"Qarabağ"ın Avropa Liqasını 1/8 final mərhələsindəki rəqibi "Bayer-04" Almaniya Bundesliqasında 24-cü tur oyununa çıxıb.
"Football-plus.az" xəbər verir ki, Leverkuzen təmsilçisi səfərdə "Köln"lə qarşılaşıb. "Bayer-04" rəqibini 2:0 hesabı ilə məğlub edib. Bununla da Xabi Alonsonun komandası məğlubiyyətsiz oyunlar seriyasını 34-ə çatdırıb (24 matç Bundesliqada, 6 matç Avroliqada, 4 matç ölkə kubokunda).
Bu görüşdə "Bayer-04"ün qollarını 38-ci dəqiqədə Jeremi Firimponq və 73-cü dəqiqədə Aleks Qrimaldo vurub.
"Bayer-04" hazırda Bundesliqanın turnir cədvəlində 64 xalla liderdi. Komanda 2-ci yerdəki "Bavariya"nı 10 xal qabaqlayır.
"Bayer-04" növbəti oyununu "Qarabağ"a qarşı keçirəcək. Sözügedən matç martın 7-də Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq və saat 21.45-də başlayacaq. Bu komandalar arasında cavab görüşü isə martın 14-də Leverkuzendə oynanılacaq.