiltərə premyer-liqası zədələrin ümumi sayına (1231) görə “böyük beşlik” ölkələri arasında liderdi. 2020/21 mövsümü ilə müqayisədə zədələrin sayı 293 artıqdı. Bəs premyer-liqada ən güclü 5 komanda zədədən nə dərəcədə əziyyət çəkib?
Mançester Siti
Zədələrin sayı: 67
Müalicə xərci: 16,35 milyon*
(burda və hər yerdə avro ilə göstərilib)
Liverpul
Zədələrin sayı: 80
Müalicə xərci: 20,23 milyon
Çelsi
Zədələrin sayı: 97
Müalicə xərci: 23,85 milyon
Tottenhem
Zədələrin sayı: 52
Müalicə xərci: 8,43 milyon
Arsenal
Zədələrin sayı: 69
Müalicə xərci: 10,62 milyon
• “Mançester Yunayted” “Çelsi” ilə müqayisədə (81/97) zədədən az əziyyət çəksə də, müalicəyə daha çox xərcləyib. Yəni “qırmızı şeytanlar” 29,7, “zadəganlar” 27,9 milyon avro pul sərf edib. Bu isə o deməkdi ki, hər zədənin müalicəsi MY-yə orta hesabla 366 min avroya başa gəlib!
• “Liverpul” zədəlilərin sayına (80) görə çempionatda üçüncüdü. Bu üzdən komandanın baş məşqçisi Yürgen Kloppun təqvimdəki sıxlıqdan müntəzəm gileylənməsi təsadüfi deyil: “Daim oynadığımıza görə məşq etmək üçün vaxtımız yoxdu. Mənim məzuniyyət üçün yetərincə vaxtım var. Futbolçular isə bu imkandan məhrumdu. Mən bu haqda fikrimi söyləyən kimi UEFA prezidenti Aleksander Çeferin hansısa küncdən çıxıb deyir ki, başqaları daha çox çalışmalı olur. Bunu onsuz da bilirəm, mister Çeferin bunu mənə xatırlatmağa borclu deyil”.
• İngiltərədə “Vulverhempton”un oyunçuları hamıdan az zədələnib: 34 zədənin müalicəsi kluba 5,1 milyon avro bahasına başa gəlib.
“Bavariya” burda da liderdi
Almaniya çempionatının son mövsümündə 1205 zədə qeydə alınıb. Son illərdə bu göstərici müntəzəm aşağı düşürdü, ancaq bu dəfə qalxıb: 2018/19 mövsümü – 1173 zədə, 2019/20 mövsümü – 991, 2020/21 mövsümü – 902.
Ötən mövsümün beş ən yaxşı komandası ilə bağlı mənzərə də maraqlıdı.
Bavariya
Zədələrin sayı: 97
Müalicə xərci: 21,43 milyon
Borussiya D
Zədələrin sayı: 93
Müalicə xərci: 15,01 milyon
Bayer-04
Zədələrin sayı: 63
Müalicə xərci: 5,73 milyon
Leyptsiq
Zədələrin sayı: 52
Müalicə xərci: 5,84 milyon
Union
Zədələrin sayı: 49
Müalicə xərci: 0,74 milyon
• “Bavariya” və “Borussiya” ənənəvi olaraq, liderlər arasındadı: futbolçular tez-tez zədələnir, klublar isə buna görə çoxlu xərcə düşür. Zədələrin sayına (91) görə 3-cü yerdə son mövsümdə birinci bundesliqanı tərk etməyə yaxın olan “Herta” qərarlaşıb.
• “Qroyter Fürt”ün oyunçuları hamıdan az zədələnib: 33 zədənin müalicəsi kluba 1,1 milyon avroya başa gəlib. Ancaq bu da komandaya yardım etməyib: haqq etdiyi sonuncu yer (34 turda 18 xal) və ...əlvida, 1-ci bundesliqa!
• “Ştutqart” da seçilir: 80 zədə və onlara xərclənən toplam 1,6 milyon avro. Hər zədəyə orta hesabla 20 min xərclənib (xatırladaq ki, MY-də bu rəqəm 366 min idi).
“Real” nəinki İspaniyada, “böyük beşlik”də liderdi
İspaniya çempionatının 2021/22 mövsümündə futbolçular 848 zədə alıb. Bu isə əvvəlki mövsümlə müqayisədə 87 vahid artıqdı.
Real
Zədələrin sayı: 114
Müalicə xərci: 40,41 milyon
Barselona
Zədələrin sayı: 80
Müalicə xərci: 33,23 milyon
Atletiko
Zədələrin sayı: 68
Müalicə xərci: 15,40 milyon
Sevilya
Zədələrin sayı: 52
Müalicə xərci: 7,46 milyon
Betis
Zədələrin sayı: 29
Müalicə xərci: 2,93 milyon
• “Real” bütün “böyük beşlik” ölkələrində zədə sayına (114) görə liderdi. Bu zədələrin müalicəsinə 40,4 milyon xərcləyiblər, yalnız PSJ-də bu rəqəm bir qədər artıqdı.
• “Alaves”in oyunçuları zədədən hamıdan az əziyyət çəkib. Klub 18 zədənin müalicəsinə cəmi 0,5 milyon avro xərcləyib. Bu isə liqanın bütün klublarının bu məqsədlə xərclədiyi pulun cəmi 0,4 faizini təşkil edir.
• Turnir cədvəlinin ikinci “10-luğ”unda, yəni 11-20-ci yerlər arasında qərarlaşanlar, ümumiyyətlə, müalicəyə az pul xərcləyib: cəmi 12,7 milyon avrı. Müqayisə üçün deyək ki, “Real” təkbaşına bundan dörd dəfə artıq pul xərcləyib.
“Yuventus” birincidi, “Empoli” “böyük beşlik”də hamıdan az xərc çəkib
İtaliyanın A seriyasında futbolçular 835 dəfə zədələnib ki, bu da əvvəlki mövsümlə müqayisədə 54 vahid çoxdu.
Milan
Zədələrin sayı: 55
Müalicə xərci: 9,76 milyon
İnter
Zədələrin sayı: 38
Müalicə xərci: 6,09 milyon
Napoli
Zədələrin sayı: 71
Müalicə xərci: 11,78 milyon
Yuventus
Zədələrin sayı: 88
Müalicə xərci: 22,60 milyon
Latsio
Zədələrin sayı: 32
Müalicə xərci: 5,80 milyon
• “Yuventus” hamıdan artıq dərəcədə zərər görüb: 88 zədə və müalicəyə xərclənən 22,6 milyon. Kəmiyyətə görə 2-ci pillədə “Napoli” qərarlaşıb: 71 zədə və 11,8 milyon müalicəyə.
• Üç klubun – “Milan” (9,8 milyon), “Torino” (6,3) və “Kalyari”nin (4,7) hərəyə 55 zədəsi var.
• “Böyük beşlik” ölkələrində ən az zədəlisi olan da İtaliya təmsilçisidi. “Empoli” 13 zədənin müalicəsinə 0,8 milyon xərcləyib.
PSJ həm çox zərər görür, həm də hamıdan çox xərcləyir
Fransa çempionatının 2021/22 mövsümündə 691 zədə faktı qeydə alınıb. Əvvəlki mövsümlə müqayisədə artım 85 vahiddi. Onu da nəzərinizə bir daha çatdıraq ki, İngiltərə, İspaniya və Fransa çempionatlarında 20, İtaliya və Almaniya çempionatlarında 19 komanda mübarizə aparır.
PSJ
Zədələrin sayı: 91
Müalicə xərci: 40,73 milyon
Marsel
Zədələrin sayı: 23
Müalicə xərci: 3,09 milyon
Monako
Zədələrin sayı: 47
Müalicə xərci: 8,56 milyon
Renn
Zədələrin sayı: 23
Müalicə xərci: 2,09 milyon
Nitsa
Zədələrin sayı: 25
Müalicə xərci: 2,54 milyon
• Liqa 1-də PSJ zədələrdən (91) hamıdan çox əziyyət çəkib, eləcə də müalicəyə daha çox (40,7 milyon) xərcləyib. Parislilərdən sonrakı pillədə böyük geriliklə “Monako” qərarlaşıb: 47 zədə, 8,6 milyon müalicə xərci.
• “Monpelye” bu mənada nümunəvi komandadı. Cəmi 17 dəfə zədə ilə üzləşiblər, müalicəyə 1 milyon xərcləyiblər.
• Fransa çempionatının ikinci “10-luğ”u az xərc çəkir: yalnız 12,7 milyon avro – bu ümumi məbləğin 16 faizidi. Təkcə elə “Marsel” ilə “Monako” müalicəyə bu qədər xərcləyib.
Beləliklə, “böyük beşlik” ölkələrində 2020/21 mövsümündə 3848, 2021/22 mövsümündə isə 4810 zədə faktı qeydə alınıb, artım 20 faiz təşkil edib. Müalicə xərclərində də artım var. 2020/21 mövsümündə komandalar futbolçuların sıraya dönməsi üçün 404,3 milyon xərcləyibsə, 2021/22 mövsümündə bu məbləğ 569,6 milyona çatıb. Yəni müalicə xərclərində 29 faizlik artım qeydə alınıb.