“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.
Bu dəfə yenə diqqətlərimizi basketbola yönəltmişik. Müsahibimiz basketbolçu Amil Həmzəyevdi. Onun geniş təqdimata ehtiyacı yoxdu. Çünki Həmzəyev Azərbaycanın sayılıb-seçilən idmançılarındandı.
- Amil bəy, müsahiblərimizdən soruşduğumuz ilk sual idmana gəliş tarixçəsiylə bağlı olur. Siz basketbola necə gəldiz? Nə üçün məhz basketbolu seçdiz?
- Mənim basketbola gəlişim qohumlarımın məsləhəti ilə gerçəkləşib. Boyum hündür idi. Biz də Gəncədə yaşayırdıq. Əmimin səhhətində problem yaranmışdı və Bakıdan qohumlarımız ona baş çəkməyə gəlmişdilər. Rimas Kurtinaytisin də Azərbaycanda çalışan vaxtları idi. Ölkəmizdə basketbolun inkişafı ilə bağlı müəyyən işlər aparılırdı, layihələr həyata keçirilirdi. Qohumumuz da idman adamı idi. Məsləhət gördü ki, valideynlərim məni basketbola yönəltsinlər. Mən həmin vaxt Bakıya gələ bilmədim. Şəraitimiz yox idi. Gəncədə “Telekom” basketbol klubunun heyətində, Elçin Süleymanovun rəhbərliyi altında məşq etməyə başladım. İlk məşqçim də elə Elçin müəllim olub. Bir il Gəncədə məşq etdikdən sonra Bakıya gəldim, gənclər yığmasının heyətinə cəlb olundum. Beləcə böyük idmana doğru addımlamağa başladım.

- Bir müddət “Fənərbaxça”nın gənclər komandasında çıxış etmisiz. O günləri necə xatırlayırsız?
- “Fənərbaxça”ya 2007-ci ildə dəvət almışdım. Təəssüflər olsun ki, sənədlərlə bağlı problem yarandı. Türkiyə Cümhuriyyəti vətəndaşı olmadığım üçün sənədlərim düzəlmədi. Həmin vaxtları çox gözəl xatırlayıram. Roberto Karlosun da “Fənərbaxça”da olan vaxtları idi. Onunla məşqə gedəndə rastlaşırdıq. Mənim üçün böyük bir şans idi. Yaxşı mütəxəssislərin nəzarətində, yaxşı idmançılarla birlikdə məşq edirdim. Bəxtimizdən bunu elə də çox davam etdirə bilmədik, amma yenə də yaddaşımızda xoş xatirələr qalıb.
- Hazırda “Gəncə” komandasında çıxış edirsiz. Bu ildən Azərbaycan çempionatı da keçirilir. Çempionatın səviyyəsini, rəqabəti necə qiymətləndirirsiz?
- Bu il sözün əsl mənasında səviyyəli çempionat təşkil olunub. Rəqabət yüksək səviyyədədi. Mövsümün əvvəlində çempionatla bağlı Azərbaycan Basketbol Federasiyasında görüş keçirildi. Məndən Gəncə bölgəsi, Zaur Paşayevdən cənub bölgəsi Lənkəran, Cəlilabad, Astara rayonları üçün fikir soruşuldu, bizi o zonalara yönəltdilər. Çünki həmin bölgələrdən əvvəllər də basketbolçular yetişib. Plan belə idi ki, biz gedək, gənclər də arxamızca gəlsin, basketbolu bölgələrə yayaq. Bununla da basketbolu Azərbaycanda inkişaf etdirək. Hazırda hər şey yaxşıdı. Həm yerli gənclərimiz var, həm də legionerlər çıxış edir. Uzun müddət birinci yerdə getdik, son turlarda bir az zəif çıxış etdik, liderliyi əldən verdik. Düşünürəm ki, iddialarımız davam edəcək, mövsümün sonunda mükafata layiq yerlər tutacıq.
- Basketbolçu olmaq istəyən uşaqlarda hansı keyfiyyətlər olmalıdı? Həmin uşaqlar və onların valideynləri ən çox nəyə diqqət etməlidilər?
- Məlum məsələdi ki, basketbolda boy faktoru var. Cəldlik, çevik olmaq da vacibdi. Amma bir növ basketbol uca boy tələb edir. Valideynlərlə hər bir görüşümüzdə bunu qeyd edirəm ki, hər idmançının təhsilinin olması yaxşı haldı. Komanda idman növlərində idmançının təhsilinin olması böyük rol oynayır. Savadı, İQ səviyyəsi yüksək olan idmançı həm özünə yer tapa bilir, həm də komandasını yaxşı idarə edir. “İdmanla təhsil bir araya sığmır” fikri bizə sovetdən miras qalıb. İndi elə dövrdü ki, evdən belə təhsil almaq mümkün olur. Bunu karantin vaxtı da gördük. İmkan daxilində idmançı təhsilini davam etdirməli, oxumalı, öyrənməlidi. Təhsili atmaq olmaz.
- Sonuncu suallım basketbolumuzun ümumi vəziyyəti ilə bağlıdı. Daha çox hansı problemlər sizi narahat edir?
- Liqa aysberqin görünən tərəfidi. Görünməyən hissə daha böyükdü. O istiqamətdə də federasiyamız iş aparır. Uşaqlar arasında seleksiya işləri aparılır, istedadı ilə fərqlənənlər nəzarəti götürülür. Bu il birinci ildi ki, həmin işlərə başlanılıb. Müəyyən çatışmazlıqların, boşluqların olması gözləniləndi. İdmançı yetişdirmək, xüsusən də komanda idman növündə zaman tələb edir. Bizim basketbolumuza da indi zaman lazımdı. Federasiya səbrlə öz işini davam etdirməlidi. Bu siyasət aparılmalıdı ki, yerli uşaqlar inkişaf etsin. Düzdü, legioner idmançılar hər yerdə var. İndi bizdə əsasən legionerlərin üzərində komandalar qurulur. Yavaş-yavaş elə etmək lazımdı ki, yerlilərin sayı artsın. Uşaq basketbolunun inkişafı bizi o yerə gətirib çıxaracaq ki, komandalarda yerlilərin sayı artmağa başlayacaq. Bizim özümüzün də “Fənərbaxça” basketbol məktəbimiz var. Qardaşımla birlikdə idarə edirik. Orda da valideynlərə deyirik ki, uşaq özünün həkimi olmalıdı. Özünün yatmağına, durmağına, qidalanmasına fikir verməlidi. Hətta məşqdən və oyundan sonra duş alanda lazımınca qurulanmağın özü belə uşaqdan asılıdı. Düzdü, idman fədakarlıq tələb edir. Uşaqlar da, valideynlər də bu fədakarlığa hazır olmalıdı. Gündəlik rejimə əməl etmək, orqanizmi qorumaq mütləqdi. Bu fədakarlıq da idmançını uğura aparır.
İLKİN SULTANLI
Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb