Hələ avqustun ortalarına qədər Kazemironun “Real”da qalacağı ilə bağlı heç kimdə şübhə yox idi.
“Blankos”un heyətində 5 dəfə Çempionlar Liqasının qalibi olan braziliyalı komandanın əsas oyunçularından biri sayılırdı. Ancaq birdən hər şey dəyişdi: “Mançester Yunayted” müasir futbolda öz mövqeyinin ən yaxşısını heyətinə qatdı. “Kral klubu”nun sabiq baş direktoru Xorxe Valdano “El Pais” qəzetində çıxan sütun yazısında bu transferə və pulun futbolda oynadığı rola toxunub.
Sənin getməyini...
Reallığın özü mutasiya edəndə çıxış yolu tapmaq çətindi. Müasir futboldan daha çox mutasiyaya məruz qalan nə ola bilər ki? İqtisadiyyat hər şeyin başında dayanır və oyunun qaydalarını müəyyənləşdirir. Bəzi futbolçular bazarı “sındırır” və yeni kluba xilaskar kimi gəlir, başqaları klubun maliyyə vəziyyəti ürəkaçan olmadığından qeydiyyatdan keçə bilmir, digərləri isə büdcəyə mane olduğuna görə getmək məcburiyyətində qalır. Birincilərin qarşısında qırmızı xalça sərilir, ikinciləri vədlərlə sakitləşdirirlər, üçüncülərin tezliklə ayrılması üçün onlara hədə-qorxu gəlirlər və həyatını dözülməz edirlər. Lazım olmadığını hiss etməkdən daha alçaldıcı nə ola bilər? İşin utancverici tərəfi isə bu yay lağa qoyulan bəzi futbolçuların hələ bir müddət əvvəl qarşılarında qırmızı xalçanın sərildiyi insanların olmasıdı. Məsələn, Frenki de Yonq.
...və qalmağını istəyəndə
Bəribaşdan qeyd edim ki, Kazemirodan danışırıqsa, dünyanın ən yaxşı dayaq yarımmüdafiəçisini nəzərdə tuturuq. O, tıxac kimi sadə və effektivdi. Effektivliyə gəlincə, “Real”ın bunu ÇL kubokları ilə ölçmək vərdişi var, braziliyalıda isə onların sayı 5-di. Amma Kazemiro bu dumanlı günlərdə nəfsin qurbanı oldu. Hazırda Avropanın ən böyük “istedad qəbiristanlığı”na çevrilən “Yunayted”dən başgicəlləndirici təklif gəldi. Qəzetlər və sosial şəbəkələr yarımmüdafiəçinin şübhələrini daha da artırdı. Bütün bunlara yekun vursaq, belə bir vəziyyət yarandı: Kazemiro şan-şöhrətli milyonçu və ya riskli supermilyonçu seçimləri arasında qaldı. Şan-şöhrətli supermilyonçu variantının ortaya çıxması üçün isə heç şübhəsiz, Florentino Peresi əliaçıqlığa çağırmalı idi. Ancaq nə Kriştiano, nə Serxio Ramos, nə də Varan prezidentin ürəyini yumşalda bildi. Kazemiro da çətin ki, bunu bacarardı.
Qiymət
Braziliyalının gedişi azarkeşləri həyacanlandırdı, çünki o, müdafiə xəttinə çox kömək edirdi. Amma klubun idarəçiliyi ilə bağlı məsələlərdə onların fikri az rol oynayır. Florentino “Real”da əsas söz sahibidi və Kazemiroya istədiyi qərarı qəbul etmək imkanı verdi. Yarımmüdafiəçi üçün heç də asan deyildi, özü də təkcə işin maliyyə tərəfinə görə yox. O, Madriddə nəyə sahib idi? Qüsursuz karyerasının hər kəs tərəfindən tanınmasına, zamanla möhkəmlənən və komanda yoldaşlarının hörmətlə yanaşdığı liderliyə, məşqçinin inamına, dünya nüfuzuna... Kazemiro bütün bunları lazımınca başa düşsə idi, “Real”da qazandığı ilə MY-də alacağı pullar arasındakı fərqi bu sualla kompensasiya edə bilərdi: “Xoşbəxtliyin qiyməti nə qədərdi?”
Hakimiyyətdən sərxoş olmaq
Peres “Real”da hökmranlıq edir və prinsipləri bəllidi: klub komandadan, komanda isə futbolçudan vacibdi. Düzdü, oyunçu da önəmlidi, amma müəyyən hədd var. “Kral klubu”nda bu məntiqi ardıcıllığı dəyişmək olmaz. Əksinə, PSJ Kilian Mbappe ilə imzaladığı yeni müqavilənin fəsadlarını hiss etməyə başladı. Ona puldan əlavə hakimiyyət də verildi. Ancaq bu hələ o demək deyil ki, komanda yoldaşları Kilianın onlara göstərişlər verməsinə razılaşacaq. Bir var ki, istedadına görə meydanda lider olasan, bir də yetkinliyə çatmadan kiminsə fərmanı ilə bu statusa yiyələnəsən. Bunlar fərqli şeylərdi. Mbappe keçən həftə ona ötürmə verməyən oyundaşına qarşı yolverilməz kobudluqla yadda qaldı (Hakimi ilə aralarında başverənləri nəzərdə tutur – red.), daha əvvəl penaltinin kimin yerinə yetirəcəyi ilə bağlı Neymarla mübahisə etdi. O, hərəkətləriylə liderliyini şübhə altına salır. Hakimiyyəti bu cür ələ almırlar. Komanda məhz belə şeylər üzündən dağıla bilər.