Bu il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən il sentyabrın 29-da imzaladığı Sərəncamla bu il ölkəmizdə ümummilli lider Heydər Əliyevin yubileyi qeyd olunur.
Heydər Əliyev ölkəmizin təkcə siyasi həyatında böyük rol oynamayıb, həm də idmanımızın inkişafında müstəsna xidmətlər göstərib, idmanımıza və idmançılarımıza həmişə xüsusi qayğı ilə yanaşıb. Belə idman növlərindən biri də güləşdi. Budəfəki müsahibimiz yeniyetmələrdən ibarət sərbəst güləş yığmamızın məşqçisi Vahid Məmmədovdu. Onunla söhbətdə həm Heydər Əliyevlə bağlı xatirələrini soruşmuşuq, həm də güləşimizin indiki durumundan, yetirmələri Arif və Namiq Abdullayev qardaşlarından danışmışıq.
- Vahid müəllim, güləşlə tanışlığınız necə başlayıb? Ümumiyyətlə, keçmişə boylananda nələri xatırlayırsız?
- Mən 1955-ci ildə o vaxtkı Nasosnu, indiki Tağıyev qəsəbəsində dünyaya gəlmişəm. Sonradan atamın işi ilə bağlı Qubaya köçmüşük, ordan Siyəzənə gəlmişik. Siyəzəndə birinci sinfə getmişəm. 10 yaşımdan güləşməyə başlamışam. Evin ilk övladı olduğuma görə atam güləşməyimi istəmirdi. Prokuror olmağımı arzulayırdı, amma mən bu yolu seçdim. Siyəzəndə Əkbər müəllimin rəhbərliyi ilə ilk güləş məşqlərini keçmişəm. 1970-ci ildə Bakıya köçdük. Bundan bir il əvvəl Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlamışdı. İndiyə kimi yadımdadı, yeni ili qarşılamazdan əvvəl televiziyada ulu öndərin xalqa təbriki yayınlanırdı. Rəhmətlik anam dedi ki, nəhayət, respublikaya tanınmış bir şəxsiyyət rəhbərlik edəcək. O vaxtlar arzulayırdım ki, nə vaxtsa mənə də qismət olar, belə bir dahi şəxsiyyətlə görüşərəm, onun əlini sıxaram. Beləcə Bakıya köçəndən sonra da “Dinamo” idman cəmiyyətində güləşməyə davam etdim. Əsgərlikdən sonra da sevimli məşğuliyyətimə döndüm. “Papanin”də yaşayırdıq. İndi həmin küçə tələbəm Namiq Məlikovun adını daşıyır. Namiq 1-ci Qarabağ müharibəsinin şəhidlərindəndi. Ümumilikdə yeddi tələbəm şəhidlik zirvəsinə ucalıb. Mən 1982-ci ildən məşqçilik fəaliyyətinə başladım. O vaxt çox ailələr uşağın idmana qoymurdu. Hamı arzulayırdı ki, övladı oxusun, təhsilin arxasınca getsin. 1952-ci ildən sonra idmançılarımız uğur qazanmaqla azərbaycanlıların idmançı kimi böyük potensiala malik olduğunu göstəriblər. İbrahimpaşa Dadaşov, Muxtar Dadaşov ilk cığıraçanlar olub. Musa Babayev bir vaxtlar dörd dəfə SSRİ çempionu adınızı qazanıb. Aydın İbrahimov, Xəzər İsayev kimi fədakar idmançılar bu münasibəti dəyişmək, insanlara idmanı sevindirmək yolunda böyük işlər görüb. Onların qazandığı uğurlar idmana münasibəti dəyişib. Sevinirəm ki, tələbəm Namiq Abdullayev də olimpiya medalı qazanmaqla bu inamın güclənməsinə töhvə verib. O vaxt deyirdilər ki, Namiq təsadüfən medal qazanıb. 2000-ci ildə Namiq Sidney Olimpiadasında növbəti uğurunu qazanmaqla bu uğurun təsadüf olmadığını sübut etdi. Mən də keçmişə boylananda belə tələbələrimi, uğurlarımı görəndə ürəyim açılır, çəkdiyim zəhmətin boşa getmədiyini düşünürəm.
- Söhbət Abdullayev qardaşlarından düşmüşkən, elə onlarla da davam edək...
- Natiq, Arif və Namiq Abdullayev qardaşları üçü də mənim rəhbərliyim altında güləşin sirlərini öyrənirdilər. Onların valideynləri razı deyildi ki, uşaqları güləşlə məşğul olsun. Rəhmətlik atalarını çətinliklə razı saldım. SSRİ-nin dağılmasıyla ölkədə bir çox şey dəyişdi, xeyli istedadlı uşaq idmandan uzaq düşdü. Papanin küçəsindəki məşq zalında mən səhər 8-dən axşam 9-a kimi 180-190 uşaqla məşğul olurdum. Onların da arasından xeyli parlaq idmançı, yüksək nailiyyətlər qazanan güləşçilər çıxdı. Sözsüz, onlardan da ən yüksək nəticə qazanı Namiq Abdullayev idi.

