İTV Braziliya çempionatını yayınlayacaq.
Telekanal bununla bağlı aprelin 1-də sosial şəbəkə hesablarında xəbərlər paylaşıb. Tarixi nəzərə alaraq bunun yalan məlumat olduğunu düşünənlərin sayı az deyildi.
Mövzu ilə bağlı ətraflı məlumat almaq üçün İTV-nin İdman Departamentinin rəhbəri Kənan Hakimovla danışdıq. Telekanal rəsmisinin “Football-plus.az” saytına açıqlaması belə oldu:
“Braziliya A seriyası yayın hüququna sahib şirkət tərəfindən İTV-nin Beynəlxalq Əlaqələr Departamentinə təklif olunub. Onlar isə öz növbəsində bununla bağlı bizə məlumat verərək, adıçəkilən turnirlə bağlı fikrimizi öyrəndilər. Turnirin təqviminə və A seriyasında futbol azarkeşlərinə yaxşı tanış olan, yaxın keçmişdə Avropanın top-klublarında forma geyinən bir çox ulduz oyunçuların çıxış etdiyini nəzərə alaraq bu çempionatın futbol həvəskarlarına maraqlı olacağını düşündük. Telekanal rəhbərliyi də çempionatın mərkəzi qarşılaşmalarının İTV-nin efirində canlı yayınlanmasına müsbət yanaşdı. Məlumat üçün bildirim ki, A seriyasının mərkəzi qarşılaşmalarının əksəriyyəti saaat 23.00 və ya 23.30-da başlayır. Yəni onlar teleyayından daha çox maddi qazanc əldə etmək üçün saatları Avropaya uyğun bölüşdürüblər. Təbii ki, bu da seçimimizə ciddi təsir edən amillərdən oldu. Üstəlik, Braziliya çempionatı yaz-payız sistemi ilə keçirildiyindən tamaşaçılar Avropada liqalar yekunlaşandan sonra yayboyu futbolsuz qalmayacaq. Braziliya A seriyası Avropanın top-komandaları üçün bir vitrindi və böyük klubların skautları bu liqanı diqqətlə izləyir”.
SƏNƏM FƏRHADOVA