“Fənər”in sabiq məşqçisindən illər sonra gələn etiraflar

8.05.2026 11:54 64
Dünya futbolu
Əli Koçun 2018-ci ildə Əziz Yıldırıma qalib gələrək prezident seçiləndən sonra böyük ümidlərlə baş məşqçi postuna gətirdiyi Filipp Koku qısa müddət sonra fiasko ilə üzləşərək Türkiyədən ayrılmalı olmuşdu. İstanbul nəhəngi niderlandlı mütəxəssisin rəhbərliyi altında keçirdiyi 10 superliqa matçında cəmi iki qələbə qazanmış və 15-ci pilləyə qədər geriləmişdi!

53 yaşlı Koku Türkiyədən ayrılandan sonra “Derbi” və “Vitess”i çalışdırıb. Hazırda isə o, PSV-də belə desək, istedadların üzə çıxmasına cavabdehlik daşıyır. “The Mancave Stduio” adlı “yutub” səhifəsinin qonağı olan Koku burda geniş müsahibə verib. Təbii ki, o, uğursuz Türkiyə macərasına da toxunmalı olub və illər sonra maraqlı etiraflar edib.

Tanınmış futbol adamının sözlərindən belə anlamaq olar ki, klubun durumu ilə hədəfləri üst-üstə düşmür:

“Mən əslində köməkçilərimlə birgə “Fənərbaxça”ya yollanmaqla doğru addım atmadığımızı çox qısa müddətdə anladım. Çünki klubun içindəki durum bizə anladılanlardan qat-qat çətin idi. Əslində “Fənərbaxça”nın çempionluğa oynayan bir kollektiv olması məni cəlb etmişdi. Amma reallıq tam fərqli idi. Ora uyğunlaşma dönəmimdə çox şey yaşadım. İstanbulda keçirdiyim ilk ayda öyrəndiklərimi əvvəldən bilsəydim, fərqli bir qərar qəbul edərdim. Tam fərqli bir sistemin, anlayışın içinə düşdüm. Yəni Niderlandda öyrəşdiyin futbol anlayışını gedib birdən-birə orda tətbiq etmək heç asan deyil. Ancaq fərqli futbol mədəniyyətinə keçid zamanı yaşadığım bu çətinliklər mənim üçün gözəl bir təcrübə oldu”.