“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.
Vaxtaşırı nəzərlərimizi Lənkərana çevirir, oranın futbol həyatıyla maraqlanırıq. Çünki Lənkəran deyəndə çoxumuzun gözünün önünə “Xəzər Lənkəran” gəlirdi. Amma hazırda Lənkəran futbolunda durğunluqdu, “ağ-yaşıllar” fəaliyyətini dayandırıb. Əvəzində başqa idman növləriylə bağlı cənub şəhərindən xoş xəbərlər eşidirik. Bu gün lənkəranlı gənclər taekvondoya böyük maraq göstərir, həvəslə məşqlərə qatılırlar. Ona görə də Azərbaycan Taekvondo Federasiyasının cənub bölgəsi üzrə nümayəndəsi, “Lənkəran” Peşəkar İdman Klubunun rəhbəri Vüqar Sultanovla həmsöhbət olmağa qərar verdik.
- Vüqar bəy, ilk sualımızda sizi oxuculara daha yaxından tanıtdırmaq istərdik. İdmanda ilk addımlarınızı harda, hansı məşqçinin rəhbərliyi altında atdız?- 1973-cü ildə Lənkəran şəhərində doğulmuşam. 1990-cı ildə Həzi Aslanov adına Lənkəran şəhər 3 saylı orta məktəbi bitirdim, elə həmin il də Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olundum. 4 il sonra oranı da bitirdim və Lənkəran şəhər Uşaq və Gənclər İdman Məktəbində yunan-Roma güləşi üzrə məşqçi fəaliyyətinə başladım. Hərbi xidmətlə bağlı məşqçilik fəaliyyətimə ikiillik ara verdim, hərbi xidmətdən qayıdandan sonra yenidən işimə davam etdim. Özüm idmanla məşğul olmağa 1988-ci ildə Mehman İsmayılovun rəhbərliyi altında başlamışdım. Mehman müəllim qısa müddət sonra xaricə köçdü, Loğman Qasımovun rəhbərliyi ilə yunan-Roma güləşi üzrə məşqlərimi davam etdirdim. Həmin vaxt güləşlə paralel karate ilə də məşğul olurdum. Ali məktəbə daxil olandan sonra məşqləri daha da sürətləndirdim. Həmin vaxt dövrün tanınmış məşqçisi Əli Əliyevin rəhbərliyi altında məşq etməyə başladım. O illərdə Lənkəranda taekvondo idman növü üzrə məşqlər yox idi. Bilirsiz ki, bu idman növü Azərbaycanda 90-cı illərdən etibarən yayılmağa başlayıb. Bir müddət karate ilə də məşğul oldum. Sonra da rəhmətlik Süleyman Məmmədli, Azərbaycanda tanınmış taekvondo məşqçisi mənə bu idman növünün sirlərini öyrətməyə başladı. Süleyman müəllim həm də Azərbaycan Taekvondo Federasiyasının prezidenti idi. İlk müəllimim o oldu. Allah ona rəhmət eləsin. 94-cü ildən rəsmən yunan-Roma güləşi üzrə məşqçi olsam da, taekvondonun da Lənkəranda bünövrəsini qoydum. Başladım gənclərə bu idmanı tanıtdırmağa. Bütün bu illər ərzində çəkdiyim zəhmətin bəhrəsi kimi 2009-cu ildə “Azərbaycanın Əməkdar Məşqçisi” adına layiq görüldüm. Özüm də iki övlad atasıyam, ikisi də idmançıdı. Oğlum Fərid Sultan Türkiyənin Antalya şəhərində keçirilən Avropa çempionatının qalibidi. Qızım Fəridə Sultan isə taekvondo üzrə beynəlxalq qara kəmər dan sahibidi. Hər iki övladım idmanla yanaşı, təhsildə də uğur qazanıb, ali məktəb bitiriblər.

- Niyə məhz taekvondo? Bu idman növünü sizə sevdirən nə oldu? Taekvondo başqa fərdi idman növlərindən nə ilə fərqlənir?- Qeyd etdiyim kimi, Lənkəranda taekvondo bölməsi yox idi. Atam Rövşən Sultanov uşaqlıqdan məndə bütövlükdə idmana maraq yaradıb. Atam özü peşəkar idmançı olmasa da, idmanı çox sevirdi, daim məşğul olurdu. Ona görə də mən qərar verdim ki, idmanla məşğul olum. Təəssüflər olsun ki, 90-cı illərdə müstəqilliyimizi yeni bərpa etmişdik. Bu səbəbdən də mən beynəlxalq yarışlara gedə bilmədim. Amma hiss edirdim ki, öz bacarığımı gənclərə öyrədə bilərəm. Bu istək də məni məşqçiliyə doğru apardı. İdman üzrə ali təhsil də almışam. Yetirmələrimi də yüksək səviyyədə hazırladım, onlara maksimum faydalı olmağa çalışdım. Ali məktəbə yunan-Roma güləşi üzrə qəbul olunmuşdum. Bu qədər lap gənc yaşlarımdan karateylə də maraqlanırdım. Karate şərq döyüş idman növü olsa da, gördüm ki, karate olimpiya idman növü deyil. Taekvondo Seulda keçirilən Olimpiadada bu siyahıya daxil edildi. O vaxtdan da bu perspektivi gördüm, Lənkəranda bu idman növünün təməlini qoydum. Həm Azərbaycan Taekvondo Federasiyasının cənub bölgəsi üzrə nümayəndəsi, həm də Uşaq və Gənclər İdman Şahmat Məktəbinin baş məşqçisi kimi fəaliyyətimi davam etdirirəm.

- Lənkəranlı gənclərin və yeniyetmələrin idmana yanaşması, məşqlərdə iştirakı sizi qane edirmi?- Açığı, indiki gənclərin həyat şəraiti, onların öz sağlamlıqlarına yanaşması məni narahat edir. Sözsüz, istisnalar var. İdmana marağı olanlar, istedadlılar bu baxımdan fərqlənir. Amma əksər uşaqlar passiv həyat keçirirlər. Deyirik ki, kompüter əsridi. Fikir verirəm ki, valideynlər də bu işdə aciz qalırlar. Uşaqlar telefona, internetə çox meyl edirlər. Düzdü, internet faydalıdı, ordan müxtəlif informasiyalar tapmaq, öyrənmək olur. Bunun üçün də müəyyən rejim, vaxt olmalıdı. Valideynin nəzarətiylə uşaqlar boşuna vaxt keçirməməlidi. Passiv həyat tərzi məni narahat edir. Uşaqlar idmana, fəal həyat tərzinə meyl göstərməlidilər. Bizim yetirmələrimiz var ki, onlar yeniyetməlikdən gəncliyə qədəm qoyublar, artıq həyatı dərk edirlər. Onlar başa düşürlər ki, bu işlə ciddi məşğul olmaq lazımdı. Çünki qarşılarında ciddi hədəflər var, uğur qazanmaq, Azərbaycanın bayrağını yüksəklərə qaldırmaq istəyirlər. Bir ölkənin prezidenti səfərə gedəndə onun bayrağı qaldırılır, himni səslənilir. Bir də idmançı uğur qazananda. Bunu yetirmələrimə başa salıram. Onlar da bunu dərk edirlər. İdmançı boş vaxtını da dəyərləndirməlidi. Bu barədə hər məşqdən əvvəl uşaqlarla 10-15 dəqiqə söhbət edirəm. Çalışıram ki, gənc nəsil sağlam böyüsün. 44 günlük Vətən Müharibəsində tələbələrim XTQ-nin tərkibində döyüşüblər, Ali Baş Komandanımız tərəfindən qiymətləndiriliblər. Bir tələbəm - Aşağı Nüvədi kənd sakini Romir Əliyev qəhrəmancasına şəhid olub. XTQ-də peşəkar hərbiçi kimi xidmətə davam edən tələbələrim də var. Ona görə də mən yetirmələrimin həm idmana yanaşmasından, həm də vətənpərvəliyindən razıyam. Yetirmələrimdən təhsil alıb, Azərbaycan idmanına məşqçi kimi töhvə verənlər də var. Hər birindən çox razıyam. Valideynlər də uşağını idmana qoyanda ilk öncə Azərbaycan bayrağının beynəlxalq yarışlarda dalğalanmasını düşünürlər. Mən də onlara söz verirəm ki, ən azı onların övladları yaxşı bir insan, vətənpərvər övlad kimi cəmiyyətdə özünə yer tutacaq. Lənkəranlı uşaqların genetikasında da bu var. İnanıram ki, gələcəkdə neçə-neçə çempionumuz yetişəcək.

- Bir qədər də yetirmələrinizdən danışaq. Yetirmələrinizin hansı uğurları, nəticələri var?- Dünya şöhrətli Ramin Əzizov mənim tələbəmdi. Dəfələrlə dünya və Avropa mükafatçısı olub. Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının da qalibidi. 2012-ci ildə Londonda keçirilən Olimpiya Oyunlarının da iştirakçısı olub. Özüm də şəxsi məşqçi kimi həmin Olimpiadada iştirak etmişəm. Övladım Fərid Sultan Avropa çempionudu, idman ustasıdı. Samir Cavadlı da idman ustasıdı, dəfələrlə respublika çempionu olub. Yusif Qurbanov da respublika çempionudu, bir çox beynəlxalq turnirdə mükafat qazanıb. Müxtəlif beynəlxalq turnirlərin qalibi və mükafatçısı Samir hazırda mənimlə birlikdə məşqçi kimi çalışır. Samid Bağırlı da bir mükafatlar qazanıb. Milli komandada uğurlar qazanan idmançılarımız da çoxdu. Həsən Əlizadə və Leyla Kərimova da uğur qazanmış yetirmələrimdəndi. Hər ikisi respublika çempionudu, dünya və Avropa çempionatının iştirakçılarıdılar. Bakıda “Zirvə” İdman Kompleksində baş məşqçi kimi çalışan Nəriman Rzazadə də mənim yetirməmdi. Lənkəranda taekvondo üzrə məşqçi-müəllim olan İmran Əliyev də bu sıradadı. Bu sadaladıqlarım taekvondo üzrə yetirmələrimizdi. Yunan-Roma güləşi üzrə isə Təbriz Yusifzadə idman ustası adını qazanıb, respublika çempionu kimi beynəlxalq turnirlərə qatılıb. I Avropa Oyunlarının qalibi olub. Yetirmələrimdən məşqçilik edənlər, beynəlxalq dərəcəli hakim Bəşir İsazadə var. Alı Ağayev hazırda Lənkəranda yunan-roma güləşi üzrə baş məşqçidi. Eləcə Elmir Abbasov, Rasim Rüstəmovun adını çəkə bilərəm.

- Bölgədə, xüsusən də Lənkəran kimi paytaxtdan xeyli uzaq yerdə bir məşqçi kimi hansı problemlərlə qarşılaşırsız? Hansı çətinliklər sizi narahat edir? Paytaxtdan, Taekvondo Federasiyasından sizə dəstək varmı?- Qeyd etdiyim kimi, idman məktəbində çalışıram. Eyni zamanda “Lənkəran” Peşəkar İdman Klubunu yaratmışam, onun təsisçisi və prezidentiyəm. Rəsmi klub kimi qeydiyyatdan keçmişik. Bu idman klubu üçün xüsusi yer götürmüşəm, yaxınlarda orda yüksək şəraitə malik idman zalı açacağıq. Həm idmanla məşğul olmaq, həm də istirahət etmək üçün hər cür şərait yaradacağıq. Cənab Prezidentimiz İlham Əliyevin əməyimi qiymətləndirib verdiyi pul mükafatıyla bu şəraiti yaratmağa çalışıram. 90-cı illərdə şərait o qədər də yaxşı deyildi. Yaxşı yadımdadı, zalların heç pəncərəsi olmurdu, işıq yanmırdı, şam yandırırdıq. Olub ki, yağış damıb, zalda odun sobası da yandırmışıq. Ulu Öndərin rəhbərliyi ilə cənab prezidentimiz İlham Əliyev Milli Olimpiya Komitəsinə rəhbərlik etməyə başlayandan sonra şərait tamam dəyişib. İndi idmana qayğı yüksək səviyyədədi. Bunun da qarşılığında idmanımızda güclü inkişaf getdi. Yeni zallar tikilib, Olimpiya Kompleksləri idmançılarımızın ixtiyarına verilib. Artıq bir çox rayonlarda bu cür komplekslər var. İdmançılarımız mükafatlandırılır.

Mən özüm də bu qayğını hiss edirəm. Buna görə ölkə başçımıza minnətdarlığımızı bildiriəm. Azərbaycan Taekvondo Federasiyasının rəhbəri bilirsiz ki, Kamaləddin Heydərovdu, neçə illərdi bu işə rəhbərlik edir. Onun gəlişindən sonra bu idman növündə olimpiya çempionu, Avropa və dünya çempionları yetişdirmişik. Federasiya bizi qayğı ilə əhatə edib, yarışlar keçirilir, inventarlarla təmin oluruq. Dünyada sabitlik yaranandan sonra daha yaxşı olacağına inanıram.
AMAL ABUŞOVYazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.