Misli premyer-liqasının 29-cu turunda “Neftçi” evdə “Qarabağ”a məğlub oldu - 1:5.
“Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında “Neftçi”nin məşqçisi Vitali Vernidub jurnalistlərin suallarını cavablayıb.
- “Neftçi”nin bu dəfə “Qarabağ”a qarşı qələbəsiz oyunlar seriyasının qırılacağı gözlənilirdi. Niyə belə hesab oldu?
- “Qarabağ”la fərqli səviyyələrdəyik. O səviyyəyə çatmaq istəyirik. Bu asan məsələ deyil. Futbolçular hər gün məşq etməlidi. Onlar bunu tez başa düşsə, əlçatan olacaq. Motivasiya yetərli deyil. Keyfiyyət də lazımdı.
- Metyu sanki mərkəzdə tək qalmışdı.
- Əlbəttə ki, hazırlaşmışdıq. Onlar ÇL-də oynayır. Səviyyə göstərir. Bizim futbolçular özlərinə sual verməlidi: daha yaxşı ola bilərdik? Taktiki aspektləri yaxşılaşdırmalıyıq. Bunu hər kəs anlamalıdı. Futbolçuların ambisiyalarıı “Neftçi”dən üstün deyil. Onlar bunu dərk etməlidi.
- Hazırlaşmağınıza şübhə yoxdu. Qurban Qurbanov start heyətində manevr etdi - Kamilo Duran ehtiyatda idi. Müdafiəçiləriniz də Musa Qurbanlı fırtınasının qarşısında aciz qaldı.
- Bilmirəm necə cavab verim. Əlbəttə, hazırlaşmışdıq. Musa daha yaxşı oynadı, yarıb keçdi. Mövqeyimizi bilib, oyunu araşdırmalıyıq. 5:1-i təhlil etməliyik. Bu hesaba görə azarkeşlərdən üzr istəyirəm.
- 4 gün sonrakı oyuna hazırlaşmaqda psixoloji problem olmayacaq?
- Əlbəttə, olacaq, danmaq olmaz. Peşəkar futbolçusansa, belə məğlubiyyətdən dərs almalısan. Neqativ məqamları aradan qaldırmaq lazımdı.
- Nitqinizdən futbolçuların intizamsızlığından narazılığınız hiss olundu.
- Belə bir şey yoxdu. Biz böyük kollektivik. Bunu hər kəs başa düşür. Heç bir intizam problemi yoxdu. “Neftçi”də oynamaq üstünlükdü. Futbolçular bunu anlamalıdı.
MÜZƏFFƏR QULUZADƏ
“Bu hesaba görə azarkeşlərdən üzr istəyirəm” – Vitali Vernidub
Ölkə futbolu / Manşet





