“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.
Yenidən diqqətlərimizi basketbola yönəltmişik. Bu da səbəbsiz deyil. Son vaxtlar Azərbaycan basketbolunda bir canlanma hiss olunmaqdadı. Həm ölkə çempionatında, həm də kubokda gərgin mübarizə gedir, rəqabət artıb, keçirilən yarışların səviyyəsi yüksəlib. Sevindirici haldı ki, bölgə təmsilçiləri də bu yarışlarda boy göstərməyi bacarır, mübarizəyə əlavə rəng qatır. Bu dəfəki müsahibimiz də “Zirvə Astara” basketbol klubunun baş məşqçisi Şəhriyar Əsgərovdu.
- Şəhriyar müəllim, əvvəlcə istərdik ki, oxucularımıza özünüz haqda məlumat verəsiz. Basketbolla tanışlığınız necə oldu? Bu idman növü ilə məşğul olmağa harda başladız və hansı uğurları qazana bildiz?
- Mən özüm Cəlilabadda dünyaya göz açmışam. Sözün düzü, basketbolla məşğul olmağa başladığım tarixi dəqiq xatırlamır. Çünki çox az yaşım var idi. Mənim bibim oğlu Əflatun Əhmədov çox yaxşı basketbol oynayırdı. Paytaxtın müxtəlif klublarında oynamışdı. Mən də gözümü açandan evimizdə basketbol topu və səbət görmüşdüm. Eləcə də bizim evimiz rayonun mərkəzi parkından cəmi 100 metr aralıda idi. Parkın içində də basketbol meydançası var idi. Uşaqlığımız orda keçib. Mənim yadıma köhnə dəri basketbol topları da gəlir. 70-ci illərdən etibarən bu günkü müasir toplar çıxmağa başladı. İlk addımlarımı beləcə Cəlilabadda atmağa başladım. 1972-ci ildə, 10 yaşımda Firudun Paşayev məni idman məktəbinə gətirdi. Onun oğlu Zaur Paşayev Azərbaycanın məşhur basketbolçularındandı. Cəlilabadda həmin vaxt böyük bir stadion tikildi, onun zalında basketbolla məşğul olurduq. Sonradan o zalı güləş məşqlərinə verdilər. Firudun Paşayev hərbi xidmətə gedəndən sonra rəhmətlik Rafiq Həsənov oldu. İndi dünyasını dəyişib, basketbolu çox gözəl bilirdi. Ondan da basketbolun sirlərini öyrənmişəm. Onun texnikası, topa yiyələnmək və topu idarə etmək qabiliyyəti çox yüksək idi. Cəlilabadda basketbolun əsasını o vaxtlar həmin mütəxəssislər qoydu. Bir çoxları Cəlilabadda basketbolun inkişafını mənim adımla bağlayırlar, amma bu belə deyil. 1967-ci ilə qədər Cəlilabadın adı Astraxanbazar olub, əhalisi arasında da malakan mənşəli ruslar üstünlük təşkil edib. Amma bizim zonaqda basketbolun inkişafının onların sayəsində olması da doğru deyil. Cəlilabadda basketbolun əsasını 50-ci illərin sonunda Lənkəranda təyinatla bizim rayona işləməyə gələn Rafiq müəllim qoyub. Özü də çox gözəl basketbolçu idi, təxminən beş il bundan əvvəl rəhmətə getdi. Bundan sonra davamlı bizim rayonda basketbol olub. İdmançı kimi elə böyük qazana bilməmişəm. Düzdü, hərbi xidmət vaxtı müəyyən uğurlar qazanmışdım, amma belə peşəkar idmançı kimi uğurum olmayıb. Əsas uğurlarımı məşqçi kimi qazana bildim.

- Biz bilirik ki, cənub bölgəsində bu idman növünün inkişafına, yeniyetmələrin basketbola cəlb olunmasına çalışırsız. İstərdik ki, hazırkı fəaliyyətinizdən də bizə məlumat verəsiz.
- 1980-ci illərin ortalarından məşqçilik fəaliyyətinə başlamışam. İstər məktəblilərin, istər də kişilərin yarışında uğurlarımız olub. Zaman-zaman qızlarımızı da yarışlara çıxarıram. Bu da cənub bölgəsində problematik məsələ kimi görünsə də, Cəlilabadda həmişə qızların da özlərinin qrupu olub. Çalışmışıq ki, oğlanlarla birlikdə qızların da basketbolla məşğul olmasına şərait yaradaq. Basketbolu inkişaf etdirmək üçün ənənələrin olması lazımdı. Bir növ basketbol genetik idman növüdü. Hər şeyi sıfırdan başlasan da, burda başqa məqamlar da rol oynayır. Adətən uşaqların məşqinə böyükləri də cəlb edirik ki, onlar da böyüklərdən görüb-götürə bilsinlər. Bölgədə bir çox işlər görürük. Hətta Lənkəranda və Astarada məşqlər keçmişəm, uzaq yolu gedib-gəlmişəm. Təəssüf ki, Cəlilabadda zalla bağlı müəyyən problemlər çıxır. Bu yaxınlarda Sabirabad məktəblərinin birində də məşqlər keçməyə başlamışıq. 2 saylı orta məktəbdə basketbol bölməsi yaratmışıq. Ora müəllim də təyin etmişik, bacardıqca top və digər ləvazimatlarla təmin edirik. Ən böyük problem bu gün Azərbaycanda basketbolun lazımlı idman növü kimi təbliğ olunmamasıdı. Zamanla bu problemi də həll etməliyik. Astara və Cəlilabadla bağlı bizim bu yaxınlarda layihəmiz olacaq. Burda struktur yaratmaq istəyirik. Cəlilabad yeniyetmə və əsas yığma komanda üçün yaxşı idmançılar yetişdirən bazarlarımızdan biridi. Bir qədər strukturumuzu dəyişəcəyik, hamı buna şahid olacaq. Daha çox effektli məşqlər keçməyi, daha çox qız və oğlanı basketbola cəlb etməyi düşünür.

- Bu ildən Azərbaycan basketbolunda bir canlanma yaşanır, ölkə çempionatı rəqabətə səhnə oldu, legionerlər cəlb edildi. Çempionatı necə qiymətləndirirsiz? Hazırkı rəqabət şəraiti inkişafa təkan verə biləcəkmi?
- Bunu dana bilmərik ki, çempionatda tamam başqa bir sistem formalaşıb. Tam bir peşəkar sistemdi. Məmn 70-ci illərin çempionatını da görmüşəm, amma belə bir səviyyə olmayıb. Düzdü, 2000-ci illərin əvvəllərində müəyyən inkişaf oldu. 2019/20-ci ilin çempionatında da bir qədər inkişaf oldu, legionerlər cəlb edilmişdi. Amma tam məsuliyyətimlə peşəkar bir məşqçi kimi deyirəm ki, bu səviyyədə çempionat keçirilməyib. Düzdü, bizim də aramızda mübahisələr olur. Legioner limiti ilə bağlı məsələlərdə müzakirələr aparılır. 4\1 və ya 3\2 məsələsi, yəni 4 legioner və bir yerli basketbolçu, yaxud da 3 legioner və iki yerli reqlamenti müzakirə edilirdi. İndiki sistemə üstünlük verdik. Üç əcnəbi, iki yerli basketbolçu çıxış edir. Bu sistem bizim yerlilər üçün böyük imkanlardı. Onların arasında bizim cəlilabadlı basketbolçular da var. Tanınmış legionerlərlə çiyin-çiyin oynamaqla yerli gənclər inkişaf edir, təcrübə qazanır. Çempionatı bu gün “5” qiymət üzərində “4+” qiymətləndirə bilərəm. Gələn ilki çempionatdan daha çox yenilik gözləyir. Səviyyə artmalıdı. Getdikcə hər şey daha yaxşı olacaq. Rəqabət şəraitində bərabərsəviyyəli mübarizə gedirdi. Mənim çalışdırdığım “Zirvə Astara” klubuna da digər yeddi klubla bərabər şərait yaradılmışdı. Təəssüf ki, çempionat ərəfəsində bir sıra üzvlərimiz zədələndi. O cümlədən iki gürcü legioner basketbolçumuz sıradan çıxdı. Formadan düşdükləri üçün onları göndərməli oldum. Pandemiya da öz təsirini göstərdi. Formasını itirən legionerlər elə səviyyəyə düşdülər ki, sanki bu idman növuylə məşğul olmağa yeni başlayıblar. Komandamızın lideri və oynayan məşqçisi Zaur Paşayev də bir ay ərzində zərə aldı, “qara zolağa” düşmüşdük. Sözsüz ki, biz bu çətinlikləri adlaya bildik, çempionatın sonuna yaxın sürət yığdıq. Heyf ki, komplektləşmiş komandamız mövsümün əvvəlindən olmadı, yoxsa ilk “dördlük”də yer ala bilərdik. Düşünürəm ki, rəqabət inkişafa təkan verəcək, ortaya yeni adlar çıxacaq.

- Ümumiyyətlə, indiki məqamda bizim basketbolun hansı problemləri sizi narahat edir? Problemlərdən çıxış yollarını nədə görürsüz?
- Cənab nazir Emin Əmirullayevin Azərbaycan Basketbol Federasiyasının prezidenti təyin olunmasından sonra bu sahəyə diqqət artıb. Məktəblərdə basketbol dərnəkləri olmalıdı. Zallarla bağlı çətinliklər, dərnəklərin olmaması bölgələrdə basketbolun inkişafına maneçilik törədir. Əsasən infrastruktur problemini qeyd etmək olar. Sözsüz ki, zamanla bu məsələlər də həllini tapacaq. Bu gün sükanımız möhkəm əllərdədi. İdman məktəblərinin fəaliyyəti və federasiya rəhbərliyinin diqqəti bunu deməyə əsas verir. Bakıda işlər qayıdasındadı. Həm ödənişli, həm ödənişsiz qruplar var. Amma bölgələrdə vəziyyət fərqlidi. Zallara girmək, məhz basketbol istiqamətli zallar tapmaq çətindi. Sovet vaxtı Şəkidə, Naxçıvanda, Lənkəranda, Neftçalada yaxşı komandalar vardı. Sözsüz ki, medallar uğrunda Bakı və Sumqayıt komandaları favorit hesab olunurdu. Sumqayıtdan bir basketbolçu bir vaxtlar SSRİ yığmasına cəlb olunub. Bu gün Sumqayıt kimi şəhərimiz basketbolsuz qalıb. Gəncədə vəziyyət daha yaxşıdı, amma Bakının yanındakı Sumqayıt basketbolsuz qalıb. Əsas çıxış yolu kimi strukturun yaradılması, məşqçilərə hazır zalların verilməsidi. Bu gün gənclərimizin basketbola böyük marağı var. Çempionatın oyunları gedir, “yutub”da videolar paylaşılır, müzakirələr aparılır. Biz də bunu görürük. Gəncənin kubok qazanmasından sonra əminəm ki, orda axın yaranacaq. Yeni nəsə kəşf etməyə ehtiyac yoxdu, hər şey gözümüzün önündədi. Türkiyə, Serbiya, Litva, İtaliya və İspaniya nümunələri var. Onların hansınınsa modelini ortaya qoyub, basketbolu inkişaf etdirə bilərik. Güclü və müstəqil klubların olması inkişafa töhvə verəcək. Əsas odu ki, sükan möhkəm əllərdədi. Unutmayaq ki, idman həm də böyük gəlir gətirən sahədi. Cəlilabad, Gəncə və Şəki kimi basketbolda sözünü demiş bölgələrə diqqət artırmalıyıq. Çünki orda əvvəllər də bu ənənələr olub. Bu gün Cəlilabadda basketbola dəstək göstərməyə böyük ehtiyac var. Eləcə də böyük şəhərimiz Lənkəranı demək istərdim. Orda müəyyən uşaq məktəbləri, komandalar var. Əminəm ki, ora yaxşı mütəxəssislər yönəldilsə, 3-4 ildən sonra orda sözün yaxşı mənasında partlayış olar. Cənub bölgəsində ucaboy, fiziki cəhətdən sağlam uşaqlar çoxdu. Basketbol həm də şahmat kimidi, burda oynaya-oynaya düşünməlisən. Ona görə də bizim bölgələrdə bu idman növünü inkişaf etdirməklə sağlam bir gələcək nəsil qazanmış olarıq.
İLKİN SULTANLI
Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb