“Palmeyras” “Flamenqo” ilə xal fərqini 7-yə çatdırdı - İCMAL

9.06.2026 19:16
Dünya futbolu
Braziliya çempionatında keçirilən 17-18-ci turların oyunlarından sonra turnir cədvəlinin ilk üç pilləsində sıralama baxımından dəyişiklik baş vermədi. Amma liderlə əsas izləyicisi arasındakı xal fərqi dəyişdi.

"Football-plus.az" xəbər verir ki, nəhayət, “Palmeyras” 3 oyunluq heç-heçə seriyasına son qoydu. Son həftələr rəqibləri ilə yalnız “sülh bağlamağı” bacaran Abel Ferreyranın komandası əsas izləyicisi “Flamenqo”nun özünə yaxınlaşmasına şərait yaratmışdı. Son mövsümün gümüş mükafatçısı 17-ci turda məhz ötən mövsümün çempionunun qonağı oldu. Ehtiyatda bir oyunu olan “Flamenqo” evdə qalib gələcəyi halda liderlə xal fərqini 1-ə endirəcək və potensial lider sayılacaqdı. Lakin Rio de Janeyroda fərqli nəticə qeydə alındı.

Nəticəyə isə ilk yarının ortalarında baş verən hadisənin böyük təsiri oldu. Ev sahiblərinin vingeri Karraskal 21-ci dəqiqədə rəqibə qarşı kobud hərəkətə görə qarşısında birbaşa qırmızı vərəqə gördü. Buna qədər oyun planında üstün olan Leonardo Jardimin komandası məlum səbəbdən tədricən təşəbbüsü əldən verdi. Fasiləyə yaxın üstünlüyə tam yiyələnən san paululular X.Lopes ilə hesabı açdılar. İkinci hissəyə fəal başlayan meydan sahiblərinin cavab qolunu vurmaq üçün etdiyi cəhdlər bir nəticə vermədi. Uduzmaq istəməyən “Flamenqo”nun nisbətən açıq oyun sərgiləməsi arxa xətdə boşluqlara yol açırdı. Rəqib bundan məharətlə yararlandı. 57-ci dəqiqədə Allan qonaqların üstünlüyünü iki topa çatdırdı. Ev sahibləri hər necə olsa, qolların əvəzini çıxmağa çalışdılar. Lakin sonda tabloda çempion üçün faciəvi hesab parıldadı: Paulinyo 90+5-ci dəqiqədə “Palmeyras”ın 3:0 hesablı qələbəsini rəsmiləşdirdi!

Ferreyranın komandası növbəti oyunda autsayder “Şapekoense” ilə qarşılaşdığından əsas izləyicisi ilə 7 xallıq fərqi qoruyacağına şübhə yox idi. Lider buna nail oldu, amma evdə zəif rəqibi böyük çətinliklə məğlub etdi. 43-cü dəqiqədə Allan kobudluğa əl atdığına görə meydandan qovuldu. Buna qədər qapıya yol tapa bilməyən “Palmeyras” fasilədən sonra Paulinyo ilə hesabı açdı. Ancaq qələbəni qorumaq “yaşıllar”a böyük çətinlik hesabına başa gəldi. Qonaq komandanın oyunçusu İtalonun 90+5-ci dəqiqədə vurduğu qol VAR-ın müdaxiləsi ilə hesaba alınmadı. Bu epizodun dəyərləndirməsi çox vaxt apardığından komandalar 90-cı dəqiqədən sonra daha 20 (!) dəqiqə mübarizə aparmalı oldu. Bu müddətin 15-ci dəqiqəsində VAR-dan ev sahiblərinin cərimə meydançasında qayda pozuntusu ilə bağlı siqnal gəldi və hakim penalti nöqtəsini göstərdi. Lakin Bolasinin zərbəsi dəqiq alınmadı. Beləliklə, çətin qələbə “Palmeyras”a liderliyini möhkəmlətmək imkanı yaratdı.

Evdə çempionluq uğrunda əsas rəqibinə uduzan “Flamenqo” rüsvayçı məğlubiyyətin əvəzini “Koritiba”dan çıxdı. 3:0 hesablı qələbə qazanın Jardimin komandası liderdən 7 xal geri qalsa da, ehiyatda bir oyunu var.

İki tur əvvəl liderdən 5 xal geri qalmaqla 3-cü yerdə olan “Fluminense” üçün növbəti oyunlar heç də yaxşı alınmadı. Səfərdə “Mirassol”a uduzan (0:1) Luis Subeldiyanın komandası “Kruzeyro” ilə oyunda 2:2 hesabına razılaşdı. Nəticədə liderdən 10 xal geri düşən “Fluminense” mövqeyini qorudu.
Səbəb rio de janeyroluların 16-cı turdan sonra əsas izləyicilərini 6 xal qabaqlaması ilə bağlıdı. Sonuncular isə iki turda müxtəlif nəticələr göstərdilər. 1 xal qazanan “San Paulu” 4-cü yerdən 8-ə yuvarlandı. Əksinə, hər iki oyunda qalib gələn “Atletiko Paranaense” isə maksimum nəticə ilə 4-cü yerə yüksəldi.

Əlavə edək ki, A seriyasında dünya çempionatına görə fasilə yarandı. 19-cu turun oyunları iyulun 21-23-ü aralığına təyin olunub.

17-ci tur
Flamenqo - Palmeyras 0:3
X.Lopes, 38. Allan, 57. Paulinyo, 90+5.
Mirassol - Fluminense 1:0
Denilson Alveş, 36.
San Paulu - Botafoqo RJ 1:1
Lusiano, 4 – Barrera, 90.
Remo - Atletiko Paranaense 1:2
Jaja Silva, 14 – Viveros, 45; 53.
Vasku da Qama - Braqantino 0:3
Rodriginyo, 45+1. Pitta, 60. Fernando, 77.
Vitoriya - İnternasyonal 2:0
Rene, 29. Tarziya, 90+7.
Qremio - Santos 3:2
Vinisius, 40; 59. Tete, 63 – Qabriel Barboza, 32; 55.
Kruzeyro - Şapekoense 2:1
Kayo Jorje, 27-p. Sinisterra, 73 – Joao Paulo, 79.
Korintians - Atletiko Mineyro 1:0
Labyad, 88.
Koritiba - Bayya 3:2
Bruno Melo, 56. Laveqa, 65. Breno Lopes, 68 – Tyaqo, 26-öz qapısına. Everaldo, 90+1.

18-cı tur
Palmeyras – Şapekoense 1:0
Paulinyo, 65.
Flamenqo - Koritiba 3:0
Lino, 11; 70. Pedro, 60.
Kruzeyro - Fluminense 1:1
M.Pereyra, 75 - Kennedi, 43.
Remo - San Paulu 1:0
Marselinyo, 90+4.
Atletiko Paranaense - Mirassol 1:0
Viveros, 88.
Qremio - Korintians 1:3
Mets, 7 – Andre Luiz, 45+2; 65. Andrade, 67.
Bayya - Botafoqo RJ 2:1
Ferrarezi, 57-öz qapısına. Duarte, 90+2 – Uquinyo, 7.
Vasku da Qama - Atletiko Mineyro 0:1
Vitor Uqo, 32.
Braqantino - İnternasyonal 3:1
Fernando, 18. Kapişaba, 45+8. Volpi, 52-p. – Agirre, 79.
Santos - Vitoriya 3:1
Terseros, 19. Barreal, 54. Qabriel Barboza, 56 – Rene, 74.

1. Palmeyras 18 12 5 1 30-13 41
2. Flamenqo 17 10 4 3 31-16 34
3. Fluminense 18 9 4 5 28-23 31
4. Atletiko Paranaense 18 9 3 6 24-18 30
5. Braqantino 18 9 2 7 25-19 29
6. Bayya 17 7 5 5 25-23 26
7. Koritiba 18 7 5 6 24-24 26
8. San Paulu 18 7 4 7 23-20 25
9. Atletiko Mineyro 18 7 3 8 22-23 24
10. Korintians 18 6 6 6 18-19 24
11. Kruzeyro 18 6 6 6 24-28 24
12. Botafoqo RJ 17 6 4 7 31-31 22
13. Vitoriya 17 6 4 7 21-25 22
14. İnternasyonal 18 5 6 7 21-22 21
15. Santos 18 5 6 7 26-29 21
16. Qremio 18 5 6 7 20-23 21
17. Vasku da Qama 18 5 5 8 22-29 20
18. Remo 18 4 6 8 21-29 18
19. Mirassol 17 4 4 9 18-24 16
20. Şapekoense 17 1 6 10 17-33 9

Bombardirlər: Viveros (Atletiko Paranaense) - 11, Pedro (Flamenqo) - 10, Vinisius (Qremio), Kennedi (Fluminense) - 9.