Xəbər verdiyimiz kimi Paolo Maldini bu günlərdə Türkiyəyə gələrək ''Fənərbaxça''nın prezidentliyə namizədlərindən olan Hakan Safi ilə görüş keçirib.
İtaliya futbolunun və ''Milan''ın unudulmaz isimlərindən olan Maldini bu görüşün və Türkiyə səfərinin detalları ilə bağlı ''Sabah Spor''a açıqlamalar verib. Safi prezident seçkilərində qalib gəlsə, 57 yaşlı Maldini ''Fənər''in yeni idman direktoru olacaq. Sözü verək Maldiniyə.
* Hakan Safi ilə yaxın dostluğumuz var. Tez-tez futbolla bağlı müzakirələr aparırıq. Futbol dünyasında hər kəs mənim ''Milan''a bağlılığımı bilir. Hakan bəy ''Milan''ın tarixində oynadığım roldan yaxşı mənada heyrətə gəlib və son dönəmdə orda yönətici kimi gördüyüm işləri bəyəndiyini söyləyib. ''Fənərbaxça'' üçün beynində ideal bir model hazırlayır. Bəzi futbol adamları kimi mənimlə də bu haqda söhbət etdi.
* Futbolçu olduğum dönəmdə ''Fənərbaxça'' ilə üz-üzə gəlmişdik. O dönəmdən bəri tanıdığım bir klubdu. Köklü camiədi və ''Milan'' ilə bənzər nöqtələri var. Çox atəşli və coşqulu fanatlara sahib olduqlarını bilirəm. Hakan bəy fanatların gözləntilərini mənə anlatdı. Onlar dominant, hücumameyilli futbol izləmək istəyirlər. Hakan bəy ilə söhbətdən sonra düzgün layihəni inşa edə bilmək üçün ''Fənərbaxça''nı daha yaxından təqib etməyə başladım.
* ''Fənərbaxça'' güclü klub olsa da, uzun müddətdi, çempion ola bilmir. Bu, ''Milan''da bizim də başımıza gəlmişdi. Belə hallarda ilk növbədə heyəti yeni səviyyəyə daşımaq lazımdı. Bunu Hakan bəyə də anlatdım. Bir il ərzində çempion ola biləcək heyət qurmağa çalışarkən eyni zamanda sağlam bir onurğa da inşa etmək, sabit uğurlara doğru irəliləmək lazımdı. Hiss etdim ki, Hakan Safi ''Fənərbaxça'' üçün çox qərarlı addımlar atmağa hazırdı. Bu, klub üçün çox dəyərlidi.
* Superliqa son illərdə irəliyə doğru mühüm addım atıb. Çox önəmli, güclü karyeraya malik futbolçular transfer edilib. Məni ən çox təəccübləndirən məqam potensialı yüksək olan gənc isimlərin də transfer edilməsidi. Rəqabət gücü çox yüksək olan çempionatınız var. Türkiyə yığması da mühüm işlər görür. Dünya çempionatına rəng qatan komandalardan biri olacaq.
* İstanbulda əla zaman keçirdim. Həqiqətən gözəl şəhərdi. Hakan bəy ilə bir çox mövzunu ətraflı şəkildə müzakirə etdik. Futbol, qalib ruhu və təbii ki, ''Fənərbaxça''nın gələcəyi haqda fikir mübadiləsi apardıq. Əminəm ki, qarşıdakı dönəmlərdə onunla yenidən bir araya gələcəyik və futbolla bağlı müzakirələr aparmaqda davam edəcəyik.
* Dünya Çempionatı üçün favoritim kimdi? Adətən favoritlər eyni ölkələr olur. Məncə, bu turnirdə Afrikadan və ya Şimali Avropadan bir ölkə sürpriz edə bilər. Məsələn, Norveçi qeyd etmək olar. Ancaq Fransa, Argentina və yaxın dostum Karlo Ançelottinin çalışdırdığı Braziliya fikrimcə, digərlərindən bir addım öndədi.