...Yenə qaldıq “Qarabağ”ın ümidinə. Azərbaycan futbolunun qitə arenasında yükünü yenə Qurban Qurbanovun komandası daşıyacaq.
Niyə axı? Nə vaxta qədər? Verin də bu sualları özünüzə. Baş sandırın, nəyi düzgün etmədiyinizi üzə çıxarın. Niyə Qurban Qurbanov bacarır, siz yox? Axı o da sizin kimi insandı. Bildiyim qədər robotlarla yox, özü kimi adi insanlarla, futbolçularla işləyir. Sizin missiyanız nədi? Premyer-liqada yer tutub avrokuboka vəsiqə qazanmaqla UEFA-dan cüzi gəlir əldə etmək? Bəs təmsil etdiyiniz klubun, ölkənin nüfuzu, reytinqi? Heç bu haqda düşünmüsüz, düşünürsüz? Axı nə vaxta qədər bir-iki mərhələ adlamaqla kifayətlənib, boynunuzu bükərək üstümüzə qayıdacaqsız? Vallah-billah, bacarmırsız bu işi. Amma bilməmək ayıb deyil axı. Öyrənmək üçün bir ətək pul töküb uzağa getməyə, hansısa böyük klubun düşərgəsində kurs keçməyə ehtiyac yoxdu. Adım kimi əminəm ki, Qurban Qurbanova müraciət etsəz, bildiklərini əsirgəməz, hətta sevə-sevə bölüşər. Çünki onun qazandığı uğurlar vətənə, millətə, peşəsinə sevginin məhsuludu. Bəylər, utanmağın yeri yoxdu. Onsuz da utanmaqdan keçib. Zatən bütün ölkə sizin bacarıqsızlığınız üzündən illərdi qitə arenasında utanc, xəcalət təri axıdır.
“Neftçi” flaqmandı, Azərbaycan futbolunun tarixidi. Bu gerçəyi heç kim inkar edə bilməz. “Qarabağ” isə futbolumuzun bugünü və sabahdı. Bu gerçəyi də hamı bir nəfər kimi qəbul edir. Cari avrokubok mövsümü bunu bir daha sübut etdi. Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin bir addımlığındadısa, “Neftçi” Konfrans Liqasında mübarizəni 3-cü təsnifat mərhələsində dayandırdı. Özü də biabırçı şəkildə, çiyninə qonan xoşbəxtlik quşuna təpik (!) atmaqla. Açığı, indiyədək fikirləşirdim ki, belə bacarığa ancaq rəhmətlik Brüs Li malikdi. Görünür, “müqəddəs yer heç vaxt boş qalmır” deyimini unutmuşam. Bu səhvimə görə də dəyərli oxucuların əfvinə sığınıram.
Avrokubokların debütantı “Aris”lə oyunlar “Neftçi”nin hazır olmadığını üzə çıxarmışdı. Bakıda parlaq qələbə qazanılsa da, komandanın oyun planında axsadığını hamı gördü. Flaqman xüsusilə müdafiə planında saç-baş yoldurtdu. Elə “Rapid”lə ilk görüş də istisna olmadı. Ümumiyyətlə, adı çəkilən rəqiblərin az qala hər hücumu təhlükə idi. Yaxşı ki, Laurentsiu Regekampfın qanının arasına ayrı-ayrı futbolçuların fərdi ustalığı girdi və “Neftçi” öncə cənubi kiprliləri mübarizədən kənarlaşdırdı, sonra da vyanalılara qalib gəldi. Təbii ki, son saniyələrdə buraxılan qol hamının əhvalını korladı. Amma bunu da normal müdafiə olunmağı bacarmayan komanda üçün adi hal kimi qəbul etdik.
Bakıda “Rapid”i gözümüzdə çox şişirtdiyimiz də üzə çıxdı. Belədə “Neftçi” səfər matçına qorxmadan çıxmalı, cəsarətli oyun nümayiş etdirməliydi. Əslində Regekampf komandasının Vyanada 2:1 hesablı qələbəni qorumağa çalışmayacağını, qələbə üçün oynayacağını açıqlamışdı. Bir növ sevindirmişdi bizi rumın mütəxəssis. Şəxsən mən onun əvvəlki 3 qarşılaşmadan nəticə çıxararaq belə açıqlama verdiyi qənaətinə gəlmişdim. Normal müdafiə olunmağı bacarmayan komandanın arxaya qapanması zatən özünəqəsd olardı. Amma “Yol əhvalatı” filmində deyildiyi kimi, “heç bir vicdansız alverçi bunu etməzdi, mənim bacım oğlu Makentoş etdi”. Yanlış anlamayın, Regekamp nə vicdansız alverçidi, nə də Makentoş. O, sadəcə, yalançı və qorxaqdı. Bunun “qarşılığını” da Vyanada artıqlamasıyla aldı. Ayrı-ayrı epizodlara özüm qəsdən toxunmuram. Təbii ki, matçın taleyini həll etmək üçün bir neçə əlverişli vəziyyət yaxaladıq. Amma bunun yanına “Rapid”in yaratdıqlarını qoyanda...
“Neftçi” yenə yarıyolda dayandı, qrup həsrətinin ömrü bir qədər də uzandı. Bu isə ilk növbədə klubun özünə zərər vurur, büdcəni zənginləşdirməyə mane olur. Məgər daha böyük büdcənin daha səviyyəli futbolçuların transferi demək olduğunu izah etməyə lüzum var? Sadəcə, bütün bunları reallaşdırmaq üçün ilk növbədə özündə bütün xırda nüansları ehtiva edən peşəkar klub sistemi formalaşmalıdı. Qurban Qurbanovun “Qarabağ”da yaratdığı sistem. Əks halda, bu gedişlə Azərbaycan futbolunun dünəni ilə bugünü arasındakı uçurum daha da böyüyəcək.
P.S. Özüm bilərəkdən “Zirə” və “Qəbələ”nin çıxışı üzərində detallı “gəzişmədim”. Çünki mövcud durumda buna ehtiyac yoxdu.
KƏNAN HƏSƏNOV