Adəm övladı bu duyğunun sayəsində bütün çətinliklərdən xilas ola bilər. Amma nəyə və necə inanmaqla bağlı doğru qərar vermək lazımdı. Bəzən güvənin boşa çıxır, bəzən bacarmırsan, bəzən də sənin ümidini qırırlar. Bunlar insanı həyatda gücləndirən proseslərdi. Başverənlərin hamısına rəğmən, hər zaman qəlbində nəyəsə inamın olur. Elə buna görə də müdriklər bu hisslə bağlı fərqli fikilər səsləndiriblər. Burda bəzi məqamlar bir-biri ilə uzlaşmır. Məsələn, Lev Tolstoy deyir ki, inam vicdanın iradə ilə razılaşmasıdı. Mən bu deyimdə rusiyalı yazarla həmfikir deyiləm. Bəzən elə olur ki, iradəmizdən asılı olmayan şeylərə inanırıq. Tanrının varlığına, Yerin düz olduğuna, cənnət və cəhənnəmin mövcudluğuna inanmaq iradədən asılı olmayan məsələrdi. Mənə görə bunlar təfəkkürün, savadın, elmin formalaşmasından asılı olaraq qavrayacağımız məqamlardı.
Başqa bir nümunəyə keçək! Platon deyir ki, insanlar həqiqətə yox, həqiqət kimi görünən şeylərə inanırlar. Bu fikirlə də razı deyiləm. Həqiqət olan o qədər şeylər var ki... Məsələn, Qarabağ Azərbaycandı!
İndi gəldik əsas məqama. Bu gün inanmalı olduğumuz bir məsələ var. Söhbət bizim olan Qarabağın adını daşıyan klubdan gedir. Ağdam təmsilçisi Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab matçında “Lex”lə qarşılaşacaq. “Köhlən atlar” səfərdə adı çəkilən rəqibə 0:1 hesabı ilə məğlub olub. Bu situasiya çempiona olan inamı bir qədər azaldıb. Sanki bu gün meydana çıxan ardıcıl 8 ildi ölkəmizi qrup mərhələsində təmsil edən komanda deyil də, başqasıdı. Bunu oyuna satılan biletlərin sayından da, Qurban Qurbanovun dünənki açıqlamasından da hiss etmək olar. 50 yaşlı mütəxəssis də mətbuat konfransında futbol ictimaiyyətinin komandaya inanmalı olduğunu bildirdi:
“Dəfələrlə ictimaiyyətdə bizimlə bağlı narahatlıq yaradan məqamlar olub. Bunu normal qarşılayırıq. İnanmıram ki, təzyiq yaratsın. Sadəcə, bir az inamsızlıq yaranması mənə təsir edə bilər. Amma ümumilikdə ilboyu gedən prosesdi. Kimsə tənqid edir, kimsə tərifləyir. Əsas odu ki, inamsızlıq olmasın. Futbolçular hiss etməlidilər ki, onlara güvənirlər. Belədə daha istəkli və məsuliyyətli olurlar. Azarkeş futbolun ən vacib hissəsindən biridi. Azarkeş kütləsi futbolçulara əlavə motivasiya, inam, məsuliyyət verir. Çox istərdim ki, sabah stadion tam dolu olsun. Amma inanıram ki, 10 milyon azərbaycanlı bizimlədi, kimisi stadionda, kimisi evdə, kimisi işdə azarkeşlik edəcək. Bu dəstəyi hiss edəcəyik. Hər biri "Qarabağ"ın uğurlu nəticəsini istəyir”.
Gördüyünüz kimi, baş məşqçi də onlara olan inamsızlıqdan narahatdı. Bu gün “Qarabağ”sevərlər stadionu tam doldurmalıdı. Çünki bu komanda 8 ildi ki, Azərbaycan səviyyəsində çox böyük uğurlara imza atıb. Qələbələri ilə futbolda sevincə həsrət olan xalqımızın üzündə təbəssüm yaradıb. İndi lazımi məqamda Ağdam təmsilçisini tək qoymaq, Tolstoyun dediyi kimi, iradə ilə vicdanın razılaşmaması olacaq. Gəlin, xalq olaraq Platonun “insanlar həqiqətə yox, həqiqət kimi görünən şeylərə inanırlar” aforizminə qarşı çıxaq. Axı “Lex”in “Qarabağ”ı üstələyib, turu keçəcəyi həqiqət deyil. Düzdü, ilk oyunda komandamız yaxşı oyun sərgiləyərək uduza bilər. Amma həqiqət budu ki, “Qarabağ” “Lex”dən daha təcrübəli və güclüdü. Və mən bütün qəlbimlə inanıram ki, Ağdam təmsilçisi Bakıda digər Polşa klubları - “Pyast”, “Visla” (Krakov), “Legiya” ilə görüşlərdə olduğu kimi qələbə qazanıb, mərhələ keçəcək. Bu, olmaya da bilər. Lakin hazırkı çətin məqamda “Qarabağ”ın yanında olmağımız mənəvi borcumuzdu...
İLKİN SULTANLI