Mayın 13-də keçiriləcək ölkə kubokunun final matçının təşkilatçılığı ilə bağlı bəzi detallar açıqlanıb. Xatırladaq ki, finalda “Sabah”la “Zirə” qarşılaşacaq.
Final matçı ərəfəsindəki mətbuat konfranslarının və açıq məşqlərin vaxtı müəyyənləşib. Mətbuat konfransları mayın 12-də “Palms Sports Arena”nın konfrans otağında keçiriləcək. Nominal meydan sahibi “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı saat 16.30-da, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı isə saat 18.30-da başlayacaq.
Oyunöncəsi mətbuat konfransları “CBC Sport” telekanalı və Peşəkar Futbol Liqasının “AzPFL” yutub kanalı vasitəsilə canlı yayınlanacaq.
“Sabah”ın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq oyunöncəsi məşqi “Palms Sports Arena”da mayın 12-si, saat 17.00-18.00 arasında baş tutacaq. Eyni stadionda “Zirə”nin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi mayın 11-i, saat 17.45-18.45 arası keçiriləcək.