Lionel Messi DÇ-2026-da xarüqələr yaradır. Özü də 39 yaşı tamam olmaq ərəfəsində. Bu gün onun ad günüdü.
İlk iki oyunda het-trik və dubl etməklə argentinalı superulduz mundial tarixinin ən məhsuldar oyunçusuna çevrilib. Dünya futbolunda xarizması və oyunu ilə iz buraxmış isimlərdən olan Zlatan İbrahimoviç Messini yerə-göyə sığdırmayıb. Tarixin ən yaxşı oyunçusu mövzusundakı müzakirələrin bitdiyini bildirən İbra Messini Pele, Maradona və Kroyffdan üstün tutub:
''Məncə, artıq bütün zamanların ən yaxşı oyunçusu mövzusunu müzakirə etməyə dəyməz. Çünki müzakirə edəcək bir şey qalmayıb. Bu adam həm DÇ-ni qazanıb, həm DÇ tarixinin ən məhsuldar oyunçusudu, fərqli nəsillər gəlsə də, turnirə damğa vurmaqda davam edir və 38 yaşında hələ də ən yüksək səviyyədə oynayır. İnsanlar başqa nə istəyir? Onu uzun illərdi, hər kəslə qarşılaşdırırıq. Ancaq etiraf etməliyik ki, əvvəlki əfsanələr karyeraları ərzində etdikləri baxımından Messidən geri qalırlar. Pele, Maradona, Kroyff və digərləri də möhtəşəm idi. Amma Messinin statistik göstəriciləri, sabitliyi və qazandığı titullar onu tamamilə başqa bir kateqoriyaya yerləşdirir. Bu turnirdə iki oyuna 5 qol vurub. Mən iki mundialda iştirak etmişəm və qol vura bilməmişəm. Onun adına sevincliyəm və bunun davam etməsini istəyirəm. Ad günü də yaxınlaşır. Bu anların dadını çıxarmalıdı. Çünki hər birimiz onu izləməkdən böyük zövq alırıq. Sadəcə mükəmməl işlər görür. Messi Argentinanın ürəyidi. Bütün oyunu o idarə edir. Mərkəz xəttini keçən kimi rəqiblərin bütün fikri onun yanında qalır. Onun meydandakı varlığı komanda yoldaşlarını da ən inanılmaz şeyləri bacaracaqlarına inandırmaq üçün yetərlidi. Məndən tez-tez ən yaxşı futbolçu ilə bağlı fikrimi soruşurlar. Amma mənim üçün futbol iki yerə bölünür: Messi və digərləri. Oyununu izlədiyimdə ''bu, normal bir şey deyil'' dediyim yeganə futbolçu Messidi. Rəqiblər əslində onun nə edəcəyini bilirlər. Amma yenə də qarşısını kəsə bilmirlər. Bəzi oyunçular əfsanə olur, bəziləri ikonaya çevrilir. Messi isə artıq öz kateqoriyasını yaradıb. Onun bu mundialdakı performansından sonra hələ də ''gəlmiş-getmiş ən yaxşı futbolçu kimdi'' sualını verirsizsə, yanlış bir sual ünvanlayırsız. Doğru sual belə səslənir: futbol bir daha onun kimi bir oyunçu yetişdirə biləcəkmi?''