Almaniya çempionatının həvəskarlarını həftəsonu turnir cədvəli baxımından olduqca maraqlı bir qarşılaşma gözləyir.
36 xalla 4-cü pillədə qərarlaşan “Leyptsiq” 39 xalla 2-ci pillədə qərarlaşan “Union”u qəbul edəcək. Bu oyun ərəfəsində “Leyptsiq”in düşərgəsindən maraqlı bir xəbər gəlib. Komandanın vitse-kapitanı və aparıcı müdafiəçisi Villi Orban böyük ehtimalla oyunu buraxacaq. O, bu həftə komanda ilə məşq etməyib. Amma səbəb heç də zədə ilə bağlı deyil. Macarıstan yığmasının üzvü, sadəcə, başqa bir insanın həyatını xilas etməyə hazırlaşır!
30 yaşlı müdafiəçi hələ 6 il öncə - 2017-də beyin sümüyü donorlarının reyestrində qeydiyyatdan keçmişdi. Məhz elə həmin dönəmdə “Leyptsiq” bununla bağlı kampaniyaya start vermişdi. Bir müddət öncə məlum oldu ki, qan xərçəngindən əziyyət çəkən bir nəfərə təcili Orbanın köməyi lazımdı. Klubdan verilən məlumatda qeyd olundu ki, əməliyyat fevralın 8-də Drezdendə keçirilməlidi. Yəni artıq başa çatıb. Orban periferik qanın kök hüceyrələrinin donoru rolunu oynadı. Bu prosedur 90 faiz hallarda xəstəyə sağalmağa yardım edir. Qalan 10 faiz halda, adətən, sümük iliyi çıxarılır.
Maraqlıdı ki, kök hüceyrələrin sayını artırmaq üçün ötən həftənin şənbə günündən başlayaraq Orbanın bədəninə xüsusi inyeksiyalar yeridilmişdi. Bazar günü o, məşqə çıxsa da, yalnız fərdi proqram üzrə məşq edə bildi. Futbolçu məsələ ilə bağlı mətbuata bunları deyib: “Düzünü desəm, donor ola biləcəyimlə bağlı xəbəri eşidəndə bir qədər təəccübləndim. Günləri saymağa başladım. Əməliyyatın mümkün qədər tez baş tutmasını istəyirdim. Çünki başqa bir insanın həyatını xilas etmək imkanım var. Özü də bunun üçün məndən o qədər də ciddi bir şey tələb olunmur. İnanıram ki, həmin şəxsə tam sağlam həyata qayıda bilməyə yardım edəcəm. Düzdü, çox güman, “Union”la oyunu qurban verməli olacam. Amma ortada insan taleyi həll olunursa, futbol arxa plana keçir. Ümid edirəm ki, bu addımımla başqa insanları da donor olmaq üçün ruhlandıracam”.
Aydın olması üçün daha sadə sözlərdən istifadə edək. Orqanizmdə qan hüceyrələrinin hamısı məhz kök hüceyrədən formalaşır. Donor tapıldıqda həmin şəxsdən həmin hüceyrələri götürüb müalicəyə ehtiyacı olan şəxsin bədəninə yeridirlər. Bunun sayəsində xəstənin bədənində “xərçəng” üzündən zədələnmiş hüceyrələrin əvəzinə yeni qan hüceyrələri formalaşır. Bu prosesin nöqtə-vergülünə qədər necə keçdiyini bilmək üçün “Memorial Sloan Kettering” mərkəzinin saytına daxil ola bilərsiz. Qan xüsusi cihazdan keçirilir və bunun sayəsində kök hüceyrələr ondan ayrılır. Maraqlıdı ki, bu proses zamanı insan çox rahat şəkildə telefondan istifadə edə, kitab oxuya və ya televizora baxa bilər. Bundan sonra donorun bir neçə saat ərzində iynə vurulan yerlərinin üstü örtülü qalmalıdı. Normal həyata elə həmin gün qayıtmaq mümkündü. Amma fiziki işlər görmək üçün həkimin icazəsi olmalıdı. Donorun orqanizmi 2-3 ay ərzində ondan götürülən kök hüceyrələri özü bərpa edir!
Qeyd edək ki, Orban 2015-ci ildən komandadadı. O, “Leyptsiq”in qısa tarixində oyun sayına görə 4-cü pillədə qərarlaşıb. Bu mövsüm mərkəz müdafiəçisi geridə qalan 19 turun hamısında əvəzlənmədən meydanda olmuşdu. Bu yaxınlarda Almaniyada buna bənzər daha bir hadisə baş vermişdi. “Karlsrue”nin müdafiəçisi Marsel Franke də donor olmağa razılıq verdiyi üçün oktyabrın 15-də “Darmştadt”a qarşı 2-ci bundesliqa matçını buraxmalı olmuşdu. Amma o, bundan cəmi 4 gün sonra keçirilən və 120 dəqiqə davam edən kubok oyununda əvvəldən sona qədər meydanda oldu. Ona görə də əminliklə söyləmək olar ki, Orban fevralın 22-də Çempionlar Liqasının pley-offunda “Mançester Siti”yə qarşı oyunda meydanda olacaq.