Maraqlıdı ki, yeni klubu onu Rusiya vətəndaşı kimi sifariş edib. Millimizin üzvü ilə bağlı müraciət Türkiyə Futbol Federasiyasının rəsmi saytında qəbul olunub. 28 yaşlı hücumçu 2025-ci il iyunun 30-na qədər “Kocaelispor”un oyunçusu kimi qeydiyyata alınıb. Bəs bunun səbəbi nədi, niyə Azərbaycan yox, Rusiya vətəndaşı kimi? AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli sualımızı belə cavabladı:
“Bəli, “Transfer Matching System” Ramili “Kocaelispor”un heyətində azərbaycanlı yox, Rusiya vətəndaşı kimi göstərib. Amma futbolçu azərbaycanlı kimi çıxış edəcək, yəni legioner sayılmayacaq. Sadəcə, TMS-də Rusiya vətəndaşı kimi qalıb. AFFA-nın baş inzibatçısı İslam Abbasovun vasitəçiliyi ilə də Ramillə danışdıq. O özü də “Kocaelispor”da Azərbaycan pasportu ilə oynayacağını bildirdi. Yəqin ki, nədənsə sistemdə belə qalıb”.
Bəs Ramil yeni komandasında nə vaxt debüt edəcək? Qeyd edək ki, “Kocaelispor” bu gün 1-ci liqanın 19-cu turu çərçivəsində Arda Turanın çalışdırdığı “Eyupspor”la qarşılaşacaq. Futbolçunun məhz bu matçda meydana çıxacağı gözlənilir. Hər halda, “yaşıl-qaralar”ın baş məşqçisi Ərtuğrul Sağlam belə deyir:
“Ramilin gəlişi ilə heyətdəki çatışmazlıqlar böyük ölçüdə aradan qaldırılıb. Həm o, həm də başqa transferlər oynamağa hazırdı”.
KƏNAN BAHADIR






