Məlum olduğu kimi ''Beşiktaş'' son turda öz meydanına aşkar autsayder ''Fatih Karagümrük''lə bacara bilmədi və oyun qolsuz yekunlaşdı.
"Football-plus.az" xəbər verir ki, həmin qarşılaşmada ''ağ-qaralar''ın müdafiəçisi Tyayo Calonun heç bir ciddi səbəb olmadan adının iştirak ərizəsinə salınmaması diqqət çəkmişdi. Portuqaliyalı futbolçu oyun gedə-gedə maraqlı bir paylaşım etmişdi. Həmin paylaşımda ''mən mübarizə aparmağı sevən insanam. Şikayət etmirəm, problemdən bir çıxış yolunu tapıram'' sözləri qeyd olunmuşdu.
Bu arada bu müdafiəçinin Sərgən Yalçının qəzəbinə tuş gəlməsinin səbəbi bəlli olub. Jurnalist Ərgin Aslanın paylaşdığı məlumata görə Calo ötən tur ''Samsunspor''a məğlubiyyətin ardından paltardəyişmə otağında bəzi intizamsız hərəkətlərə yol verib. Bu isə Sərgən Yalçının xoşuna gəlməyib və onların arasında soyuqluq yaranıb.
İstanbul nəhəngi 26 yaşlı futbolçunu ötən yay ''Yuventus''dan 3,5 milyon avroya transfer etmişdi. Klubla 2028-ə qədər müqaviləsi olan Calonun bu olaydan sonra gələcək taleyi maraq doğurur.