“Sabah”ın Çempionlar Liqasında “Nyu Seynts”ə qarşı keçirəcəyi 1-ci təsnifat mərhələsinin cavab oyunuyla bağlı problem davam edir. Söhbət matçın ölkəmizdə canlı yayınlanmamaq ehtimalından gedir.
Bu barədə “Football-plus.az”a “bayquşlar”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib. Klub rəsmisi Uels təmsilçisinin oyunlarının yayın hüququna malik şirkətlə danışıqların davam etdiyini, lakin prosesin hələ müsbət nəticələnmədiyini bildirib.
Xatırladaq ki, həmin şirkət “Sgorio”du. Şirkət “Sabah”dan 50 min avro tələb edir. Lakin yayılan iddialara inansaq, “bayquşlar” qarşı tərəfə ən çox 9-10 min avro ödəyə biləcəyini deyib.
Kəsəsi, matçı “CBC Sport”un göstərəcəyi ilə bağlı xəbərlər hələ ki həqiqəti əks etdirmir.
KƏNAN BAHADIR