İki gün öncə U-21 moldovalı həmyaşıdları ilə yoxlama oyunu keçirdi.
“Dalğa Arena”da baş tutan qarşılaşma qolsuz bərabərliklə başa çatdı. Oyundan sonra komandanın baş məşqçisi Samir Əliyevlə əlaqə saxladıq. Mütəxəssisin matç və qarşıdakı planlarla bağlı fikirləri belə oldu:
“Məlum olduğu kimi, biz U-21-ə yeni təyin olunmuşuq. Yeni bir dönəmə başlayırıq. Uşaqların, demək olar ki, əksəriyyəti komandada yenidi. Lakin bəziləriylə daha öncə bir yerdə işləmişəm. Moldova ilə oyun ilk beynəlxalq matçımız idi. Əslində hesab edirdik ki, rəqib bizə müqavimət göstərəcək. Yəni onların müdafiədən oynayacağını gözləmirdik. Ona görə də rəqibin müdafiəsini yarmaqda çətinlik çəkdik. Əlbəttə, qalib gəlmək istəyirdik. Çox intizamlı müdafiə qurmuşdular. Buna baxmayaraq, təhlükəli vəziyyətlər yaratdıq. Sadəcə, istifadə edə bilmədik. Müdafiə baxımından isə milli çox yaxşı oynadı. Demək olar ki, rəqibə hücum şansı vermədik. Bəzi uşaqlarda həyəcan da var idi, istədikləri kimi oynaya bilmirdilər. Amma ümumilikdə istəklə, əzmlə oynayırdılar. Komandaya güvənirəm”.
Gənc mütəxəssis planlar haqda da danışdı:
“İnşallah, yanvarda Avropa çempionatının püşkatması olacaq, rəqiblərimiz bilinəcək. Bu turnirdə layiqincə çıxış etməyə, qələbələr qazanmağa çalışacağıq. Qrupu yüksək yerlərdə başa vuracağımızı demirəm. Amma ən azı əvvəlki illərdən fərqli daha çox istəyimiz və məqsədimiz var. Komandada həqiqətən də potensiallı uşaqlar var. Öz üzərilərində daha çox işləsələr, əsas milliyə dəvət ala bilərlər. Püşkatmaya kimi noyabrda “pəncərə” olacaq. Yoldaşlıq oyunları üçün bizdən daha güclü, reytinqli rəqib axtarırırıq ki, zəif tərəflərimizi görə bilək. Əslində Moldova ilə qarşılaşma da faydalı idi. Amma istədiyim kimi olmadı. Ona görə də daha güclü rəqiblə oynamaq istəyirik ki, uşaqlar müqavimət görsün. Bu matçda isə uşaqlar lazımi müqavimətlə üzləşmədilər. Statistikaya baxdım, 67 faiz üstünlük bizdə idi”.
Yeri gəlmişkən, Moldova millisinin rumıniyalı baş məşqçisi Ştefan Stoyka da oyunla bağlı fikirlərini bölüşüb:
“Yeni komandayıq. Rəqibin oyunlarını izləmişdim və artıq bir üslublarının olduğunu bilirdim. İlk hissədə qapımıza tərəf gələ bilmədilər. İkinci yarda daha pis oynadıq. Azərbaycanla qarşılaşmadan müəyyən nəticələr çıxardım. Hələ işimiz çoxdu. Aydın məsələdi ki, 3-4 günə əla komanda formalaşdırmaq mümkün deyil. Buna baxmayaraq, futbolçularım top uğrunda mübarizə apardılar. Əsas olan uduzmamaq idi”.[
/b]
[b]ŞAİR ABDULLA