“Napoli” bu mövsüm Luçano Spallettinin başçılığı altında elə oyun sərgiləyir ki, bu komandanı artıq Çempionlar Liqasının gizli favoriti sayanlar da az deyil.
Football-plus.az xəbər verir ki, neapollular A seriyası kimi çətin turnirdə son 19 oyunun 18-də qalib gəliblər və 22 turdan sonra ən yaxın rəqibi 15 xal qabaqlayırlar! Komanda ÇL-də də inamla yoluna davam edir. “Napoli”də bu mövsüm fanatların böyük sevgisini qazanan və mükəmməl məhsuldarlıq sərgiləyən Viktor Osimhen komandasının uğurunda böyük pas sahibidi. Son 6 rəsmi matçın heç birində meydanı qolsuz tərk etməyən 24 yaşlı nigeriyalı forvard bu mövsüm 24 rəsmi oyunda 20 qol, 3 məhsuldar ötürməlik mükəmməl performans sərgiləyib. Peşəkar karyerasında 198 oyunda 101 qol vuran bu istedadlı forvardla yaxından tanış olmağın vaxtıdı.
“Pulu bir yerə toplayıb böyük bacıma verirdik”
Nigeriyada “Olusosun” adlanan bir zibillik var. Bura dünyada ən böyüklərdən biri, Afrika qitəsində isə ən böyük zibilxanadı. Hər gün bu əraziyə 10 min tona yaxın zibil tökülür. Tullantılardan bəziləri kimyəvi vasitələrlə təmizlənərək təkrar emal üçün istifadə olunur. Orda havanın necə çirkli və zəhərli olduğunu özünüz təsəvvür edin. Təxminən 20 il öncə “Olusosun” Laqos şəhərinin kənarında yerləşirdi. Amma o vaxtdan bu yana Laqos və onun ətrafında yaşayan insanların sayı 3 dəfə artaraq 21 milyona çatıb. Hazırda Laqos ölkənin ən böyük şəhəri sayılır. İndi “Olusosun” şəhərin düz mərkəzində yerləşir. Onun ətrafında minlərlə ev var. Onlara heç ev demək də düzgün deyil. Qəhrəmamımız məhz burda və belə şəraitdə böyüyüb!
Bu yerdə sözü Osimhenin özünə verək:
“Mən böyüdüyüm yerdə nə ümid var, nə də arzu. Orda heç kim heç nəyə ümid etmir. Futbol normal həyat üçün mənim və ailəmin yeganə çıxış yolu oldu. O vaxt qonşularımızdan Osimhen ailəsi üçün nə gözlədiklərini soruşsaydız, sizə deyərdilər ki, yaxşı heç nə gözləmirlər. Şadam ki, hər şey məhz belə alındı. Oralarda möhkəm olmağı və özümə güvənməyi öyrəndim. Atama necə çətin olduğunu hər gün görürdüm. Evi çox tez tərk edib ona pul qazanmağa yardım etməyə başladım. Ağlınıza gələn nə iş varsa, hamısını edirdim! Ot biçir, qonşulara su aparır, onların göstərişlərini yerinə yetirirdim. Uşaqlığımda mənim xoşuma gələn heç nə yox idi”.
Viktor 6 yaşında anasını itirdi. 3 aydan sonra polis idarəsində işləyən atası işdən qovuldu. Ona görə 7 uşaqlı ailədə hamı, hətta ən kiçik olan Viktor da işləməyə başladı:
“Anamı oktyabrda itirdim. O qədər balaca idim ki, bunun hansı ildə baş verdiyini də yadımda saxlamamışdım. 3 aydan sonra atam işsiz qaldı və ailəmizin çətin günləri başladı. Qardaşım idman qəzetləri, bacım apelsin satırdı. Mən isə şüşəyə su doldurub küçədə satırdım. Çünki həyatdan yapışmaq üçün nəsə etməliydik. Axşamlar hamımız bir masa arxasına toplaşırdıq. Hər kəs qazandığı pulu masanın üzərinə qoyurdu. Pulu bir yerə toplayıb böyük bacıma verirdik. Bizə yeməyi məhz o hazırlayırdı. Özümü dərk edəndən mübarizə aparmaq həmişə həyatımın ayrılmaz hissəsi olub. Bəlkə də indi nail olduqlarıma məhz bunun sayəsində çatmışam”.
“Hər cümə buts axtarmaq üçün zibilliyə gedirdik”
Viktor təkcə su satmaqla kifayətlənmirdi. O, kanalizasiya təmizləyir, qonşulara evləri yığşdırmağa kömək edir və onların başqa tapşırıqlarını da edirdi:
“20 nayraya kanalizasiya təmizləyirdimsə, 80 nayra qarşılığında qonşulara su aparırdım. Yoldan keçən maşnalara da su satırdım. Tez-tez maşınların arxasınca qaçmalı olurdum. Məni ilhamlandıran Didye Droqba, Odion İqalo, Obi Mikel kimi futbolçular olub. Böyüdüyüm ərazidə insanlar az qala zibilliyin içində yaşayırdılar. Hər cümə günü dostlarımla ora gedib buts axtarmağa başlayırdıq. Orda saatlarla vaxt keçirirdik. Çox maraqlı idi və bunu bir oyun kimi qəbul edirdik. İndi xatırladıqda isə başa düşürəm ki, bu, mübarizə idi. Bir də görürdün ki, “Nayk”a aid buts tapırdım. Amma yalnız sağ ayaq üçün. Sonra sol ayaq üçün axtarmağa başlayırdım və bu dəfə “Ribok”dan nəsə tapırdım. Aparıb bacıma verirdim. O da deşiklərini tuturdu. Sonra onları ayağıma geydikdə dünyanın ən xoşbəxt insanına çevrilirdim”. Ailənin necə kasıb yaşadığını ətrafda çoxları bilirdi. Osimhenin uşaq turnirlərindəki rəqibləri hətta bu məqamdan faydalanırdılar. O, “Frans Futbol”a verdiyi müsahibədə bunları demişdi: “Bir dəfə rəqib komandada oynayan oğlan oyunun gedişində mənə yaxınlaşaraq evimizdə pul olmadığını və atamın onun anasından pul istədiyini dedi. O qədər üzüldüm ki, oyunun gedişində ağlamağa başladım. Ümumiyyətlə, uşaq vaxtı tez-tez ağlayırdım. Kirayə qaldığımız evin yiyəsi hər dəfə gəlib atamdan və bacımdan pul tələb edəndə əsəbləşirdim. Amma heç nə edə bilmirdim. Bir küncdə gizlənib ağlayırdım və kömək etməsi üçün Tanrıya yalvarırdım”.
Viktorun 9,5 yaşı olanda Moskvada keçirilən “Mançester Yunayted”lə “Çelsi” arasındakı ÇL-in finalını izləyibmiş. Futbolçu olacağını da məhz həmin vaxt anlayıbmış:
“Komandalardan heç birinə azarkeşlik etmirdim. Amma nədənsə Terri penaltini qaçırdıqda elə əsəbləşdim ki, yerimdən qalxıb bardan çölə qaçmaq istədim. Həmin an hansısa qadın içəri daxil olaraq qapını açdı. Qapı sifətimə elə dəydi ki, aləmi qan bürüdü. Qaşıma bir neçə tikiş qoyuldu. Həmin an düşündüm ki, futbola olan bu cür marağımdan sonra peşəkar fubolçu olmamağa haqqım yoxdu”.
Dönüş anı
Osimhenin futbola gəlişinin əsası “Ultimate Strikers” akademiyasının üzvlərinin təsadüfən küçədə onun oyununu görməsi ilə başladı: “Atam həkim olmağımı istəyirdi. Amma uşaq yaşlarımdan yalnız top haqda düşünürdüm. Çünki top mənə həyatda xoşbəxtlik bəxş edən yeganə şey idi. Topla oynadıqda qısa müddət də olsa, ətrafımda başverənləri unudurdum. Hətta Nigeriyanın küçələrində ayaqyalın topla oynadıqda da bundan zövq alırdım”. Osimhenin ulduzu 2015-ci ildə - 17 yaşa qədər oyunçular arasında dünya çempionatında parladı. Həmin vaxt Nigeriyanın başında “Barselona”nın sabiq oyunçusu Emmanuel Amuneke dayanmışdı və o, 16 yaşlı forvarda güvənmək qərarına gəldi. Osimhen ümidləri boşa çıxarmadı, Nigeriyanın çempion olduğu turniri 7 oyun, 10 qol, 2 məhsuldar ötürmə göstəriciləri ilə tamamladı. Viktor böyük fərqlə turnirin bombardiri oldu. Amma turnirin ən yaxşı oyunçusu seçimində komanda yoldaşı Keleçi Nvakalidən (hazırda sequnda təmsilçisi “Ponferradina”da top qovur – red.) geri qaldı:
“Hər bir oyunçunun karyerasında dönüş anı var. Mən də o turnirdən sonra başa düşdüm ki, tezliklə Avropa klublarından birinə keçəcəm. Çünki oyunumu nəhəng klubların skautları izləyirdi. Amma tələsmək istəmirdim. Pillə-pillə inkişaf etmək arzusundaydım. Ona görə də “Volfsburq”u seçdim”. 2017-nin yanvarında “Volfsburq”a keçərkən onun 18 yaşı yenicə tamam olmuşdu və Osimhen yalnız ailəsi barədə düşünürdü: “Volfsburq”un mənə verdiyi imza parası ilə özümə heç nə almadım. Dərhal atama Laqosda bir ev aldım. Qardaşlarıma və bacılarıma da pul göndərdim. İndi onların işləri yaxşıdı və öz biznesləri var. Şadam ki, onların da həyatı qaydasına düşüb. Həmişə mənə dəstək olublar və yardım ediblər. Ona görə də ən birinci onların həyatını dəyişmək arzusunda olmağım normaldı”.
Uğursuz Almaniya təcrübəsi
Amma Almaniyada işlər qaydasında getmədi. “Volfsburq”da keçirdiyi ilyarımda o, cəmi 16 rəsmi oyuna çıxdı və bunların heç birində fərqlənə bilmədi: “Mənə çox çətin idi. Atam və qardaşım bir neçə ay mənimlə qaldıqdan sonra Nigeriyaya qayıtdılar. Hər dəfə məşqdən bomboş evə qayıdırdım. Özümü çox tənha hiss edirdim. Öyrəşmədiyim həyat, öyrəşmədiyim yeməklər və anlamadığım dil işimi bir qədər də çətinləşdirdi”. Klub özü də qeyri-sabit çıxış edirdi. Osimhen ilyarım ərzində 4 fərqli məşqçi ilə işlədi. Komanda aşağı pillələrdə var-gəl edirdi. Zədələr də mane olurdu. Viktor diz qapağı yırtığı, baldır əzələsi və çiynindən aldığı zədələr üzündən bir neçə ay futbolsuz qaldı. “Volfsburq”un sabiq idman direktoru Yorq Şmadtke etiraf edir ki, rəhbərlik onun qarşısına yüksək səviyyəli forvard tapmaq hədəfi qoymuşdu. Çünki onların fikrincə, heyətdə olan forvardlardan heç bir işə yaramırdılar. Şmadtkenin fikrincə, Osimhenin satışı yanlış qərar idi və ona daha bir müddət şans verilməli idi.
“Bu insanlara haqsız olduqlarını sübut etdim”
2018-in yay tətilini vətənində keçirən Osimhen malyariya xəstəliyinə yoluxdu:
“Almaniyaya qayıtdıqdan sonra məni ikihəftəliyə karantinə aldılar və sonra da dedilər ki, artıq xidmətimə ehtiyac duyulmur. Onlardan məni istənilən kluba icarəyə vermələrini xahiş etdim. Hətta 3-4-cü divizionlarda da oynamağa razı idim. Mən yalnız futbol oynamaq istəyirdim”. Xəstəlikdən sonra Viktor fiziki cəhətdən o qədər zəiflədi ki, hətta “Brügge” və “Sulte-Varegem”də tibbi müayinədən də keçə bilmədi. “Şarlerua” isə ondakı potensialı hiss edərək riskə getdi və futbolçunu icarəyə götürdü. Osimhen bu kluba minnətdarlığını 36 oyuna vurduğu 20 qolla bildirdi: “Şarlerua”dakı uğurlu performansım məni ən çox ona görə sevindirdi ki, məndən üz döndərən insanlara onların haqsız olduğunu sübut etdim. Onlara qalib gəldim. Buna görə də Tanrıya minnətdaram. Bu səviyyəyə çatmasaydım, həmin insalar hələ də mənə yuxarıdan aşağı baxmaqda davam edəcəkdilər. Amma onların payını artıqlamasıyla verdim!”
Təbii ki, belə uğurlu mövsümdən sonra “Şarlerua” 3,5 milyon avro ödəyərək onu daimi əsasda transfer etdi və elə həmin yay da 12 milyon avroya “Lill”ə satdı. Həmin vaxt “Şarlerua”nın direktoru Mehdi Bayat bunları demişdi: “Bundan da sərfəli təkliflərimiz var idi. Amma Viktor özü “Lill”ə üstünlük verdi. “Şarlerua” kimi “Lill” də onun üçün növbəti bir pillədi. Fikrimcə, fransızlar yaxın müddətdə onu rekord məbləğə satacaqlar. Osimhen Pepenin də rekordunu yeniləyəcək”. Demək olar ki, hər şey bu cür də oldu. Osimhen “Lill”də bir mövsüm ərzində 38 rəsmi oyunda 18 qol, 6 məhsuldar ötürməlik performans ortaya qoyaraq 2020-nin yayında Neapola yollandı. Mehdi Bayatın yalnız bir proqnozu düz çıxmadı. “Napoli”yə 75 milyon avroya keçən Osimhen Pepenin rekordunu qıra bilmədi. Pepe 2019-un yayında “Lill”dən “Arsenal”a 80 milyon avroya keçmişdi.
Osimhen 2016-da verdiyi müsahibədə bunları demişdi:
“Çox təəssüf ki, anam uğurlarımı görmədi. O, çəkdiyi əziyyətin qarşılığını almadan getdi. Bunu xatırlayanda üzülürəm. İnanıram ki, anam mənim daxilimdə yaşayır. Atamın sağ olmasına isə sevinirəm. İndi əsas faydanı o görür”. “Napoli”yə transfer olunmamışdan bir neçə ay öncə Osimhen atasını da itirdi. Bu transfer baş tutduqdan sonra isə o, “tvitter”də qısaca bunları yazdı: “Anam və atam mənimlə fəxr edir”.