Məğlubiyyətin doğurduğu emosiyaların, əsəb gərginliyinin fonunda yazmaq başqadı, ehtiraslar sakitləşəndən, hər şeyi soyuq başla təhlil edəndən sonra yazmaq başqa.
Mənim üçün “Qarabağ” – “Bayer-04” dueli ilə bağlı iki önəmli sual var ki, artıq bunlara cavab tapmışam. Avropada və bundesliqada bütün rekordları silib-süpürən “Bayer-04”ü keçmək olardımı? Bəli! “Qarabağ” “Bayer-04”dən ümumilikdə güclü klubdumu? Xeyr!
İndi isə detallara keçək. Bu gün 50 milyon azərbaycanlınn futbola könül verən hissəsini yandırıb-yaxan əsas məqam odu ki, hər iki oyunda əsas vaxtı öndə bitirdiyimiz halda, niyə sonda mərhələ adlaya bilmədik? Bəli, məğlubiyyətə dramatizm qatan, necə deyərlər, adamın cızdığını çıxaran məsələdi. Ancaq bunu bacaran komanda, məsələn, Polşa təmsilçisi olsaydı, bəlkə də təəccüblənə bilərdik. Axı rəqib Almaniyadandı, bu ölkənin yığmaları və klubları isə həmişə hakimin final fiti səslənən ana qədər oynayır, onlarda mərhəmət hissi heç vaxt olmayıb, 5:1 sayəsində turu adlayırlarsa, ancaq hesabı 10:1 etmək şansları varsa, deməli, edəcəklər. Ona görə də gözəl film, əsər ssenarisi ola biləcək belə geridönüşlərin yanğısını qəlbimizdən atıb, hadisələrə realist yanaşmalıyıq.
Bu gün hər cür tərifi, komplimenti, dəstəyi haqq edən Qurban Qurbanov və onun inanılmaz komandasıdı! Qurban bəy bu iki oyunun heç birində rəqib həmkarı Xabi Alonsoya taktiki cəhətdən uduzmadı, əksinə, onun təklif etdiyi istənilən çağırışa, oyun şərtlərinə cavab verdi. Elvin Cəfərquliyevin 1:0 önə çıxdığımız oyunun 62-ci dəqiqəsindəki o məşum “qırmızı”sı olmasaydı, Qurban bəy bu üzdən təcili Benzya – Bayramov yerdəyişməsi etməsəydi, bütövlükdə ağdamlıların oyun sistemi pozulmasaydı, biz bu gün sevincdən göyün 7-ci qatında uçacaqdıq. Elvinin qovulması haqda çox danışmaq olar. Amma əminəm ki, bütün bu mülahizələrin sonunda heç kim müdafiəçiyə haqq qazandıran dəlil tapa bilməyəcək. Elvin oyunun əvvəlindən çox həyəcanlı göründü, dəfələrlə ötürmə səhvinə yol verdi, ancaq məntiqlə Zubir hesabı açandan sonra sakitləşməliydi. Təəssüf ki, belə olmadı, deyərdim ki, onun futbolçu intellekti belə ağır yükün altından çıxmağa imkan vermədi. Sürətdə uduzduğun rəqibə çata bilmirsənsə, ən azı ətrafı gözdən keçir, Bəhlulun Frimponqla paralel qaçdığını görəcək, mümkün təkbətəkin hələ qol demək olmadığını anlayacaqsan. Anlamadı və qeyd-şərtsiz “Qarabağ”ı bədbəxt etdi! Şəxsən mən Juninyo “qırmızı”dan 5 dəqiqə sonra 2-ci qolu vuranda da yekun qələbəyə inanmırdım. Belə güclü, əzəmətli rəqib qapşısında təxminən 30 dəqiqə azlıqda oynamaq asan deyil. Bu başqa məsələ ki, müəyyən bicliklər, taktiki follar hesabına əsas vaxtı heç-heçə bitirmək, əlavə vaxt oynamaq olardı. Bunun üçün lazımi təcrübə və fiziki hazırlıq çatmadı. Lunyovdan daha ağıllı gedişlər gözləyirdim, Yankoviç cərimə meydançasının önündə driblinq həvəsinə düşmək əvəzinə topu irəli vurmalıydı, Veşoviç heç nədən münaqişə yaradıb uzatma dəqiqələrinin artmasına səbəbkar olmamalıydı, Nəriman boşuna ayağını tutub qıcolmanı imitasiya etməməliydi və s. və i.a. Əlbəttə, acı məğlubiyyətdən sonra bütün bu məqamları xatırlatmağın artıq olduğunu, daldan atılan daş rolunu oynadığını anlayıram. Ancaq yazıram ki, tarixdə qalsın, heç olmasa, növbətə dəfə belə səhvlərə yol verməyək.
Hakimliyə heç toxunmaq istəmirəm, ona görə ki, Entoni Teylorda qərəz görmədim, Elvinin “qırmızı”sını verə də bilərdi, verməyə də. Verdi. Bundan başqa, 6 dəqiqə artırmışdı, həmin zaman kəsiyində meydanda baş verən hadisələr üzündən çox oynatdı, etiraf edək ki, “Qarabağ”ın da, konkret Bəhlul Mustafazadənin hesabı bərabərləşdirmək şansı var idi. Ancaq bir qədər əvvəl Cəfərquliyevə münasibətdə işlətdiyim futbol intellekti ifadəsini bir daha xatırlatmağa məcburam.
Hər iki oyunda fərqli nəticəyə yol aça biləcək qırılma nöqtələrinə də toxunmağa dəyər. Bakıda Juninyo, Leverkuzendə Leandro hesabı 3:1 etməliydi. Ondan sonra nəinki “Bayer-04”, heç belə geridönüşlərin ustası “Real” da məğlubiyyətdən qurtula bilməzdi.
Və nəhayət: nədənsə çox ümid edirəm ki, Allah Qurban Qurbanova Xabi Alonsodan srağagünkü acı məğlubiyyətin əvəzini çıxmaq imkanı yaradacaq. Bəlkə də bu “Qarabağ” – “Bayer-04” duellərində olmayacaq. Amma mütləq olacaq!
Rəhmətlik Leninin sərlövhəyə çıxardığım məşhur sözü isə qoy bütün azərbaycanlı futbolçuların qulağında sırğa olsun. Meydana çıxarkən təkcə rəqibi yox, hakimin idarəçilik üslubunu da, hansı məqamlarda “qırmızı” çıxara bilib-bilməyəcəyini də öyrənmək lazımdı. Hələlik isə... Bizim üçün gözəl bir nağıl bitdi. Düzdü, sonluğu acı oldu, heç vaxt unuda bilməyəcəyimiz dərəcədə acı. Yıxıla-yıxıla, oxuya-oxuya öyrənmək lazımdı. Başqa yolumuz yoxdu!
HUŞƏNG