Belə görünür ki, “Fənərbaxça” azarkeşlərinin çempionluq arzusu bu il də çin olmayacaq. Axı “sarı-lacivərdlilər” bir qədər əvvəl başa çatan İstanbul derbisində səfərdə “Qalatasaray”a böyük hesabla uduzdu – 0:3. Hərçənd “Fənərbaxça” erkən qol vurmaq üçün gözəl imkan qazanmışdı.
Talişkanın 13-cü dəqiqədə penaltini boşa verməsi oyunun axarına ciddi təsir göstərdi. “Qalatasaray” Viktor Osimhen (40-cı dəq.), Barış Alpər Yılmaz (67) və Lukas Torreyranın (83) vurduğu qollarla 3:0 hesablı qələbə qazandı.
Sona üç tur qalmış İstanbul nəhəngləri arasında xal fərqi 7-yə çatdı. “Qalatasaray” 74 xalla turnir cədvəlinə başçılıq edir, “Fənərbaxça” 67 xalla 2-ci pillədə qərarlaşıb.