“Zirə” Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab görüşündə məğlub olaraq mübarizəni dayandırdı.
Halbuki “Şerif”i səfərdə məğlub edən “qartallar”ın növbəti mərhələyə adlayacağına inananlar inanmayanlarla müqayisədə daha çox idi. Matç ərzində meydanda yaşananlarla reportajda tanış olduq. Burda səbəb–nəticə uzlaşmasından və ötəri yanaşılması mümkün olmayan vacib nüanslardan bəhs edəcəyik.
Azarkeş azlığı...
Düzdü, oyunun protokoluna 4700 azarkeşin tribunalarda yer aldığı yazılıb. Lakin hansısa güc məni buna inandıra bilməz. Vallah, 6500 tamaşaçı tutumuna malik “Liv Bona Dea Arena”nın heç yarısı belə dolmamışdı! Oyunun başlamasına bir neçə dəqiqə qalmış stadionun ətrafında bilet satanlar da gözdən qaçmadı. Bir neçə gənc oğlan əlində dəstə-dəstə biletlə “10 manatlıqlar 5 manata”, “5 manatlıqlar 2 manata”, - deyə var-gəl edirdi. Baxmayaraq ki, futbolsevərlər biletin satıldığı ünvanları da yaxşı tanıyır, qiymətlərindən də xəbərdardılar. Əlbəttə, başverənlərin klubun ideyası olduğunu iddia etmirəm. Lakin nəinki xoş, azı “Zirə”nin oyun tərzi qədər bərbad mənzərə idi!
Tərəfdarların matç ərzindəki davranışına toxunmasaq, olmaz. Birincisi, ona görə ki, onlar nə rəqibə təzyiq göstərdi, nə də “qartallar”a motivasiya verdi. Heç nə etmədilər? Utziqin qoluna görə ürəkdən sevinən xeyli azarkeşin haqqını yemək olmaz. Amma elə bu qədər?
“Şerif”in ilk qoluyla ruhdan düşənlər ikincisindən sonra nəinki sükuta qərq oldu, bəziləri hətta stadionu tərk etdi. Hələ hakimin final fitindən üç dəqiqə keçmədən tirbunaların tam boşalmasını demirəm. Təbii ki, azarkeş azlığının səbəbləri müxtəlifdi. “Zirə”nin cansıxıcı oyun tərzindən stadion seçiminin yanlışlığına qədər bir neçə məqamı qabartmaq olar. Amma niyə çənə yoraq? Onsuz da “qartallar” növbəti rəqibi də “Liv Bona Dea Arena”da qəbul edəcək.
Sumanın əli, Qismətin çiyni və...
İşlərin tərsliyi hakimin start fitiylə başladı desək, yanılmarıq. Hacıağanın qeyri-dəqiq ötürməsi üzündəın topu ələ keçirən rəqibin yaratdığı təhlükəli vəziyyət yadımızdadı. Sumanın hakim “Zirə”nin xeyrinə qayda pozuntusu qeydə aldığı anda əliylə “Şerif”in oyunçusunu zədələyərək “qırmızı” alması nəyə xidmət etdi? Meydandan çıxmaqda olan və sonuncu dəfə rəqibin toxunduğu topa müdaxilə nəyə lazım idi, cənab kapitan!? Axı Qismətin səhvindən sonra təyin olunan künc zərbəsi rəqibin ümumi hesabı bərabərləşdirməsiylə nəticələndi!
Sonuncu penaltini boşa verən Fuad buna qədər də bir neçə tələsik ötürmə ilə yadda qalmışdı. Penalti anında ən azı atasını düşünməliydi. Yəqin futbolsevərlər “oğlum, Fuad, qol vur, atan sevinsin” pankartı açan azarkeşi hələ unutmayıb. Bəli, Bayramov həmin matçda “Neftçi”ni məyus edərək valideyninin arzusunu gerçəkləşdirmişdi. Bu dəfə həm atasını üzdü, həm də futbol ictimaiyyətini! Əlbəttə, matç ərzində bütün futbolçular müxtəlif səhvlərlə yadda qaldı. Lakin ən böyük yanlış məhz onda idi. Penaltilərə hazırlaşmağı xoşlamadığını deyən Rəşad Sadıqovda!
“Zirə”nin zərəri...
Bəli, bəzən ən kiçik ehtimal belə reallığa çevrilir ki, hər şeyin məhz arzulamadığın məsələlərdən asılı olduğunu görürsən. Odu ki, Rəşad bəyin penaltilər seriyasındakı təşvişi anlaşılan idi. Amma iş bu yerə gələnə qədər xeyli fürsət boşa verildi. Təkbaşına dəfələrlə rəqibin müdafiəsini yarıb irəli atılan Rüstəm və Volkov köməksiz qaldı. Arxa xəttə pərçimlənmiş futbolçulara nə mane olurdu? “Şerif”in təzyiqi, yoxsa Rəşad bəyin sərt baxışları? Biz həm bunun, həm də yuxarıda qeyd olunanların səbəblərini bilməyəcəyik. Sumanın cəzasını da... Amma gün kimi aydın olan bir şey var: Sadıqov ikinci oyundan sonra anladı ki, “arılar”ın “pətəy”inə çomaq vurubmuş. Onlar bunun əvəzini çıxdı. Premyer-liqanı tərk edən komandadan futbolçu almağa gücü çatmayan kluba Avropa Liqasında yer olmadığını da dərk etdi.
Ən böyük zərərə isə tarixin bəlkə də ən zəif “Şerif”inə güc gələ bilməməklə düşdü. Bəlkə də onilliyin fürsəti əldən çıxdı.
KƏNAN BAHADIR