“Qarabağ”ın Poznanda “Lex”lə ilk qarşılaşmasından sonra rəqib komandanın baş məşqçisi Con van den Bromu buludların üzərinə qaldırmışdıq.
Əksəriyyət belə düşünürdü ki, Polşa çempionu doğma meydanda məhz onun sayəsində “Qarabağ”ı məğlub etməyi bacardı. Niderlandlı mütəxəssis “köhlən atlar”ı yaxşı öyrənmiş, əsas futbolçularını “zərərsizləşdirə” bilmişdi. Düzdü, səfər məğlubiyyətini şərtləndirən təkcə bu amil deyildi. Yaxşı bilirik ki, “Qarabağ” hər ilin bu vədəsində “relsə düşməkdə” çətinlik çəkir, təsnifat mərhələsinin ilk oyunlarında azarkeşlərini həyəcanlandırır. Özü də bu dəfə vəziyyət daha qəliz idi. Qurban Qurbanov da həmin məqamı vurğulamağı vacib bilmişdi. Belə ki, “Qarabağ”, adətən, 2-ci, 3-cü mərhələdə “Lex” səviyyəsində rəqiblə qarşılaşırdı. Çətin rəqiblərlə üzləşənə qədər “Qarabağ”ın futbolçuları formasını bərpa edir, oyundan-oyuna “artırırdı”. Amma “Lex”lə oyunöncəsi bütün şərtlər Azərbaycan çempionunun əleyhinə idi. Bu baxımdan Con van den Bromun doğma meydanda işi o qədər də çox olmamışdı. Mikael İshakın fərqləndiyi epizodda müdafiəçilərin səhvlərinin sıralanması da “Lex”in minimalhesablı qələbəsini bizim acı qədərimizə çevirdi.
Hər halda, niderlandlı çalışdırıcı son bir həftəni kefi kök, damağı çağ yaşamışdı. Şəninə təriflər söylənilirdi, onu həm Azərbaycanda, həm də Polşada tərifləyənlər var idi. Kristoffer Velde Bakıdakı oyunun 20-ci saniyəsində hesabı açanda isə qanad açıb uça-uça Respublika stadionunun üzərində dövrə vururdu. Düşünmək olardı ki, hər şey “Qarabağ” üçün bitib, “Sürix”lə oyuna hazırlaşan da “Lex” olacaq. Davamını siz də bilirsiz. “Köhlən atlar” onları hesabdan silənləri peşman etdi. Bütün Avropanı yenidən təəccübləndirdi, adından söz etdirdi. Azərbaycan futbolunun səviyyəsi elədi ki, biz hesabda geri düşdüyümüz çox oyuna şahid olmuşuq. Həmin görüşlərin əksəriyyətində də stadionu qarışıq hisslərin təsiri altında tərk etmişik. Fikirləşmişik ki, həmin o “təsadüfi qol” olmasaydı, nəticə fərqli olacaqdı, qapımıza vurulan qol futbolçuları psixoloji cəhətdən sarsıtdı, bütün planları pozdu. “Qarabağ” yavaş-yavaş bu mifi də dağıtmaq üzrədi. Ötən mövsüm Qurban Qurbanovun yetirmələri bu cəsarəti sərgiləmiş, xoşagəlməz mifi darmadağın etməyə başlamışdı. “Lex”lə görüşdə də həmin qəhrəmanlıq bir daha təkrarlandı.
“Lex”in baş məşqçisinin mətbuat konfransındakı davranışı mənə Niderlanda 0:11 hesabıyla uduzan San Marino millisinin baş məşqçisi Mazzanı xatırlatdı. Komandası həmin görüşdə qapısından 11 cavabsız top buraxır, amma nəticədən daha çox onun oyunsonrası mətbuat konfransında dediyi sözlər məşhurlaşır. San Marinonun baş məşqçisi “oyunun “qırılma nöqtəsi” oyundankənar vəziyyətdən qapımıza vurulan 5-ci qol oldu” demişdi. “Qarabağ”la oyunda qapısından 5 top buraxan Polşa çempionunun baş məşqçisi də üçüncü qolun oyundankənar vəziyyətdən vurulduğunu iddia edir. “Qarabağ” Avropada ən çox haqsızlığa məruz qalan klublardan biridi. Haqq-ədalət olsaydı, ağdamlılar hələ 2014-ün dekabrında Avroliqanın qrupundan pley-offa çıxardı, “İnter”lə oyunda haqqı yeyilməzdi. Amma Qurban Qurbanov hər dəfə təmkinli davranıb, hakim səhvlərinin üzərində çox da dayanmaq istəməyib. “İnter” və “Bazel”lə oyunlarda rəqib qapısına vurduğumuz “təmiz” qollar hakimlər tərəfindən sayılmayanda üsyan etməyib, “hakimlər də insandı” deyib. Görünən odu ki, elə əcnəbi çalışdırıcıların da Qurbanovdan öyrənəcəyi çox şey var. Polşaya qayıdan kimi tənqidlərlə üzləşəcəyini yaxşı bilən Con van der Brom bəhanələrə zəmin hazırlamaq, özünu təmizə çıxarmaq üçün Bakıdakı mətbuat konfransında belə populizmlə məşğul olmağa üstünlük verdi.
Niderlandlı mütəxəssisin bəxti onda gətirməmişdi ki, mən də mətbuat konfransının iştirakçıları arasında yer alırdım. Dərhal da tənbəllik etməyib, sual vermək üçün icazə istədim. Növbəm çatanda Poznandakı oyunu, “Lex”in qələbə qazanmasından sonra məhz onun şəninə təriflər söyləndiyini xatırlatdım. Özünü qələbənin memarı kimi xoşbəxt sayan, göylə gedən baş məşqçidən Bakıdakı məğlubiyyətdəki məsuliyyət payının miqyasını öyrənmək istədim. Necə ola bilər ki, komandan udanda sən qəhrəman olursan, amma uduzanda hakimin səhv qərarlarından bəhs edib, bəhanələrin arxasına sığınırsan? Heç bir məşqçiyə belə davranış başucalığı gətirməz, o cümlədən də Con van den Broma. “Qarabağ” rəqibini əzə-əzə, döyə-döyə uddu. Tribunaları dolduran minlərlə azarkeşin, evində televiziya ekranı qarşısında dua edən milyonların duasıyla. Bu hələ harasıdı?! Gözəl günlər, möhtəşəm qələbələr irəlidədi. Çoxlarını bəhanələr arxasına sığınmağa məcbur edəcəksən, “Qarabağ”!
AMAL