1-ci liqaya vəsiqə uğrunda pley-off matçında "Qaradağ Lökbatan" “Şimal”a uduzdu - 1:2.
Matçdan sonra paytaxt təmsilçisinin baş məşqçisi Qəzənfər Abbasovun mətbuat konfransı keçirildi.
- Rəqibi təbrik edirəm. Matça istədiyiniz kimi başladıq. İstədiyimizi alındırmışdıq. Qol vurduqdan sonra gələn rahatlama rəqibə fürsət verdi. Hesab bərabərləşəndən sonra rəqib üstünlüyü ələ aldı. 1-ci liqa ilə 2-ci liqa arasında fərq böyükdü. Rəqib daha güclü komandalara qarşı oynayıb. Rəqibin oyunçuları fiziki cəhətdən də bunu göstərdi. 80-ci dəqiqədə üstünlüyü ələ aldılar. “Şimal”ı təbrik edirəm.
- 2-ci liqada yaxşı performans göstərsəniz də, bu matçdan sonra yenidən komandanı yığmaq çətin olacaq. Fiziki baxımdan oyunçuların zəif olduğunu dediniz. Lakin 90-cı dəqiqələrdə bir çox epizod oldu...
- Düzdü, bu pisixoloji ola bilər, lakin rəqib müdafiədə olduğu an biz ilk qolu vurduq. Fiziki cəhətdən zəiflik özünü göstərdi. Bizim üçün belə vəziyyətlər çox olub. Son dəqiqələrdə qol vurub önə keçmişik. Lakin pisixoloji və fiziki çatışmazlıq bizi məğlub etdi. Mən komandaya gələndə məqsəd 1-ci liqaya çıxmaq idi. Alınmadı. Bundan sonra nə olacağını bilmirəm. Komandada qalıb qalmayacağımı bilmirəm. Mənə verilən tapşırığı yerinə yetirə bilmədim.
- Sabir Abdullayev kimi artıq çəkidə olan futbolçunu matça salmaq nə qədər doğrudu? Son dəqiqədə əvəzetmə etmək istəyirdiniz. Düşünürdünüz ki, matça daxil olan oyunçu hesabı bərabərləşdirəcək?
- Deşünürdüm ki, vurduğumuz qoldan sonra sistemi dəyişək. Sabir öndə topu saxlaya bilsin. Əks-hücum üçün şərait yaratsın. Sona 10 dəqiqə qalmış əvəzetmə etdik. Bu məqsədyönlü addım idi. Sabirdə artıq çəki olsa da, təcrübəsi sayəsində bizə çox köməyi olub.
- Komandaya yeni oyunçuların cəlb olunmasını düşünürsünüzmü?
- İlk öncə 1-ci liqaya çıxmaq lazim idi. Mən bunu bacarmadım. Bundan sonra nə olacağını bilmirəm. Klub mənimlə davam etsə, o zaman bu mövsüm olan çətinlikləri aradan götürəcəm. Mənə görə artıq hər şey bitib.
- Rəqib komandada legionerlərin olması matça nə qədər təsir etdi?
- Rəqibin bir neçə legioner futbolçusunun olmasının yox, komandanın fiziki cəhətdən güclü olması bizə təsir etdi. Bizim yerli oyunçularda yaxşı oynadı. Təkbətək mübarizədə məğlub olduq.