1990-cı illərin sonları Türkiyə futbolunda “Qalatasaray”ın hegemonluğu ilə keçmişdi. Amma həmin dönəmdə digər klublarda da iz buraxan futbolçular var idi.
Məsələn, “Fənərbaxça”nın stajlı fanatları indiyə qədər də Cey Cey Okoçanı böyük sevgi ilə xatırlayır. Nigeriyanın dünya futboluna bəxş etdiyi ən böyük ulduzlardan olan Okoça 1996-nın yayında – 23 yaşında, indiki pulla 3,5 milyon avroya “Fənə”ə transfer olunmuşdu. 2 illik dönəmdə 76 oyuna çıxaraq 32 qol, 16 məhsuldar ötürməlik mükəmməl performans sərgiləmişdi.
49 yaşlı Okoça bugünlərdə Türkiyənin “Haber Qlobal” kanalına müsahibəsində həmin illəri xatırlayıb.
- “Fənərbaxça”da cəmi iki il forma geysən də, adını klubun əfsanələri sırasına yazdırmağı bacarmısan. 1996-da “Ayntraxt”dan “Fənərbaxça”ya keçidin necə baş tutdu?
- Franfurtda uzun illər top qovdum. Artıq yeni bir həyəcana ehtiyac duyduğumu hiss edirdim. 1996-cı il mənim üçün uğurlu alınmışdı. Uçe ilə birlikdə Nigeriyanın heyətində olimpiya çempionu olmuşduq. “Fənərbaxça” bizim üçün xüsusi təyyarə göndərmişdi. Həmin təyyarə ilə əvvəlcə İsrailə, ordan da İstanbula yollandıq. Bunun sayəsində Çempionlar Lıqasının təsnifat mərhələsinin matçına yetişə bildim.
- Fanatlar üçün unudulmazlar arasına daxil olsan da, çempionluq sevinci yaşaya bilmədin. Səndə bunun üzüntüsü varmı?
- Bəli, Türkiyə macəramın yeganə üzücü tərəfi budu. Çünki həm komandanı, həm də şəhəri çox sevirdim. Fanatlarımız isə sadəcə, möhtəşəm idi. Çox xoşbəxt idim. Amma bu iki il ərzində çempion ola bilməməyimiz acı xatirə kimi qaldı.
- Xüsusilə də ilk mövsümündə, yəni 1996/97-də bir ara “Qalatasaray”dan 9 xal öndə idiz. Üstəlik onları səfərdə sənin də qol vurduğun derbidə 4:0 hesabıyla məğlub etmişdiz. Həmin çempionluq necə əldən çıxdı?
- Həmin mövsüm əsas problemimiz iddiasız klublarla oyunlarda çox xal itirməyimiz oldu. Məsələn, “İstanbulspor”a qarşı səfər oyunumuzu xatırlayıram. Asan qələbə qazanmalı olduğumuz görüş bərabərliklə başa çatmışdı. Yəni belə nəticələr üzündən çempion ola bilmədik.
Böyük matçları qazanmaq yetərli deyil. Çempionluq təkcə derbilərdəki qələbələr hesabına qazanılmır. Kiçik klublarla oyunlarda da xal itirməməlisən.
- 1996-da “Old Trafford”da qalib gəlmişdiz və “Mançester Yunayted”in avrokuboklarda evdəki 40 illik məğlubiyyətsiz seriyasına son qoymuşduz. Sən də həmin oyunda forma geymişdin. Bu matç xatirəndə necə qalıb?
- O matçı unutmaq mümkün deyil. Təbii ki, hər anını çox gözəl xatırlayıram. ÇL-in qrup mərhələsinin oyunu idi. Öz meydanımızda onlara uduzmuşduq. İngiltərədə də bizi rahatlıqla yenəcəklərini düşünürdülər. Amma səviyyəmizi göstərdik və Boliçin qolu ilə qalib gəldik. Bu, mənim üçün unudulmaz oyunlar siyahısındadı.
- Sən eyni zamanda Türkiyə vətəndaşısan. “Fənər”ə gəldikdən bir müddət sonra vətəndaşlığı qəbul etdin. Bu, necə baş verdi? Muhammed Yavuz adını hardan götürdün?
- Türkiyədə keçirdiyim 2 il mənim üçün çox gözəl bir dönəm oldu. Özümə qarşı böyük bir sevgi hiss edirdim. Belə təklif gələn kimi düşünmədən razılaşdım. Düzdü, dinimi dəyişmək istəmədim. Amma müsəlmanların “Məhəmməd” adını çox sevdikləri üçün bu adı seçdim. Müqəddəs və dəyərli adlardan biri sayılır. O vaxt bazamızın müdirinin adı Yavuz idi. Çox simpatik insan idi. Bizi tez-tez güldürür, əhval-ruhiyyəmizi qaldırırdı. Onu da xəbərdar edərək “Yavuz” soyadını götürdüm. Bu üzdən “Məhəmməd Yavuz” adını götürdüm.
- “Fənərbaxça” ilə bağlı unudulmaz anın varmı? Başqan Əli Şənlə və Lazaroni, Veselinoviç, Otto Bariç kimi məşqçilərlə çalışmısan. Ən yaxşı anlaşdığın məşqçi kim idi?
- Bəli, maraqlı anlarım çoxdu. İlk oyunuma çıxdıqda fanatlarımız “Cey Cey bura” deyərək qışqırmağa başladılar. Yumruq şousu etməyimi istədilər. Təbii ki, çox təəccüblənmişdim. Bunun nə demək olduğunu bilmirdim.
Digər oyunçular mənə “tribunanın önünə get və fanatlarla bütünləş” dedilər. Ən gözəl anlarımdan biridi. Başqa ölkələrin heç birində belə şey yoxdu. Əli Şənə gəlincə, karyeramda klubunu bu qədər çox sevən başqa prezident görmədim. Sanki başqan yox, adi bir azarkeş idi. Bu özəlliyi çox diqqətimi çəkmişdi. Paltardəyişmə otağında gözəl ab-hava var idi. Komanda yoldaşlarımla tez-tez zarafatlaşırdıq. Qeyd etdiyiniz məşqçilərin hamısı ilə yaxşı anlaşırdım. Ümumiyyətlə, mən işimə peşəkar yanaşırdım və həmişə meydanda potensialımın 100 faizini sərgiləməyə çalışırdım. Ona görə də məşqçilərlə heç vaxt problemim olmurdu.
- Birlikdə oynadığın isimlərdən hələ də ünsiyyətdə olduğun varmı?
- Mən ürəyi istəyəni edən, ünsiyyət qurmağı xoşlayan insanam. Məşqlərdə komanda yolaşlarımla da bu cür idim. Düzdü, bəzi oyunçularla dil problemi üzündən istədiyim səviyyədə anlaşa bilmirdim. Ən yaxın dostum, təbii ki, Uçe idi. Mənə qardaş kimi idi. Məhz onun sayəsində “Fənərbaxça”ya gəlmişdim. Yığmanın düşərgəsində məni Türkiyədə oynamağa razı salmışdı. Rüştü Rəçbər bizim kapitanımız idi. Onunla yaxşı münasibətdə idik. Saffet Akbaş, İlkər Yağcıoğlu da hər zaman qəlbimdədi.
- Necə düşünürsən, səndən sonrakı dönəmdə “Fənərbaxça”da “10” nömrəli forma ilə ən yaxşı performans sərgiləyən kim oldu? Hazırda gənc Arda Gülər bu mömrə ilə oynayır. Onun haqda fikirlərin necədi?
- Məncə, bu nömrə ilə oynayanların hamısı yaxşı performans sərgiləyib. Məsut Özil öz dönəminin ən yaxşı oyunçularından idi. Dünya səviyyəli ulduz idi. Amma “Fənərbaxça”ya gəlməmişdən öncə “Arsenal”da, demək olar, bir il normal futbol oynamamışdı. Bu da onun üçün problem yaratdı. Tuncay Şanlı, Aleks De Souza, Van Persi kimi isimlər iz buraxmağı bacardılar. Bu siyahıya Appyanı da əlavə edə bilərəm.
Əslində bu suala fanatların cavab verməsi daha məntiqli olar. Onlar üçün Aleks zirvədədi. Aleksin Türkiyədə həm uzun illər oynaması, həm də çempionluqlar yaşaması ona əlavə üstünlüklər verdi. Arda Gülərə gəlincə, indiyə qədər onun bir neçə matçını izləmişəm. Yaşına görə mükəmməl oyunçudu. Amma təbii ki, hələ qət etməli olduğu yol çox böyükdü. Ona yalnız bir şey məsləhət görə bilərəm ki, dayanmadan üzərində çalışsın. Bir də bir oyun bitdikdən sonra onu unudub növbəyi qarşılaşmaya köklənsin. Çünki hər oyun yeni bir mübarizə və yeni bir çağırışdı. Avropaya yollanmağa üstünlük versə, səviyyəsini bir qədər də artıracaq.
- O dönəmdə Türkiyə rekordunu qıraraq 16 milyon dollara PSJ-yə transfer olundun...
- Mənim üçün çətin qərar idi. Üzülərək ayrıldım. Çünki “Fənərbaxça”da xoşbəxt idim və hər şey məni qane edirdi. Üstəlik həyat yoldaşımla məhz Türkiyədə evlənmişdim. O, hamilə idi və qısa müddət ərzində uşağımız olmalıydı. DÇ-1998-ə yollananda Türkiyədən ayrılacağımı heç ağlıma da gətirmirdim.
Turnir bizim üçün başa çatandan dərhal sonra PSJ-dən təklif gəldi. Artıq prezident Əziz Yıldırım idi. Məni komandada saxlamaq istəyirdi. Hətta PSJ ilə danışıqlar üçün görüşə də gəlmədi. Həqiqətən çətin bir dönəm oldu. Amma sonda bu təklifi dəyərləndirmək və “Fənərbaxça”ya böyük pullar qazandırmaq istədim.
- Sənin adın gələndə ilk növbədə başgicəlləndirici fəndlərin və cərimə zərbələrin yada düşür. Sənin kimi bir istedadın müasir futbolda dəyəri nə qədər olardı?
- Bəlkə də 1 milyard (gülür). Bu yaxınlarda “Çelsi” Portuqaliya klubunda oynayan bir dayaq yarımmüdafiəçisi üçün 106 milyon funt sterlinq ödədi (Entso Fernandesi nəzərdə tutur – red.). Bu məntiqlə mənim dəyərim ən azı 150 milyon avro civarında olardı. Çünki aldadıcı fəndlərimi, məhsuldar ötürmələrimi, qollarımı hamı bilir. Dünya futbolunda artıq çox böyük pullar dövr edir. İndi mənim səviyyəmdəki futbolçuların dəyəri məhz bu qədərdi.
- Məsut Özil müsahibəsində etiraf etmişdi ki, uşaq vaxtı küçədə top qovarkən üzərində sənin adın qeyd olunmuş “Fənərbaxça” forması geyirdi və səni ideallarından biri adlandırmışdı. Bu haqda nə deyərdin?
- Az öncə də dediyim kimi mənim üçün Məsut öz dönəminin ən güclü futbolçularından biridi. Əla karyeraya malik oldu. Gənc oyunçuların örnək ala biləcəyi oyunçudu. Bəxt də önəmlidi. “Fənərbaxça”ya bir qədər uğursuz vaxtda gəldi. Amma bu, onun karyerasına kölgə salmamalıdı.
Bir türk olaraq Almaniya yığmasının heyətində böyük uğurlar qazandı. “Real” və “Arsenal” kimi böyük klublarda oynadı. Bütün bunlarla yanaşı, həm də əla xarakterə sahibdi.
- Türkiyə futbolunu və superliqanı izləyirsənmi?
- Bəli. “Qalatasaray”ın xal itirəcəyinə inanıram. Son matçda “Fənərbaxça” səfərdə “Qalatasaray”la qarşılaşacaq. Ümid edirəm ki, “Fənər” derbiyə çıxarkən çempionluq şansını davam etdirəcək. Hələ heç nə itirilməyib. Sadəcə, komanda öz oyunlarını qazanmalıdı. 5 xallıq fərq var və bunu azaltmaq mümkündü.
- Nə vaxtsa “Fənərbaxça”da çalışmaq istərdinmi?
- Bu, mənim üçün evimə qayıtmaq kimi bir şey olar. Fürsət düşsə, təbii ki, çalışmaq istəyərəm.
ƏLİ RAUFOĞLU hazırladı