Misli premyer-liqasının 33-cü turunun proqramı hamını təəccübləndirdi. Ona görə ki, “Qəbələ” – “Şamaxı” oyununun sabah, “Kəpəz” – “Neftçi” matçının isə Yevlaxda yox, “Mehdi Hüseynzadə”də keçiriləcəyi aydın oldu. Həmçinin “Turan Tovuz” – “Sabah” görüşü “bayquşlar”ın meydanında – “Bank Respublika Arena”da olacaq.
Düzdü, həm “bozqurd”un, həm də “sarı-göylər”in oyunlarıyla bağlı bəzi məqamları nəzərinizə çatdırmışıq. Yenə də hələ açıq qalan məsələlərlə bağlı ətraflı məlumat almaq məqsədilə PFL-in texniki-idman direktoru Elgiz Abbasovla əlaqə saxladıq. Onun “Football-plus.az”a cavabı:
“Bildiyiniz kimi, premyer-liqada sondan əvvəlki tura qədər oyunlar çox gərgin mübarizə şəraitində keçdi və bütün suallara məhz 32-ci turda aydınlıq gəldi. Son turda olan stadion dəyişikliklərinin səbəbi ilə bağlı Peşəkar Futbol Liqasının rəsmi saytında məlumat verilib. Oyun nəticələri turnir cədvəlinə idman prinsipləri baxımından təsir etmədiyi üçün klubların müraciətinə müsbət yanaşılıb. Belə ki, “Palms Sports Arena” ölkə kubokunun finalından sonra baxıma bağlandığı üçün alternativ variantlar müzakirə olunub. “Qəbələ” – “Şamaxı” oyununa gəlincə, oyun vaxtları ilə bağlı yekun qərar PFL-ə məxsusdu. “Qəbələ” pley-off oyununda qüvvəsini sınayacaq. 22 və 23 may tarixləri üçün digər oyunlar planlaşdırıldığından “Qəbələ”nin görüşünü mayın 24-nə yox, 21-nə təyin etməyi daha məqsədəuyğun saydıq. Belədə “Qəbələ”yə, eləcə də pley-offun digər potensial iştirakçısına, demək olar ki, eyni şəraiti yaratmış olduq”.
KƏNAN BAHADIR