Ölkə futbolunun ümumi mənzərəsinin ürəkaçan olmadığı heç kimə sirr deyil.
İllər boyunca inkişaf yolunda müəyyən addımlar atılsa da, hələ ki ciddi dəyişiklik nəzərə çarpmır. Bu istiqamətdə planlar quranlardan biri də “Araz-Naxçıvan”dı. Misli premyer-liqasının debütantının futbolumuzun inkişafına töhfə vermək məqsədi ilə hansı işləri görəcəyi maraq doğurur. Təbii ki, dayanıqlı tərəqqinin məsuliyyəti klubun akademiyasının üzərindədi. Görəsən, bu qurum oyunçuları hansı plan üzrə yetişdirəcək? Bu və başqa suallarla “Araz-Naxçıvan” Futbol Akademiyasının direktoru, Naxçıvan Futbol Federasiyasının sədr müavini Sakit Rzayevə müraciət etdik.
– Sakit bəy, öncə dövrün aktual futbol problemlərinə toxunaq. Səhvi harda etmişik ki, bu gün klublarımız çoxlu legionerə möhtacdı?
– Bu idman növünün bugününü və sabahını görmək, təhlil etmək və dərk etmək lazımdı. Təəssüf ki, bu anlayışları aşağı yaş komandalarımızda tətbiq edə bilmirik. Hamı bir-birinin işini müzakirəyə çıxarıb tənqid edir. Birləşib inkişafın yollarını axtarmırıq, birləşsək də, ortaq fikrə gələ bilmirik...
– Problemlərin kökündə uşaq futbolunun dayandığı deyilir. Halbuki son illərdə futbol təhsili verən həm özəl, həm də dövlət məktəbləri açılıb. Müxtəlif layihələr də gündəmdədi. Tədbirlər niyə işə yaramır?
– Razıyam, kimi dindirsək, futbol təhsili deyir. Amma bu nədi, necə olmalıdı? İzah edən yoxdu. Bəs klub, komanda olmaq nədi? Bunu da düzgün meyarlar və əsaslar ilə başa salan yoxdu. Müasir futbol layihələri deyib ortaya düşürlər, amma həyata keçirə bilmirlər. Futbol bir çox elmləri özündə cəmləyən yeganə idman növüdü. Biz səviyyəli futbol təhsili istəyiriksə, akademiya adını verdiyimiz müəssisələrdə bütün detallara elmi tərəfdən yanaşmalıyıq. Avropanın bir çox komponentdə irəlidə olmasının səbəbi budu. Məncə, futbolçu kimyəvi laboratoriyadı. Burda ani səhv partlayışla nəticələnirsə, oyunçunun inkişafında doğru qurulmayan məşq prosesləri və gözəyarı planlar da onun qarşısını alır. Futbolçuları qınaq obyektinə çevirmək əvəzinə, hər birini düzgün və elmi əsaslar üzrə yetişdirməliyik.
– Konkret nəyi nəzərdə tutursuz? Elmi əsaslar hansılardı?
– Hər şey təməldən başlamalıdı. Uşaqlarımıza futbol təhsili, texnika, taktika, kondisiya bacarıqları, yəni testlər və nəticələrə görə inkişaf proqramları, sistem, plan, strategiya və fəlsəfə anlayışları, peşəkar futbolçuluğa keçid mərhələsi, komanda və sistem oyunçuluğu, sosioloji, psixoloji və zehni hazırlıq dövrləri, ən əsası beyin və oyun zəkası aşılanmalıdı. Siyahını artırmaq da olar. Amma onlara sadaladıqlarımdan hansını öyrədə bilmişik?
– Bu çatışmazlıqlardan hansı daha ön plandadı? Birinci nəyə köklənmək lazımdı?
– Dediyim kimi, beyin məşqləri və oyun zəkası... Məsələn, fiziki hazırlıq peşəkar futbolun ən fundamental şərtlərindəndi. Ancaq bunu bacarmaq yaxşı oynamağa bəs etmir. İşin məsuliyyətini dərk edib zehni cəhətdən hazırlaşmaq lazımdı. Bədən və zehn eyni anda çalışmalıdı. Belədə hər şeyin planı qurulur və meydanda olarkən bütün variantlar qısa zamanda nəzərdən keçirilir. Bunun üçün oyun zəkası mütləqdi. Bu sayədə futbolun təməl texniki və taktiki prinsipləri həyata keçirilir. Zəkanı texnika, taktika və kondisiya ilə birləşdirənlər fenomen oyunçuya çevrilir. Müasir futbolda yalnız fiziki gücə güvənərək oyunun içində qalmaq mümkündü. Lakin bu idman növünün hər gün yenilənən taktiki nəzəriyyələri, strateji versiyaları və sürətli düşünmək bacarığı gələcəkdə daha yüksək oyun zəkasına sahib olanlara ehtiyacın artacağından xəbər verir. “Futbol yalnız fiziki güclə bağlı oyun olsaydı, Messi kimi zəka ilə tanış olmaqdan və onun möhtəşəm tərzini izləməkdən sonsuza qədər məhrum olacaqdıq” sözləri bir çox mütəxəssin ortaq fikridi. Deməli, müasir futbolda beyin və onun məhsulu olan zəka çox vacibdi.
– Bəs “Araz-Naxçıvan” problemlərdən necə yaxa qurtarmaq niyyətindədi?
– Layihələr üzərində işləyirik. Burda iki əsas anlayış mövcuddu: top bizdə ikən - rəqib yerləşmiş vəziyyətdə və top rəqibdə ikən – biz yerləşmiş vəziyyətdə. Komandanın hücuma keçdiyi vaxt ən müdafiəsiz anıdı. Çünki bütün diqqət və enerji qol vurmağa sərf olunur, daha dəqiq desək, müdafiə unudulur. Həmçinin fərdi istəklər ön plana çıxır. Belə hallarda baş məşqçinin plan və strategiyası nəzərə alınmalıdı. Yoxsa məğlubiyyət qaçınılmaz olur. Halbuki düzgün komanda qərarı ortaya çıxarılmalıdı. Qeyd edim ki, hücumun ən həyəcanlı anlarında bu məsuliyyəti dərk edib müdafiə xəttini fikirləşmək bacarığı o qədər də asan qazanılmır. Amma uğur istəyirsənsə, buna məcbursan. Çünki müdafiə olunarkən hücumu, hücum edərkən müdafiə prinsiplərini qorumaq futbolun ən vacib dialektikasıdı. Bizdəki oyunçuların əksəriyyəti topa sahib olanda həddən artıq həyəcanlanır və düzgün mövqe tutmağı, boş zonalara nəzarət etməyi gözardı edir. Düzdü, meydançanı bütünlüklə nəzarətdə saxlamaq imkansızdı. Lakin lazımlı və təhlükəli zonalarda boşluqlara nəzarət etmək ən ağıllı addımdı. Bu üzdən hücumla müdafiə arasındakı keçid fazasını sürətli və düzgün şəkildə tədris etməliyik. İndiyə qədər belə problemlərlə ciddi mübarizə apara bilmədiyimiz üçün taktiki oyun anlayışınının elmi əsaslarını öyrədən Avropa futbolu bizdən üstündü. Onlar qeyd etdiyim strategiyaları məşqlərə yansıdır və müxtəlif varianlar vasitəsilə müəyyən sistemlər üzərində çalışır. Nəinki “Araz-Naxçıvan”, ümumiyyətlə, futbolumuzun inkişafını istəyən hər kəs bütün meyarlar üzrə maariflənməlidi.
KƏNAN BAHADIR