Futzal üzrə yüksək liqada qış fasiləsi davam edir. Komandalar fevralın 1-nə qədər mövsümün ikinci yarısı üçün hazırlıq işləri görə bilər.
Bilindiyi kimi, "Araz-Naxçıvan" 25 xalla liderliyi qorumaqdadı. Muxtar Respublika təmsilçisinin ən yaxın izləyicisi isə "Neftçi" İK-dı. Bakılıları qış çempionundan 2 xal ayırır. Belədə bu klubun şanslarını yüksək dəyərləndirmək mümkündü. Bəs “ağ-qaralar” fasilədən necə yararlanır? Heyətin gücləndirilməsi üçün hansı addımlar atılacaq?
Bu suallarla "Neftçi" İK-nın baş məşqçisi Hacıbala Abdullazadəyə müraciət etdik. Onun "Football-plus.az"a söylədikləri:
"Yanvarın 8-dən "Olimpik Star"da məşqlərə başlamışıq. Hər şey qaydasındadı. Şükür Allaha, nə zədəlimiz, nə də məşqlərə qatılmayan futzalçımız var. Bəli, cəmi 2 xal geridəyik və məqsədimiz daha yaxşı oyunla "Araz-Nazçıvan"ı qabaqlayıb çempion olmaqdı. Bunu kim istəməz ki? Hələ ki heyətdə dəyişiklik etmək nəzərdə tutulmayıb. Legioner və yerli oyunçu axtarmırıq. Sadəcə, U-19 millisində "gözaltı etdiyimiz" futzalçılar var. Çox güman, mövsüm başa çatandan sonra onları heyətə cəlb edəcəyik. Bir az da inkişaf etmələrini istəyirəm. "Araz-Naxçıvan"ın yeni transferlərindən də xəbərimiz var. Amma bu, bizi qorxutmur. Komandama güvənirəm. Potensialımız var. İnşallah, qarşıdakı turlarda daha baxımlı oyun sərgiləyəcəyik".
KƏNAN BAHADIR