Ramil Şeydayevin “Kocaelispor”un ayrılması şəxsən mənim üçün heç də təəccüblü olmadı.
Azdan-çoxdan Ramili tanıyırıq, onun nəyə qadir olduğunu bilirik. Söhbət Şeydayevin insani keyfiyyətlərindən getmir. Millimizin də üzvü olan Ramilin futbolçu kimi bacarığını və xarakterini nəzərdə tuturuq. Hiss etmək çətin deyildi ki, uşaqlığını Rusiyada keçirən, futbolçu kimi ilk addımlarını orda atan Ramil zamanla sıradan bir azərbaycanlı futbolçuya çevrilir. İndi onun arzuları arasında karyera qurmaq, Avropanın tanınmış klublarına can atmaq yoxdu. Əsas məqsəd az əziyyət çəkib, daha çox qazanmaq, Azərbaycanda gününü keçirməklə sərvətini artırmaqdı. Nə deyək, sağlığına qismət olsun.
Bizim Ramillə bağlı arzularımız tam başqa idi. Zarafat deyil, adam “Zenit”in futbol məktəbində bu oyunun sirlərini öyrənib, artıq 17 yaşında Sankt-Peterburq klubu ilə peşəkar müqaviləyə imza atıb. Buna qədər də Rusiyanın müxtəlif yaş qrupları üzrə yığmalarında özünü göstərməyi bacarıb. Yığma səviyyəsində də ilk uğurunu elə 2013-cü ildə qazanıb. Belə ki, onun da heyətində çıxış etdiyi Rusiyanın U-17 yığması həmin il Avropanın ən güclüsü olub, çempionluğu bayram edib. Şeydayevli Rusiya millisi iki il sonra 19 yaşadək futbolçuların qitə çempionatında finala yüksəlib. Amma qızıla gedən yolda ispanlar ruslardan güclü olub, final qarşılaşması İspaniyanın 2:0 hesablı qələbəsiylə yekunlaşıb. Bütün bunları xatırlatmaqda məqsədim odu ki, Ramil Şeydayevin bir vaxtlar Rusiya kimi böyük ölkədə sayılıb-seçilən hücumçulardan olduğunu, qitə səhnəsində sözünü deməyi bacaran yığmaya da yüksəldiyini qəbul edək.
Sonrası nə oldu?
Hər şey 2016-cı ildən başladı. Dəqiq söyləmək çətindi ki, Ramilin eniş-yoxuşlu yollara qədəm qoymasına səbəb nə oldu. Ya futbolçu Rusiya klublarında heyətə düşməyin çətin olmasından, bununla da yığmadakı yerini itirməsindən qorxdu, ya da AFFA-nın şirnikləşdirici təklifləri onu yoldan çıxardı, pulun cazibəsi karyera yüksəlişindən üstün oldu. Səbəb nə olur-olsun, görünən odu ki, Şeydayev daha asan və qazanclı yolu seçdi, taleyini Azərbaycanla bağladı. AFFA-nın daxilində fəaliyyət göstərən menecer qrupunun əli ilə 2016-cı ildə “Trabzonspor”a yollanan Ramil elə həmin ərəfədə yığmamızda oynamağa razılıq verdi. Amma Azərbaycan millisinin qol ümidi sayılmaq o demək deyildi ki, “Trabzonspor”da da heyətə düşəcəksən, sənə daim etimad göstərəcəklər. Ramil ordakı rəqabətdən qalib çıxa bilmədi, əsas heyətə düşməyi bacarmadı.
Oxşar tale hücumçumuzu “Jilina”da da gözləyirdi. Orda da Ramil hücumçular arasında sözünü deyə bilmədi, çox keçmədən Azərbaycana gəldi. Burda onu “Qarabağ” gözləyirdi. Lakin həmin vaxt “Qarabağ”da da uzun müddət qərar tutmaq mümkün olmadı. Ordan Samara “Krılya Sovetov”una yollanan Ramil qısa müddət “Dinamo”da da çıxış etdi. Di gəl ki, ona heç də yad olmayan Rusiyada qolçuluq bacarığını yenidən nümayiş etdirmək bu dəfə alınmadı.
“Sabah”a böyük ümidlərlə dəvət edilən hücumçu üçün 28 oyuna cəmi 6 qol vurmağı bacardı ki, bunu da yaxşı göstərici saya bilmərik. Bu məqamda Ramilin dadına Qurban Qurbanov çatdı. Ona yenidən “Qarabağ”da şans verən hoca Ramili sanki ikinci dəfə həyata qaytardı. Uzun zamandı gözlənilən olmuşdu. Ramilin “ayağı açıldı”, qolları sıralamağa başladı. Bu dəfə də ortaya pul girdi. Hamımızın Ramilin legioner həyatı yaşamasını arzulayırdıq. Lakin beləsi ağlımıza da gəlməzdi. Şeydayev “Qarabağ”ı hansısa Avropa klubuna görə yox, Taylanda yollanmaq üçün tərk etdi. “Buriram Yunayted”dəki karyerası çox qısa sürdü. Komanda yoldaşlarının onu çinlilərin hücumundan müdafiə etməməsi bu ayrılığı da sürətləndirmiş oldu. “Kocaelispor” səhifəsi də elə onun kimi oldu. İş o yerə gəlib çatdı ki, Türkiyənin aşağı liqa təmsilçisinin azarkeşləri onun gedişini bayram etdilər. Klub rəsmilərinin Ramilə verəcəkləri pula qənaət etdiklərinə görə sevinmələrindən isə xəcalət çəkməyə dəyər.
Bilmirəm Ramil özü belə bir duruma düşdüyünə görə utanır, ya yox. Hər halda, ürəkaçan nəsə yoxdu. Adam “Qarabağ”dakı karyerasını çıxmaq şərti ilə son 8 ildə zamanını klub dəyişməklə, ona verilən şansları sağa-sola xərcləməklə məşğul olub. Sənə ümidimiz çox böyük idi, Ramil. O ümidi bizə verən də gördüyün yaxşı futbol məktəbi, istedadına olan inamımız idi. Zirvələr fəth edəcəkdin, Avropa klublarında qollarını sıralayıb, bizi sevindirəcəkdin. Lap elə “Ögəy ana” filmindəki İsmayıl kimi, yol çəkməyə gedəcəkdin... Heç biri olmadı. Ümid edək ki, bundan sonra olacaq.
AMAL