Xəbər verdiyimiz kimi, “Neftçi” Sloveniya toplanışını məğlubiyyətlə başa vurdu. “Ağ-qaralar” sonuncu yoxlama matçında Xorvatiya “Osiyek”inə uduzdu – 0:1.
“Football-plus.az” xəbər verir ki, rəqibin rəsmi saytında oyun haqda qısa reportaj təqdim olunub. Klubun mətbuat xidməti “Osiyek”in matç ərzində üstün tərəf olduğunu, bakılılara çətin anlar yaşatdığını yazıb:
“Ağ-mavilər” görüşün ilk dəqiqələrindən rəqibə yüksək təzyiq göstərdi və topa daha çox sahib oldu. Bu yolla təşəbbüsü ələ alan komanda oyun ərzində ayıq-sayığlığı itirmədi. Komandamız birinci hissədə ciddi təhlükələr yaratsa da, hesabı açmaq mümkün olmadı. Qola ən yaxın olduğumuz an isə Luka Yeleniçin dirəyi “nişan aldığı” epizod idi.
İkinci hissədə daha çox oyunçunun şans qazana bilməsi üçün start heyətində dəyişikliklər oldu. Ancaq “Osiyek” yenə hücumlara davam etdi. Nəhayət, 74-cü dəqiqədə Admir Lyatifi İvan Dolçekin ötürdüyü topu başla tora qovuşdurdu. Oyunun sonlarına yaxın Dolçek də fərqlənə bilərdi. Lakin onun uzaqdan zərbəsi qeyri-dəqiq alındı. Hər halda, keyfiyyətli rəqib üzərində layiqli qələbə qazandıq”.
Xatırladaq ki, “Neftçi” buna qədər Sloveniyada keçirdiyi yoxlama matçlarında ÇFR-ə 1:2, “Partizan”a 0:1 hesabıyla uduzub, “Radniçki”ni isə darmadağın edib (3:0).
KƏNAN BAHADIR