Azərbaycan premyer-liqasının 18-ci turu “Qəbələ” üçün heç də düşərli olmadı.
Turun qalan üç oyununda qeydə alınan nəticələr müəyyən mənada gözlənilən idi. “Qara zolaq”dan heç cür çıxa bilməyən “Sumqayıt”la “Səbail” növbəti məğlubiyyətlə barışmalı oldu. “Zirə”nin minimalhesablı qələbəyə sevinməsi, “Neftçi”nin yalnız 70-ci dəqiqədən sonra hesabı açması heç də real vəziyyətin nəticədə əksi deyil. Qarşılaşmaları izləyənlər sözlərimi təsdiqləyər. Hər iki görüşdə qüvvələr nisbətinin qeyri-bərabər olması açıq-aşkar görünür, əvvəlcədən favorit sayılan komandaların sonda 3 xalı bayram edəcəyi hiss olunurdu. Sadəcə, geci-tezi var idi. “Sumqayıt”la “Səbail” hələ uzun müddət bu cür də davam edəcəklər. Ola bilsin, növbəti turlarda bu komandalardan hansısa qələbə qazanıb, uğursuz axara son qoymağı bacaracaq. Amma bu qələbənin özü belə hər şeyin yaxşılığa doğru dəyişməsinin işarəsi olmayacaq, təsadüfi xarakter daşıyacaq. Necə deyərlər, bunun belə olacağını yaşayıb görəcəyik.
Elə “Keşlə”ni də bu sıraya əlavə etmək olar. Sənan Qurbanovun çalışdırdığı komanda da açıq-aşkar zəifdi, elitanın səviyyəsinə, premyer-liqanın ad-sanına layiq görünmür. “Keşlə”nin Şamaxıya köçürülməsi prosesi, ümumiyyətlə, qəsəbə təmsilçisinin ziyanına işləyib. Futbolçular ruhdan düşüb, həvəssiz və motivasiyasız görünürlər. “Sabah”a qələbə gətirən qol son dəqiqələrdə, özü də standart vəziyyətdən sonra vuruldu. Bununla belə, qonaq komanda 90 dəqiqənin əksər bölümündə oyuna diqtə edən tərəf idi. “Keşlə” bir qədər də yararsız süni örtüyün sayəsində “Sabah”a problem yaratmağı bacarır, hesabın açılmaması üçün əlindən gələni edirdi. Amma bu taktika heç də həmişə uğur gətirmir. Etiraf edim ki, “Keşlə” - “Sabah” oyununu izləyə-izləyə yuxulayır, kanalı dəyişməkdən özümü güclə saxlayırdım. Bu mənada “Sabah”ın oyunun sonlarında haqq etdiyi qolu vurduğunu, layiq olduğu qələbəni qazandığını deməliyik. Bu yaxınlarda “Keşlə” yeni adıyla oynamağa, rəqiblərini Şamaxıdakı stadionda qəbul etməyə başlayacaq. “Hava dəyişikliyinin” komandanın xeyrinə, yoxsa ziyanına işləyəcəyini demək bir qədər çətindi. Amma təxmin edirəm ki, nəticələr indikindən çox da fərqlənməyəcək, bugünün “Keşlə”si, sabahın “Şamaxı”sı elə indiki kimi iddiasız və ruhsuz şəkildə mövsümü yola verməyində olacaq.
Sözsüz, son turun mərkəzi qarşılaşması “Azərsun Arena”da oynanılırdı. “Qarabağ”la “Qəbələ”nin qarşılaşmasını təkcə bu iki komandanın azarkeşləri yox, digər futbolsevərlər və mütəxəssislər də maraqla gözləyirdi. Avrokuboklarla vidalaşan “Qarabağ”ın yerli çempionata necə köklənəcəyi çoxları üçün maraqlı idi. Üstəlik, bu duel “Qəbələ”nin gücünə qiymət verməyə yardımçı olacaq, “qırmızı-qaralar”ın gümüş medal iddialarının nə dərəcədə ciddiliyini göstərəcəkdi. Heç şübhəsiz, “Qarabağ” bu görüşün favoriti sayılırdı və əksər mütəxəssislər meydan sahiblərinin 3 xalı bayram edəcəyini gözləyirdi. Amma çətin ki, fərqin bu qədər böyük olacağını, “Qarabağ”ın “Qəbələ”nin qapısına beş dəfə yol tapacağını proqnozlaşdıranlar tapılaydı. İlk yarının bərabərə bitməsi, “Qəbələ”nin Kadinin qoluna cavab verməyə imkan tapması dediklərimin sübutudu. Fasilədən sonra olanlar isə səviyyə fərqinin əsl göstəricidi idi. Türklər demiş, “Qarabağ” oyuna ağırlığını qoydu və istədiyi nəticəni də aldı. “Qarabağ”ın beş qolla qələbə qazanması həm də onun göstəricisidi ki, “köhlən atlar” istədiyi anda tempi artırmağı, rəqibin qapı torunu istədiyi qədər silkələməyi bacarır. Özü də rəqib medallara iddialı, uzun müddət Ağdam təmsilçisinin ən yaxın izləyicisi olan “Qəbələ” idi. Maraqlısı odu ki, 6 qolun hamısını legionerlər vurdu. Mərkəzi görüşdə yerlilərin kölgədə qalması, adlarını tabloya yazdıra bilməməsi heç də xoş görüntü deyil.
“Qəbələ” bu yenilgidən sonra 3-cü pilləyə gerilədi. Özü də növbəti qələbəsini qazanan “Neftçi” də bölgə klubuna yaxınlaşmaq imkanı qazandı. Artıq bu iki komandanın arasındakı xal fərqi birə bərabərdi. Bundan sonrası heç də asan olmayacaq. Mükafatçılar sırasında qalmaq üçün “Qəbələ” əzmkarlıq göstərməli, “Qarabağ”la oyundakı səhvləri təkrarlamamalıdı. Xüsusilə də qarşıdakı iki tur xeyli vacibdi. Martın 13-də “Zirə”ni qəbul edəcək “qırmızı-qaralar” qələbə sayəsində əldən verdiyi ikinci pilləni özünə qaytara bilər. Bu görüşdə “Qəbələ”nin qələbəsini “Neftçi” də arzulayacaq. Çünki “Zirə” Qəbələdə büdrəsə, “ağ-qaralar” da ikinci pilləyə yaxınlaşacaq. Özü də martın 18-də “Qəbələ” “Neftçi”ylə səfərdə qarşılaşacaq. Hadisələrin mümkün ssenarisi bu görüşün əhəmiyyətini xeyli artıra bilər. Görünən odu ki, Novruz bayramı ərəfəsində futbolsevərləri maraqlı qarşılaşmalar gözləyir. “Qəbələ” isə əldən verdiyi “gümüş pillə”ni geri qaytarmaqla bayram fasiləsinə yaxşı-əhval ruhiyyədə yollana bilər.
AMAL