“Komandanın durumundan xəbərləri yoxdu, stadiondan danışırlar” - “Kəpəz” azarkeşi rəhbərliyə etiraz etdi

27.04.2026 14:27
Ölkə futbolu / Manşet
Cari mövsümün gedişində “Kəpəz”in düşərgəsindən gələn xəbərlər o yöndə idi ki, komanda böyük ehtimalla 33-cü turda əbədi-əzəli rəqibi “Neftçi”ni Gəncədə qəbul edəcək. Amma ötən gündən etibarən mediada fərqli xəbər dolaşır: FİFA hələ mayda stadionu təftiş edəcək, həmin ayın sonunda və iyunda bu idman qurğusu ilə bağlı qərar veriləcək.

Gəncəli azarkeşlər “Neftçi” fanatlarına “Gəncədə görüşərik” tipli qıcıqlandırıcı mesajlar da göndərirdilər. Deyəsən, onların arzusu ən azı bu mövsüm ürəklərində qalacaq. Çünki komanda bu “futbol ili”ndə bir ev oyununu belə Gəncədə keçirməyək. Belə çıxır ki, “Kəpəz” rəhbərliyi medianı, azarkeşləri aldadıb.

Bu barədə klubun ən böyük azarkeş qrupu “Xəmsə”nin rəhbəri Müşfiq Məmmədovla danışdıq:

“Düzdü, biz də gözləyirdik ki, mayda ev oyununu Gəncədə keçirəcəyik. Açılış oyunu “Neftçi” ilə olsaydı, daha yaxşı olardı. Klubdan açıqlama verənlərin də xəbərləri yoxdu. Onların səlahiyyəti varmı stadion haqda açıqlama verməyə?! Klubun o qədər çox dərdi var ki: oyun, heyət, gələn mövsümün planı. Bunlardan xəbərləri yoxdu, amma stadion haqda danışırlar. Bildiyimə görə, ora Gənclər və İdman Nazirliyinindi. Stadionla bağlı suala onlar cavab versə, daha yaxşı olar. Axırıncı oyundan sonra klubun daxilində xaos yaşanır. Bizi hazırda maraqlandıran stadiondan çox komandanın durumudu”.

MÜZƏFFƏR QULUZADƏ